Jalə Cəfərova: "Bir də görürsən biri əlinə saz alıb avtobusda, dayanacaqda göründü"
.jpg)
Aşıq sənəti xalqımızın milli dəyəri olsa da, təəssüf ki, bəzən onu layiqincə qiymətləndirə bilmirik. Dövlətimiz aşıq sənətinə yüksək dəyər verir, artıq bu ulu sənət YUNESKO-nun qeyri-maddi irs siyahısına salınaraq beynəlxalq səviyyədə qorunur. Lakin bir çox hallarda ictimaiyyət nümayəndələri və bəzi telekanallar nə aşığa, nə də saza ciddi yanaşır.
Məlumdur ki, televiziyalarda bu sənətin təbliğinə o qədər də yer ayrılmırdı. Son vaxtlar aşıqlar telekanallarda görünsə də, nədənsə, onları müqəddəs bir sənəti, xalqın mənəviyyatını daşıyıb bu günə kimi gətirən sənət sahibləri kimi deyil, insanları əyləndirən şəxslər kimi təqdim edirlər. Aşıqların və sazın aşağılanması indiyə qədər davam edir. Dövlətimiz aşıq sənətini, muğamı ucaldır, bəzi telekanallar isə onu gözdən salmağa çalışır. Əfsuslar olsun ki, hazırda aşıqlar sırasında da öz sənətinə dəyər verməyən, onun əsl mahiyyətini, missiyasını dərk etməyən insanlar var. Onlar televiziyaların təşkil etdiyi istənilən əyləncəyə qoşulur. Bu isə aşıq sənətinə baş ucalığı gətirmir. Bir də görürsən ki, heç kəsin tanımadığı, ustad görməyən, iki-üç hava çalan bir adam çıxıb aşıqlıqdan danışır, aşıq sənətini təmsil edir. Bu da sənətdən anlayışı olmayan adamlara əsas verir ki, onlar sazı əyləncə vasitəsinə çevirib, onu istədiyi kimi təqdim eləsin.
Əsl aşıqlar, ustadlar isə əyləncə proqramlarına qatılmadığı üçün heç onların adını çəkən də yoxdur. Telekanallarda meydan sulayan üç-dörd hava bilən gənclər belə onları xatırlamaq istəmir. Aşıqların şou proqramlara qatılması, proqram aparıcılarının diqtəsilə hərəkət etməsi, yalançı qalmaqallara qoşulması doğrudan da biabırçılıqdır.
Muğam ifaçıları arasında çox gözəl bir ənənə formalaşıb. İstər şou və sənət proqramlarında, istərsə də mətbəx verilişlərində onlar heç zaman verilişin ab-havasına uymur, həyatda bir-birilə düşmən olsalar belə, efirdə bunu üzə vurmurlar. Xanəndələr öz sənətini layiq olduğu mərtəbədə, zirvədə saxlamağı bacarır. İki-üç muğam bilən gənc xanəndə də muğama hörmət gətirməyə çalışır. Ancaq əlinə saz götürən şəxslərin müəyyən bir qismi bu sənəti şoulara, mənasız əyləncələrə, dedi-qoduya qurban verir. Bu da, sözsüz ki, ustad aşıqların, sazsevərlərin narazılığına səbəb olur.
"Aşığam" deyən bəzi adamların sazı düzgün təqdim edə bilməməsi üzündən çox yerdə saza qeyri-ciddi yanaşılır. Təəssüf ki, biz hələ də sazı qara camaatın içindən çıxarıb elitaya gətirə bilməmişik. Bu da ustad aşıqların təbliğatının zəif olması ilə əlaqədardır. Axı sənəti bilməyən adam onu layiqincə necə tərənnüm edə bilər?
Amma dediyimiz kimi, bəzi telekanalların da vəziyyətin bu şəkil almasında günahı az deyil. Belə ki, aşıqları efirə dəvət edəndə onların qarşısına şərt qoyurlar ki, klassik havalar çalınmayacaq, tamaşaçıları yüngül havalarla əyləndirmək lazımdır. Bu da aşığa imkan vermir ki, o öz potensialını tam şəkildə ortaya qoya bilsin.
Bir çox ziyalılar da bu məsələdən narazılıq edir. Onlar hesab edir ki, aşıqlar qətiyyən televiziyaların şou yaratmaq cəhdlərinə uymamalı, aşıq sənətini olduğu kimi təbliğ etməyə çalışmalıdır. Ziyalıların fikrincə, efirə o aşıq buraxılmalıdır ki, konkret olaraq ustada qulluq etsin, bütün saz havalarını mükəmməl çala bilsin, dastan danışsın, qaravəlli, lətifə söyləyib dinləyicinin ovqatını dəyişsin.
