.jpg)
Rusiyanın Təhlükəsizlik Şurası Şimali Qafqazda yenidən sui-qəsdçi hücumlar taktikasına qayıdılması tendensiyasının mümkünlüyünü bəyan edib. Təhlükəsizlik Şurası katibinin müavini Vladimir Bulavin "İzvestiya" qəzetinə bildirib ki, 2009-cu ildə qarşısı alınmış terror aktlarının dörddə biri məhz sui-qəsdçilər tərəfindən hazırlanıb.
Məmur açıq bildirib ki, silahlı mübarizə aparan dəstələr yenilənir, bura yeni insanlar cəlb olunur. Onun zənnincə, bu işi "qidalandıran" amillər işsizlik, korrupsiya, mütəşəkkil cinayətkarlıqdır.
Qeyd edək ki, bu məsələdə Rusiya tez-tez Gürcüstanı da ittiham edir. Məsələn, bundan əvvəl Rusiya daxili işlər nazirinin müavini Arkadi Yedelev bildirib ki, Gürcüstan ərazisindəki hərbi bazalarda əcnəbi təlimatçılar Rusiyada terror aktlarının həyata keçirilməsi üçün terrorçu hazırlayır. Nazir müavininin sözlərinə görə, Gürcüstanda hazırlanan terrorçular Şimali Osetiya, İnquşetiya, Dağıstan, Çeçenistan, Kabirdin-Balkar, Qaraçay-Çərkəs bölgələrində vəziyyəti gərginləşdirməyi planlaşdırır. O, Şimali Osetiyada keçirilən müşavirədə hüquq-mühafizə orqanlarını diqqətli olmağa çağırıb. Nazir müavini tövsiyə edib ki, radikal ideyaları təbliğ edən dini birləşmələrin artan fəallığına ciddi şəkildə nəzarət edilsin.
Analoji ittihamlar Rusiya XİN tərəfindən də səsləndirilməkdədir. Gürcüstan isə öz növbəsində bəyan edir ki, Moskva hələ də Gürcüstanda xalqın seçdiyi hakimiyyəti devirməkdə israrlıdır və prezident Mixail Saakaşviliyə qarşı müxtəlif ssenarilər cızır. Maraqlıdır ki, belə bir vaxtda sabiq xarici işlər naziri Salome Zurabişvili diqqət cəlbedən açıqlama ilə çıxış edib. Belə ki, o, tezliklə Gürcüstan prezidentinə sui-qəsd oluna biləcəyini bəyan edib. Onun fikrincə, prezidentin yaxın çevrəsi onun siyasi perspektivinə inanmadığı üçün belə bir varianta əl ata bilər: "Hakimiyyət komandasında Saakaşvilinin siyasi gələcəyinin üstündən xətt çəkildiyini düşünənlər var.
Hər halda bunu istisna etmək olmaz. Ona görə də Saakaşvilinin yaxın çevrəsi onun aradan götürülməsi prosesinə start verə bilər. Buraya prezidentin qətlə yetirilməsi variantı da daxildir".
Zurabişvili dövlət başçısını ehtiyatlı olmağa da çağırıb: "Saakaşvilinin yerində olsaydım, ehtiyatlı hərəkət edərdim".
İndi rəsmi Tiflis istisna etmir ki, Saakaşviliyə qarşı hər hansı hərəkət və ya təxribat Moskvanın xeyir-duası ilə həyata keçirilə bilər. Bu arada isə Gürcüstanın Rusiyanın əleyhinə informasiya müharibəsinə Moskvadan qəti əks-həmlə olunub. Söhbət Tiflisin nəzarətində olan "1-ci Qafqaz telekanalı" nın yayımının dayandırılmasından gedir. Bu kanalın verilişləri bütöv regiona, o cümlədən qeyri-sabit Çeçenistan və Dağıstana yayımlanırdı. Gürcüstan bəyan edib ki, yeni rusdilli telekanalın yayımı Rusiya hökümətinin təzyiqi altında dayandırılıb.