.jpg)
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Sabunçu rayonunda yerləşən, fiziki şəxs A.M.Dördyola məxsus müəssisədə istehsal olunan "Bərəkət" əmtəə nişanlı süd məhsullarının normativlərin tələblərinə cavab vermədiyini müəyyənləşdirib.
Bu barədə "APA-Economics"ə SMPDK-dən məlumat verilib.
Komitənin yaydığı məlumatda bildirilir ki, uyğunluq sertifikatları almaq üçün edilən müraciətə baxılaraq, müəssisədə araşdırma aparılıb. Hazır məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Müayinə nəticəsində məlum olub ki, pendir, xama və qatıq məhsulları mikrobioloji göstəricilərinə görə standartların tələblərinə cavab vermir. Məhsulların tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar olunub. Həmçinin, fiziki-kimyəvi göstəricilərə görə xamada yağın kütlə payı, qatıqda isə sinkin (ağır metal) kütlə payı normadan çox olub. Aşkar olunan nöqsanlara görə müəssisəyə sertifikat verilməyib və məhsul istehsalı dayandırılıb.