Lənkəranda "Mercedes" və "Moskviç" toqquşdu
Lənkəran rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun xəbərinə görə, hadisə fevralın 2-də saat 11.00 radələrində şəhərin Tofiq İsmayılov küçəsində qeydə alınıb.
Lənkəran şəhər sakini, 1957-ci il təvəllüdlü Mirmusa Kazım oğlu İbadovun idarə etdiyi "Mersedes" markalı, 90 FV 742 dövlət nömrə nişanlı avtomobil onun həmyerlisi, 1972-ci il təvəllüdlü Cəmil Cəlil oğlu İsayevin idarə etdiyi "Moskviç- 2141" markalı, 66 BC 253 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Zərbənin təsirindən "Mersedes" yolun kənarındakı işıq dirəyinə, "Moskviç" isə piyadalr üçün nəzərdə tutulan səkiyə çırpılıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, sürücülər bədən xəsarəti alıb.
İlkin versiya kimi qəzaya "Mersedes" markalı avtomaşının yol hərəkəti qaydalarını pozmasının səbəb olduğu bildirilir. Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır.