.jpg)
Gömrük Komitəsindən verilən məlumata görə, 2009-cu ildə Azərbaycana maşın idxalı 42 faiz azalıb. Belə ki, ötən ilin yanvar ayında ölkəyə 5091 ədəd minik avtomobili gətirilib. Bu göstərici 2008-ci ilin yanvar ayı ilə müqayisədə 41,7 faiz azdır.
Ekspertlər indiki şəraitdə maşın bazarında durğunluğun yaranmasını təbii sayır. Qeyd olunur ki, böhranla əlaqədər vətəndaşların avtomobilə olan tələbatı azalıb.
Buna baxmayaraq, qiymətlərdə ciddi dəyişiklik yoxdur.
Ekspertlərin sözlərinə görə, böhran şəraitində avtomobilin satış qiymətinin düşməsi gözlənilən olsa da, bu Azərbaycanda hiss edilmir.
Bildirilir ki, maliyyə böhranından sonra ABŞ-da istehsal olunan avtomobillərin qiyməti 30 faizə qədər aşağı düşüb. "General Motors" və "Porşe" şirkətlərinin istehsal etdiyi avtomobillərin qiymətlərində yüksək endirimlər edilib. Almaniyada istehsal edilən "Mersedes" və "BMV" markalı maşınların da qiyməti təxminən 20 faizə qədər azalıb. Ən çox qiymət azalmaları Almaniyada istehsal olunan "Opel" markalı maşınlardadır. Azərbaycanda "Nyudai", "Kia Motors" kimi şirkətlərin avtosalonlarına müraciət edənlərin sayının azalması şirkət rəhbərləri tərəfindən də etiraf olunur.
Ayrı-ayrı satış mərkəzlərində də vəziyyət eynidir. Yəni maşın var, amma alıcı yoxdur. Böhranla əlaqədər olaraq kreditlə avtomobil alanlar banklara olan borcunu qaytara bilmir. Bununla əlaqədar son vaxtlar bankların borc tələbilə məhkəmə iddialarının sayı artıb. Kommersiya banklarının sərəncamında olan avtomobillər də satılmır. Məsələn, böhrandan qabaq bank girov qoyulan avtomobili 15 min dollar qiymətləndiribsə, bu gün həmin avtomobili 15 min dollara alan tapılmır. Nəticədə banklar ona dəyən ziyanı ödəyə bilmir. Bu baxımdan avtomobil bazarındakı durğunluq yalnız idxal və satışla məşğul olanların fəaliyyətinə mənfi təsir göstərməyib. Bu, həmçinin, bütövlükdə maliyyə sektorunun və bankların fəaliyyətinə neqativ təsir göstərib.
Gömrük Komitəsinin sədri Aydın Əliyev bir neçə gün öncə mətbuata açıqlamasında bildirdi ki, spirtli içkilərə və avtomobillərə tətbiq olunan idxal rüsumlarının artırılması ilə bağlı Nazirlər Kabinetinə təkliflər olunacaq. Ekspertlər bildirir ki, rüsumlar artırılacağı təqdirdə yeni avtomobillərin qiyməti xeyli qalxacaq. Bu isə onsuz da zəif olan avtomobil satışını daha da zəiflədəcək.