Yolçu Xanvəli rəhbərliyin bu məsələdə hər hansı narahatlığından xəbərsiz olduğunu bildirdi
.jpg)
Azərbaycanda brüsselyoz xəstəliyinə qarşı hazırlanmış preparatlar dövlət qeydiyyatından keçməyə bilər. Bir müddət əvvəl üç müəllif - Baş Baytarlıq İdarəsinin rəisi İsmayıl Həsənov, şöbə müdiri Klinent Əsədov və alim Elxan Babayev tərəfindən ixtira edilmiş bu dərmanlara Kənd Təsərrüfatı Nazirliyi yanında elmi tədqiqat institutlarının rəhbərləri, alimlər, professorlar müsbət rəy verib.
Məlumatlara görə, sonradan aparılan eksperiment başqa nəticələr üzə çıxarıb. Belə ki, hazırlanmış pereparatların brüsselyoz xəstəliyinin qarşısının alınmasına o qədər də effektli olmadığı müəyyənləşib.
Məsələdən kənd təsərrüfatı naziri İsmət Abasovun da olduğu bildirilir. Məlumatlara görə, nazir vəziyyətin araşdırılmasına dair göstəriş verib. Qeyd edək ki, Azərbaycanda brüsselyoz əleyhinə preparatın ixtira olunması üçün dövlət büdcəsindən xeyli vəsait ayrılmışdı. Həm də araşdırmanın aparılmasına uzun müddət vaxt sərf olunub. Belə çıxır ki, ayrılan vəsait və vaxt boşuna sərf olunub.
İxtiraya müsbət rəy vermiş elmi-tədqiqat institutlarında yaxın vaxtlarda ciddi islahatların aparılacağı da bildirilir. Qeyd olunur ki, institut rəhbərləri elmi cəhətdən əsaslandırılmamış rəy veriblər.
Baş Baytarlıq İdarəsinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli isə bizimlə söhbətində bildirdi ki, hazırlanmış dərman hələ qeydiyyatdan keçməyib və bu səbəbdən həmin preparatların ölkə miqyasında istifadəsinə icazə verilmir.
Y.Xanvəli onu da qeyd etdi ki, ilkin eksperimentin nəticəsi müsbət olub: "Preparat 100 baş mal arasında eksperimentdən keçirilib. Nəticə müsbət olub".
Mətbuat xidmətinin rəhbəri kənd təsərrüfatı nazirinin məsələ ilə bağlı hər hansı narahatlığından xəbərsiz olduğunu da bildirdi. O həmçinin qeyd etdi ki, Baytarlıq İdarəsinin rəhbəri İsmayıl Həsənov ürək ağrısından əziyyət çəkir və Moskvada müalicə alıb. Y.Xanvəli idarə rəisinin hazırda Bakıda olduğunu dedi.