Azərbaycanda varlılar üçün əlavə vergi...
Qadir İbrahimli: "Hələlik Azərbaycanda vergi mədəniyyəti o səviyyədə formalaşmayıb ki, varlı insanları əlavə vergi ödəməyə dəvət etmək mümkün olsun"
Yaşar Əsədov: "İstək olarsa, bizim ölkədə varlıları əlavə vergilər ödəməyə cəlb etmək olar"
.jpg)
Birləşmiş Ştatların prezidenti Barak Obama 1 oktyabrdan başlayacaq 2010-2011-ci maliyyə ilində işsizliklə mübarizəyə əlavə 100 milyard dollar ayırmaq niyyətindədir. Bu məqsədlə bəzi sosial proqramların ixtisarı, eləcə də ölkənin zəngin vətəndaşlarına yeni vergilər tətbiq edilməsi nəzərdə tutulub.
Bu minvalla nəzərdə tutulan vəsaitin toplanması planlaşdırılır. Hazırkı iqtisadi böhran şəraitində bu çox maraqlı görünür. Görəsən, analoji metodu Azərbaycanda da tətbiq etmək olarmı? Çünki Azərbaycanda da kifayət qədər varlı insanlar var ki, onların əlavə vergilərə cəlb olunması heç də pis olmazdı. Ekspertlər sözügedən məsələyə fərqli prizmadan yanaşdı.
İqtisadçı-ekspert Qadir İbrahimli hesab edir ki, sözügedən sistemin Azərbaycanda tətbiqi mümkün deyil: "Çünki Azərbaycanda, hələ ki, vergilərin özünə münasibət neqativdir.
Bu bütün cəmiyyətdə belədir. Azərbaycanda vergilərin hardasa 70-80 faizi məcburi şəkildə toplanır. Yəni Azərbaycanda könüllü vergi ödəyicilərinin sayı kifayət qədər azdır.
Birləşmiş Ştatlarda, Avropa Birliyi ölkələrində vergilərin 80-90 faizi könüllü şəkildə toplanır. Məsələ ondadır ki, sözügedən ölkələrdə vətəndaşlar özləri vergilərin ödənilməsində maraqlı olur. Onlar fikirləşir ki, ödənilən vergilər hesabına dövlət sosial layihələri həyata keçirir, təhlükəsizlik tədbirləri görür, ölkənin müdafiəsini təşkil edir və sair. Bu baxımdan hələlik Azərbaycanda vergi mədəniyyəti o səviyyədə formalaşmayıb ki, varlı insanları əlavə vergi ödəməyə dəvət etmək mümkün olsun.
Digər tərəfdən, Azərbaycanda vergi yığımlarının özü çox bərbad vəziyyətdədir. Burada əksər hallarda qanunda nəzərdə tutulandan iki dəfə artıq ödəmə tələb olunur. Yaxşı olardı ki, belə qaydaları tətbiq etməkdənsə, mövcud vergi yığımları mexanizmini təkmilləşdirsinlər və bu sektoru korrupsiyadan azad etsinlər. Bu daha effektli variant olardı".
İqtisadçı-ekspert Yaşar Əsədovun sözlərinə görə, varlıların ölkənin yoxsul təbəqəsilə öz gəlirlərini bölüşməsi praktikası Avropanın inkişaf etmiş ölkələrində geniş yayılıb: "Birləşmiş Ştatlardan fərqli olaraq. Skandinaviya ölkələrində, Fransada, Almaniyada vergilər çox böyükdür. İlk növbədə də varlı təbəqədən alınan vergilər. Ona görə də bu başadüşüləndir.
Təsadüfi deyil ki, həmin ölkələrdə həddən artıq kasıblarla həddən artıq varlılar arasında fərq Azərbaycana nisbətən azdır.
Həmin metodun Azərbaycanda tətbiqinə gəldikdə isə, ilk növbədə bizdə varlıların sayını müəyyən etmək lazımdır. Yəni müəyyən olunmalıdır ki, varlı kimdir, nə qədər qazanır, hardan qazanır və vergidən niyə yayınır.
Birinci növbədə bunu müəyyənləşdirmək lazımdır və daha sonra varlıların gəlirləri hesabına aztəminatlı təbəqənin sosial vəziyyətini yaxşılaşdırmaq haqda fikirləşmək olar. İstək olarsa, Azərbaycanda varlıları əlavə vergilər ödəməyə cəlb etmək olar. Sadəcə, məsələ ondadır ki, bunun üçün Azərbaycanda uzun müddət proses getməli, hökumət bu yöndə ardıcıl addımlar atmalıdır".