.jpg)
Ötən ilin oktyabrında Türkiyə və Ermənistan arasında imzalanan Sürix protokolları əvvəllər iki dövlətin münasibətlərini normallaşdıracaq sənəd kimi qəbul olunurdusa, indi daha çox qarşılıqlı ittihamlara yol açan əsas kimi görülməkdədir. Proseslərin təhlili göstərir ki, hadisələrin bu səpkidə inkişafına əsas səbəb Ermənistanın protokollar məsələsində də qeyri-konstruktiv mövqe tutması, ən əsası isə, Türkiyəyə qarşı ərazi iddialarından geri çəkilməməsidir.
Bütün bunlar isə Sürix protokollarının reallaşmasını sual altına almaqda, həmçinin Türkiyə və Ermənistan arasında onsuz da xoş olmayan münasibətləri bir qədər də gərginləşdirməkdədir.
Artıq proseslərin indiki inkişaf çərçivəsində Ankara Ermənistanla danışıqların davam etdirilməsinin lüzumsuz olduğunu görür. Lakin Türkiyə tərəfi hələ də yüksək səviyyədə bəyan edir ki, danışıqları davam etdirmək niyyətindədir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan məsələyə münasibət bildirərkən yenidən Ermənistanı Türkiyə ilə imzalanmış protokollara diqqətli yanaşmağa çağırıb. O, "Euronews" telekanalına müsahibəsində deyib ki, rəsmi Ankara Ermənistan Konstitusiya Məhkəməsinin qərarı ilə razılaşmır: "O zaman biz niyə görüşürük? Nə edəcəyik? O zaman Ermənistanın bunu yenidən ələ alması, yenidən müzakirə etməsi lazımdır. Biz Türkiyə olaraq, razılaşmadakı vədlərimizi yerinə yetirmişik. Ortada qarşılıqlı hazırlanmış bir yol xəritəsi var və o davam edəcək. Biz buna hazırıq. Səmimiyik. Yolumuza da eyni şəkildə davam edirik".
Ərdoğan Ermənistanın hələ prosesin başlanğıcında məsələyə uğursuz müdaxilə etdiyini vurğulayaraq qeyd edib ki, İrəvan məsələni bir də gözdən keçirməlidir".
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə Londonda Beynəlxalq Strateji Araşdırmalar İnstitutunda (İİSS) çıxış edərkən deyib ki, Ankara İrəvanla münasibətlərdə etimadın yaradılması istiqamətində bir neçə addım atıb. Cənab Davudoğlu onu da vurğulayıb ki, indiki nöqtədən tərpəniş olmasa, bu məsələdə hamının itirəcəyi var: "Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayır, bu beynəlxalq birlik tərəfindən pislənir və Ermənistan gündən-günə yoxsullaşır.
Azərbaycan getdikcə zənginləşir, lakin onun ərazisi işğal altındadır. Türkiyəyə gəldikdə isə, Türkiyə beynəlxalq tədbirlərdə erməni məsləsilə hər dəfə üzləşməli olur. İndi isə artıq sülh vaxtı yetişib".
Türkiyə-Ermənistan protokollarının təsdiqlənməsinin yubadılması ilə bağlı suala cavab verən Əhməd Davudoğlu deyib ki, regional konfliktlər çözülmədən vəziyyəti düzəltmək səyləri nəticə verməyəcək və Türkiyə Qarabağ probleminin çözülməsi istiqamətində iş görür. Ermənistanın Konstitusiya məhkəməsinimn protokollarla bağlı qərarına toxunan Əhməd Davudoğlu qeyd edib ki, həmin qərarın bəzi müddəaları Türkiyə üçün tamamilə qəbuledilməzdir.
Bu arada isə məlum olub ki, Ermənistan parlamentinin yaz sessiyasının gündəliyinə Türkiyə ilə imzalanmış protokolların ratifikasiyası məsələsi daxil edilməyib. Ermənistan parlament sədrinin mətbuat katibi Nairi Petrosyan məsələ ilə bağlı bildirib ki, protokollar Prezident Aparatındadır və hələlik parlamentə göndərilməyib. Ermənistan Konstitusiyasına əsasən, Konstitusiya Məhkəməsi protokol barədə qərar çıxardıqdan sonra sənəd ratifikasiya olunmaq üçün parlamentə göndərilməli idi. Xatırladaq ki, Ermənistan Konstitusiya Məhkəməsi 2010-cu il yanvarın 12-də Türkiyə ilə imzalanmış protokolların ölkə Konstitusiyasına uyğun olması barədə rəy verib. Konstitusiya Məhkəməsinin qərarına əsasən imzalanmış protokollar Ermənistan Konstitusiyasının preambula hissəsinə və Müstəqillik Bəyannaməsinə zidd şəkildə şərh edilə bilməz. Müstəqillik Bəyannaməsində isə Türkiyəyə ərazi iddiası irəli sürülür və bu ölkənin şərq vilayətləri "Qərbi Ermənistan" adlandırılır. Eyni zamanda, bəyannamədə saxta və uydurma "erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınmasının Ermənistan dövlətinin vəzifəsi olduğu bildirilir.
