Müvafiq sistem qurulandan sonra İranın nüvə obyektlərinə zərbə vurulması strategiyanın növbəti pilləsi sayıldı
.jpg)
ABŞ-da İranla mümkün müharibə zamanı həyata keçiriləcək raket hücumlarından müdafiə məqsədilə təlimlər keçirilib. Bu məqsədlə Pentaqon İrandan raket hücumu ssenarisini hazırlayıb. Təlim çərçivəsində ilk olaraq Marşal adalarından raket buraxılıb. Həmin raketi zərərsizləşdirmək üçün Kaliforniyadakı hərbi hava bazasından müdafiə raketi atılıb.
Lakin rəsmilər dənizdəki radar sistemində nöqsanlar ucbatından raketi vurub salmağın mümkün olmadığını bildirib. Bu isə, bəzi ekspertlərə görə, ABŞ-ın şərqi Avropada, eləcə də Fars körfəzində raket əleyhinə müdafiə sistemləri yerləşdirməsi prosesini tezləşdirəcək. Yeri gəlmişkən qeyd edək ki, sözügedən uğursuz sınaqdan əvvəl Amerikanın Fars körfəsində yeni müdafiə sistemlərinin yerləşdirilməsini sürətləndirmək planı barədə xəbərlər yayılıb. Amerika bəyan edir ki, İranın yaxın və ortamənzilli raketləri region üçün artan təhlükə deməkdir.
Ümumilikdə isə Pentaqonun planlarına İran sahilləri ətrafında xüsusi hərbi gəmilərin yerləşdirilməsi və bir neçə Körfəz dövlətində "Patriot" raketdən müdafiə sistemlərinin quraşdırıması daxildir. Məsələ ilə bağlı Britaniyanın "Quardian" qəzeti tərəfindən yayılan məlumatda qeyd olunur ki, ABŞ raket hücumundan müdafiə komplekslərini Qətər, Bəhreyn, Küveyt və BƏƏ-də yerləşdirir. Bundan başqa, İran körfəzi sularında İran raketlərini məhv edə biləcək iki gəmi yerləşdirilib. Həmçinin, Vaşinqton Səudiyyə Ərəbistanı hökumətinə neft hasilatı platformasını müdafiə etmək üçün yardım göstərir.
Adının çəkilməsini istəməyən Ağ Ev nümayəndəsinin sözlərinə görə, ABŞ-ın bu hərəkətlərində məqsəd, ona qarşı tətbiq edilən sanksiyalara cavab olaraq, İran tərəfdən Amerikanın regiondakı müttəfiqlərinə qarşı hücumlardan xəbərdarlıqdır. Vaşinqton, həmçinin İsraili də İranın hücumlarından qorumağa çalışır və bununla da İran təhlükəsini sərbəst şəkildə dəf edə bildiyini nümayiş etdirir.
Amerikanın raketdən müdafiə sistemləri ərəb ölkələrində yerləşdiriləcək sistemlərlə əlaqəli şəkildə işləyəcək. Pentaqon və Ağ Evdəki mənbələrin bildirdiyinə görə, bu strategiya prezident Barak Obama tərəfindən təsdiqlənib. Amerika hərbi strateqlərinin hesablamalarına görə, regionda vəziyyət mürəkkəbləşəcəyi təqdirdə İran bölgədəki müttəfiq ərəb ölkələrinə raket zərbələri endirə bilər. Bununla yanaşı, bildirilir ki, Marşal adalarından buraxılan raketin dənizdəki radar sistemində nöqsanlar üzündən vaxtında zərərsizləşdirilməməsi ABŞ-ın Şərqi Avropada RƏMS yerləşdirilməsi siyasətinə yenidən qayıtmasına səbəb olacaq. Bir neçə gün əvvəl Polşa mətbuatında yayılan məlumatda bildirilir ki, ABŞ Rusiyanın Kalininqrad vilayətilə sərhədin 100 kilometr aralıda "Patriot" raketlərinin yerləşdirilməsini qərara alıb. Polşanın müdafiə naziri Boqdan Klix bildirib ki, əvvəlcə raketlərin Varşavanın yaxınlığında yerləşdirilməsi qərara alınıb. Lakin sonda polşalı ekspertlər belə nəticəyə gəliblər ki, "Patriot" raketlərinin yerləşdirilməsi üçün ən yaxşı yer Moronq yaşayış məntəqəsidir: "Bu halda strateji xarakterli məsələlər nəzərdən keçirilməyib. Sadəcə, Moronqda Amerika hərbçiləri və onların avadanlıqları üçün daha yaxşı şərait təqdim edə bilərik". Raketlərin Polşaya apreldə gətirilməsi gözlənir.