Milli Mədəniyyətin Müdafiəsi İctimai Birliyinin sədri, filologiya elmləri namizədi Jalə Cəfərova da bizimlə söhbətində bildirdi ki, əlinə saz götürüb "aşığam" deyən adamların özlərini bu şəkildə təqdim eləməsi və sazı əyləncəyə çevirməsi üçün telekanallara əsas verməsi düzgün deyil.
J.Cəfərovanın sözlərinə görə, efirə çıxan aşıqlar əksər vaxtlarda televiziya aparıcılarının diqtəsilə hərəkət edir. Birlik sədri deyir ki, əslində aşıqlar məclislərə, verilişlərə böyüklük etməlidir":Aşıqların, sazın telekanallar tərəfindən təqdimatı məni qəti qane eləmir. Hesab edirəm ki, buna aşıqların özləri şərait yaradır. Aşıq sənəti sinkretik sənətdir, burada incəsənətin bir neçə növü birləşir. Mən bəzi qadın aşıqların geyimindən heç razı deyiləm. Onlar ən müasir şəkildə geyinib, dar ətəkdə, cins şalvarda, uzunboğaz çəkmədə tamaşaçılar qarşısına çıxırlar. Hələ süsləndikləri zinət əşyalarından danışmıram. Bu şeylər tamaşaçının fikrini yayındırır. Aşıqların səhnə davranışı da məni qane eləmir. Aşıq hoppanıb-düşməli deyil. Aşıqlar tarixən hazırcavablığı, bədahətən söz deməyilə seçilib. Aşıq kişilərin geyimi də milli deyil. Efirdə bəzi aşıqlar özünü apara bilmir. Aşıq nə dünən, nə də heç bir vaxt siyasi mövzularda oxumayıb. Amma bu gün aşıqlar var ki, məddahlıq edir, müxtəlif adamları tərifləyir. Aşıq əslində el atasıdır, el anasıdır, o hər zaman xalqın dərdlərini, problemlərini qabardıb. Aşıqlar adətən o mövzulara toxunub ki, o xalqı narahat edib. Təəssüf ki, aşıqlar çox vaxt efirə çıxanda öz sənətini təbliğ etmir, televiziya və radioların əyləncə siyasətinə uyurlar".
J.Cəfərova deyir ki, aşıq sənətinin ucuzlaşdırılmasını heç cür qəbul eləmir. Birlik sədrinin dediyinə görə, aşıqlar buna yol verməli deyil: "Aşıq sənətini ucuzlaşdırmaq olmaz. Bir də görürsən ki, bir nəfər əlinə saz alıb avtobus dayanacağında, dükan-bazarda, yol qırağında göründü. Araşdırıb görürsən ki, bu adamın aşıq sənətilə heç bir əlaqəsi yoxdur. O, sazı dınqıldadıb adamlardan pul yığır. Belə adamlar aşıq sənətinə çox böyük xələl gətirir. Bizim aşıq sənətində ulu ustadlarımız olub. Abbas Tufarqanlı, Xəstə Qasım və başqaları bu sənətin zirvələridir. Belə adamlar onların ruhunu narahat edir. Bu gün əyləncə proqramlarına qatılan aşıqlar əlində saz özünə aid olmayan mövzulardan danışır. Halbuki, onlar aşıq sənətini elə təbliğ eləməlidir ki, bu sənəti seçmək istəyən gənclərin marağı ölməsin. Bunu isə görmürəm. Aşıq sənətini lazımı səviyyədə təbliğ etmirlər. Həm aşıqlar, həm də televiziyalar. Televiziyalar aşıqdan əyləncə, şou yaratmaq tələb edəndə aşıq onların cavabını verməlidir ki, mənim sənətimin missiyası şou göstərmək yox, camaata ağıl, nəsihət, müdriklik bəxş eləməkdir. Axı aşığa əsrlər boyu müqəddəs şəxslər kimi baxmışıq. Bir nəslin başqa bir nəsillə qan davasını aşıqlar yatırıb. Aşığın bir sözü el içində iki olmayıb. Gəlin əl-ələ verib, aşıq sənətinin ucuzlaşdırılmasına, ayaq altına salınmasına imkan verməyək. Əsl aşıqlar bu məsələdə fərqlənməlidir".