Bir çox sahibkarların bazarı tərk edərək Hövsandakı yeni obyektdə yer kirayələdiyi deyilir
.jpg)
Paytaxtın Bakıxanov qəsəbəsindəki yarmarkada köçürülmə işlərinə başlanıb. Bu barədə məlumatı "OLAYLAR"a bazardakı sahibkarlar verib.
Məlumata görə, artıq bazardakı sahibkarların 60 faizi icarəyə götürdüyü mağaza və piştaxtaları təhvil verib. Hazırda bazarda tək-tək sıralarda piştaxtalar fəaliyyət göstərir ki, həmin şəxslər də gətirdiyi malları sata bilmədiyi üçün bazarda qalıb. Sahibkarlar deyir ki, bazarın bağlanması xəbəri yayıldıqdan sonra ticarət mərkəzinə gələn alıcılar həddindən artıq azalıb. Artıq bazarın bağlanması xəbəri yayılandan və ticarət mərkəzinin qarşısındakı piştaxtalar yığışdırılandan sonra əhali bazarın fəaliyyətinin dayandığını zənn edib. Sahibkarlar deyir ki, bazar fevralın sonuna kimi tam fəaliyyətini dayandırmalı və köçürülməlidir. Elə buna görə də bazarın sahibkarları yeni inşa edilən ticarət mərkəzinə köçür. Artıq əksər sahibkar bazarı tərk edərək, yeni tikilən "Hövsan" Ticarət Mərkəzində müvafiq mağazalar kirayələyib. Bazarda qalan bir neçə sahibkar da artıq həmin yeni ticarət mərkəzinin rəhbərliyilə razılıq əldə edib.
Məlumata görə, Bakıxanovdakı ticarət mərkəzi fevralın sonunda tam sökülməlidir. Bazarın yerində çoxmərtəbəli yaşayış binasının tikiləcəyi bildirilir.
Qeyd edək ki, Bakıxanov Ticarət Mərkəzi qəsəbədə əsas magistral yolda avtomobil tıxacları yaratdığı üçün köçürülür. Ərazidə tıxacların aradan qaldırılması üçün bazarın "Hövsan" qəsəbəsinə köçürülməsi planlaşdırılıb. Ticarət Mərkəzinin yanvarın 1-dən bağlanacağı deyilsə də, bəzi səbəblərdən bazarın fevralın sonuna kimi işləməsinə razılıq verilib. Bu razılıq isə bazardakı sahibkarların gətirdikləri malları satmasına şərait yaratmaq məqsədilə əldə edilib. Sahibkarların malları stılandan sonra bazar fəaliyyətini tam dayandıracaq.