Ekspertlər bildirir ki, qeyd edilənlər, əslində ABŞ-la İran arasında mümkün müharibəyə dair son bir neçə ildə dolaşan məlumatların artıq həqiqətə yaxınlaşdığını göstərir. İlk növbədə ona görə ki, artıq ABŞ İranın raket hücumlarından qorunmaq üçün regionda etibarlı müdafiə sistemi yaradır. Bu sistemin tam qurulmasından sonra isə ABŞ-ın razılığı ilə İsrail aviasiyasının İranın nüvə obyektlərinə zərbə endirəcəyi gözlənir. Lakin bu missiyanı ABŞ aviasiyasının özünün yerinə yetirməsi də istisna olunmur.
İran isə, həmişəki kimi, mümkün müharibəyə hazır olduğunu bəyan etməkdədir. O da diqqtətçəkən faktdır ki, İrana qarşı beynəlxalq birliyin iqtisadi və hərbi xarakterli təzyiqlərinin güclənməsi fonunda bu ölkə daxilində də vəziyyət daha çox qeyri-sabitliyə doğru dəyişir. Bunun əsas səbəblərindən biri də İranda hakimiyyətin müxalifətçilərə qarşı daha da aqressivləşməsidir. Bu arada isə İranın keçmiş prezidenti Məhəmməd Xatəmi məhkəmələrdə müxaliflərə edam hökmünün çıxarılmasını pisləyib. M.Xatəmi deyib ki, sivil etirazların, təzyiq və zorakılıqlara etiraz edənlərin cavabı edam deyil: "Bu yalnız indiki böhranı dərinləşdirə, insanların müəyyən çərçivələrdən çıxmasını gücləndirə bilər".
Daha sonra Xatəmi vurğulayıb: "Görün ölkədə necə vəziyyət yaranıb. Bir tərəfdən dinc müxaliflərə qarşı təzyiqlər, zorakılıqlar və böhtanlar baş alıb gedir, digər tərəfdən də başqalarına qarşı zorakılıq edənlər, yalan və böhtan atanlar tam və mütləq azadlığa malikdir. İctimai problemləri təzyiq və zorakılıq yolu ilə həll etmək mümkün olmadığı kimi, mövcud vəziyyətə etiraz edən hər bir kəsi də çevrilişçi adlandırıb ona qarşı zorakılıq nümayiş etdirmək düzgün deyil. Hesab edirəm ki, şəxs lap çevrilişçi olsa da, onunla belə davranmaq olmaz".
"Media forum" saytının məlumatına görə, islahat tərəfdarlarının tələblərini açıqlayan M.Xatəmi dolayı yolla dini rəhbərə müraciət edib: "Bizim istəyimiz, İslamla yanaşı, konstitusiyanın tamamilə icra olunmasıdır. Biz konstitusiya çərçivəsində mühüm yeri və rolu olan dini rəhbərin bütün ölkənin və bütün vətəndaşların rəhbəri olmasını istəyirik. Halbuki, bu gün cəmiyyətdə belə bir fikir formalaşıb ki, rəhbər yalnız müəyyən bir qrup və siyasi qanadın rəhbəridir".
Xatəmi İrandakı "yaşıl hərəkat" rəhbərlərinin xalqa arxa çevirməsi barədə yayılan şayiələri isə rədd edib: "Bunlar xalqı ümidsiz etmək üçün yayılan əsassız və səhv təbliğat və təxribatdır. Bu belə deyil. Mən bildirirəm ki, bizim bir vaxt arzuladığımız İslam və İslam respublikası bu deyildi. Biz xalqın nəzarətində olmayan bir hakimiyyət arzulamamışdıq. Müasir dövrdə öz xalqına arxalanmayan hakimiyyətlər gec-tez yabançılardan asılı vəziyyətə düşəcək".