Hakim partiyadan fərqli olaraq, Türkiyə müxalifəti Ankaranı daha qətiyyətlə hərəkət etməyə çağırır. Məsələn, ana müxalifət olan CHP başqanının köməkçisi Onur Öymən bildirir ki, Ermənistanın Konstitusiya Məhkəməsinin son addımından sonra AKP hökumətinin nə dərəcədə yanlış addım atdığı bir daha göründü. O, Ermənistanda prezidentə protokolların altındakı imzanı ləğv etmək hüququ verən qanun layihəsindən bəhs edərkən qeyd edib ki, İrəvan barışıqda maraqlı olmadığını nümayiş etdirir və Ankara bu prosesdə məğlub duruma düşür:
"Biz protokolların imzalanmasının yanlış olduğunu bəri başdan demişdik. Son baş verənlər bizim nə dərəcədə haqlı olduğumuzu göstərir. Həm Ermənistan Konstitusiya Məhkəməsinin qərarı, həm ABŞ-ın bu qərara baxmayaraq İrəvanın mövqeyini dəstəkləməkdə davam etməsi, Türkiyəni ön şərt qoymadan sərhədləri açmağa çağırması AKP-nin ciddi səhvə yol verdiyini göstərir. Türkiyə Ermənistan Azərbaycan torpaqlarından çəkilməyi qəbul etmədən onunla bu protokolları imzalamaqla çox ciddi səhvə yol verib" .
Ermənistan prezident administrasiyası başçısının müavini Viqen Sarqsyanın sözlərinə görə isə, apreldə keçiriləcək 1915-ci il hadisələrinin ildönümü yaxınlaşdıqca sənədlərin əleyhinə olan çağırışlar altında protokolların təsdiqlənməsinə ayrılan vaxt daralır. Ankaranın tənqidlərini qəbul etməyən Viqen Sarqsyan, protokolları parlamentə təqdim etməklə yanaşı, prezident imzasını geri çağırmağa hüquqi əsas verəcək qanunvericilik aktının işləndiyini də xatırladaraq, ölkəsinin hər an protokollardan vaz keçə biləcəyini bir daha diqqətə çatdırmış olub. Bununla yanaşı o qeyd edib: "Biz sənədlərin təsdiqlənməsilə bağlı imkanı əldən versək, bölgədə danışıqlar başlamayacaq və ondan əvvəlki mövqelərə qayıdılacaq".
Bundan əvvəl isə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bəyan edib ki, Türkiyə ilə danışıqlar prosesinin pozulacağını istisna etmir: "Türkiyə protokolları imzalamağa hazır olmayacaqsa, ultimatum dilində danışmağı davam etdirəcəksə, şərt irəli sürəcəksə və prosesi ləngidəcəksə, onda istisna etmirəm ki, danışıqlar pozulacaq. Proqnozlar verməyi xoşlamasam da, heç nə istisna olunmur".
Beləliklə, proseslərin ümumi mənzərəsi belə qənaətə gəlməyə əsas verir ki, Türkiyə protokollarla bağlı danışıqların davam etdirilməsini istəsə də, Ermənistanın indiki mövqeyi bunu sual altına alır. Daha doğrusu, Ermənistan protokollorla bağlı danışıqları manipulyasiya etməkdə və öz maraqlarına uyğunlaşdırmağa çalışmaqdadır. Problemə iki ölkənin xarici işlər naziri - Əhməd Davudoğlu ilə Edvard Nalbandyan arasında Münhendə keçirilməsi nəzərdə tutulan görüşdə aydınlıq gətiriləcəyi gözlənsə də, sonradan məlum olub ki, bu görüş təxirə salınıb. Ermənistanın Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb. Bildirilir ki, Nalbandyan Münhendə keçiriləcək təhlükəsizlik məsələlərilə bağlı konfransa qatılmayacaq. "İnterfaks"a açıqlamasında Ermənistan XİN mətbuat katibi Tiqran Balayan qeyd edib: "E.Nalbandyanın Münhen konfransında iştirakı planlaşdırılmayıb. Odur ki, Ermənistan XİN başçısının Münhendə Türkiyə XİN başçısı ilə görüşündən söhbət belə gedə bilməz".