Yaşar Əsədov: "Avro düşürsə, dollar bahalaşır. Yəni Azərbaycanın valyuta ehtiyatları məcmu şəkildə az itirəcək"
.jpg)
Artıq bir müddətdir ki, Avropa Birliyi ölkələrinin vahid valyutası olan avronun məzənnəsi dünyanın bir sıra aparıcı valyutalarına nisbətən ucuzlaşır. Hətta avronun tamamilə qiymətdən düşəcəyi barədə də proqnozlar səslənir.
Bunun səbəbi bir sıra amillərlə izah olunur. Ancaq bizim məqsədimiz heç də avronun nəyə görə ucuzlaşdığını aydınlaşdırmaq deyil. Bizi narahat edən Azərbaycanın avro ilə yerləşdirilən valyuta ehtiyatlarının təhlükədə olmasıdır. Məsələ ondadır ki, Azərbaycanın valyuta ehtiyatlarının dollar, avro və digər xarici dövlətlərə məxsus pullarla diversifikasiya olunduğunu nəzərə alsaq, dünyanın maliyyə bazarında valyuta dəyərləri məzənnələrinin dəyişməsinin ölkəmizə nə qədər təsir göstərdiyi bir daha məlum olur.
Qeyd edək ki, Azərbaycanın valyuta ehtiyatlarının 50 faizi dollarda, 40 faiz avroda, 5 faiz Böyük Britaniya funt-sterlinqində saxlanır. Yerdə qalan 5 faiz də digər valyutalarda saxlanır. Ümumilikdə Azərbaycanın hazırkı valyuta ehtiyatları 20 milyard dolları keçib.
İqtisadçı-ekspert Yaşar Əsədov baş verən proseslərdən Azərbaycanın ciddi narahatlıq keçirməsinə ehtiyac olmadığını bildirdi. O, fikirlərini belə əsaslandırdı: "Məsələ ondadır ki, Azərbaycanın valyuta ehtiyatları sırf pul şəklində ehtiyatda deyil. Valyuta ehtiyatları qiymətli kağızlarda da saxlanır. Həmin qiymətli kağızlar da Azərbaycan büdcəsinə illik 3-5 faiz dividend gətirir. Nə qədər də olmasa ölkə büdcəsinə dividend gətirir. Təsəvvür edin ki, Azərbaycanın valyuta ehtiyatlarının yarısı yerləşdirildi qızılda. Qızıl isə heç bir divident gətirmir. Təbii ki, dünya valyuta bazarında bu səpkili təlatümlər olacaq. Çox ehtimal ki, avro ətrafında yaranan vəziyyət maliyyə fırıldağıdır. Necə ki, A qripi ətrafında ajiotaj yaratmışdılar.
Çox güman, bu da qlobal miqyaslı maliyyə fırıldağıdır. Bu fırıldaq da Yaponiyanın və Çinin böyük valyuta ehtiyatlarına hədəflənib. Azərbaycanın təxminən 4 milyard avro valyuta ehtiyatı varsa, Rusiyada bu rəqəm 500 milyard avrodur. Çində 1 trilyon, Yaponiyada 600 milyard təşkil edir. İndi təsəvvür edin onlar nə qədər zərər çəkir. Avro düşürsə, dollar bahalaşır. Yəni Azərbaycanın valyuta ehtiyatları məcmu şəkildə az itirəcək".