"Sumqayıtda valyutadəyişmə məntəqəsinə hücum edib pulu mücahidlərə verməli idik"
.jpg)
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə radikal dini təmayüllü dəstə yaradaraq, "Sumqayıt camaatı" adı altında beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə və digər bir sıra ağır cinayətlərdə ittiham olunan 31 Azərbaycan vətəndaşından ibarət mütəşəkkil dəstənin məhkəməsi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Azər Orucovun sədrliyilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadələrini davam etdirib.
Sərbəst ifadəsində özünü qismən təqsirli bilən Namiq Məmmədov deyib ki, Şimali Qafqazda Rusiyaya qarşı çeçen hərbi birləşmələrinin tərkibində döyüşməyib. Lakin Azər Misirxanovun yanına - Gürcüstana gedib. Təqsirləndirilən Elşən Druskar isə ifadəsində İnquşetiyaya getdiyini və səfərinin məqsədinin Rusiya Silahlı Qüvvələrinə qarşı radikal dini qruplaşmalar tərəfindən aparılan hərbi əməliyyatlarda iştirak olduğunu bildirib.
İttiham olunan Teymur Axundov sərbəst ifadəsində özünü qismən təqsirli bilib. O, dini qruplaşmaya yardım etməsini Allah yolunda mübarizə kimi dəyərləndirib: "Bakıda valyutadəyişmə məntəqəsinin işçilərinə hücum edib, əldə etdiyimiz pulu mücahidlərə verməliydik. Çünki həmin şəxslər bu pulu haram yolla qazanmışdılar".
Təqsirləndirilən Arif İbrahimov Gürcüstanın Qori şəhərində silahla təmin olunduqlarını deyib: "Ancaq mən heç vaxt silahlı birləşmədə təmsil olunmamışam. Gürcüstana Namiq Məmmədovun dəvətilə getmişəm. Lakin vəziyyətdən xəbərim olmayıb".
Prosesdə ifadə verən digər təqsirləndirilən şəxslər Elçin Canağayev, Ramil Fərzəliyev, Fuad Mövsümov və Rəşad Mahmudov özlərini qismən təqsirli bilib.
Proses fevralın 10-da davam etdiriləcək.