Vahid Məhərrəmov: "Ölkədə taxıl istehsalı barədə deyilən bir sıra rəqəmlər düz deyil və biz idxal taxılından asılıyıq"
.jpg)
2009-cu ildə Azərbaycanda idxal məhsulları sırasında birinci yeri taxıl və taxıl məhsulları tutub. Bu məlumatı jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev verib. Halbuki, Kənd Təsərrüfatı Nazirliyinin rəsmi açıqlamasına görə, ötən il Azərbaycan 3 milyon ton taxıl istehsal edib ki, onun 2 milyon tondan artığı ərzaq buğdasıdır.
Xatırladaq ki, Azərbaycanın ərzaq buğdasına olan tələbatı 1 milyon 600 min tondur. Bu səbəbdən də KTN daxili tələbatı ödəməklə yanaşı, xaricə də ixrac barədə düşünürdü. Hətta nazirlik çörəyin qiymətinin aşağı salınması barədə təşəbbüslə çıxış etmişdi. Lakin DGK-nin rəyindən belə görünür ki, taxıla və taxıl məhsullarına əlavə dəyər vergisinin tətbiq olunmasına baxmayaraq, sahibkarlar, buğda və unu xaricdən gətirməyə daha çox üstünlük verir. Səbəbini təhlil etmək üçün kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovla əlaqə saxladıq. Ekspert hesab edir ki, başlıca səbəb Azərbaycan buğdasının keyfiyyətcə aşağı olmasıdır: "Faktiki olaraq, hazırda ölkəyə unu və un məhsullarının idxalı davam edir. Azərbaycanın özünü buğda və unla tam təmin etməsi barədə deyilənlər isə uydurmadır. Nəinki çörək istehsalında, hətta pivəbişirmədə, araq istehsalında, heyvandarlıqda yem kimi istifadə olunan taxılçılığı da xaricdən asılı vəziyyətə qoymuşuq. Əsasən də Qazaxıstan, Rusiya, Ukraynadan taxıl idxal olunur. Bizim sahibkarlar xaricdən gətirilən buğdaya əlavə dəyər vergisi ödəyir, ona görə ki, onların gətirdiyi məhsul 4-cü sinfə uyğun gəlir. Həmin buğdadan çörəkbişirmədə istifadə etmək olur. Amma bizim istehsal etdiyimiz buğda heç bir sinifə, növə uyğun gəlmədiyi üçün ondan çörək bişirmək də mümkün olmur. Böyük un dəyirmanları belə buğdadan imtina edir. O ki, qaldı Azərbaycanın istehsal səviyyəsilə bağlı deyilənlərə, bunlar şişirdilmiş rəqəmlərdir. Azərbaycan bu qədər taxıl istehsal edə bilmir. Azərbaycanın 3 milyon ton taxıl istehsal etməsi üçün nə bu qədər texnikası, nə də mütəxəssisi var. 1 milyon 100 min hektar sahədə taxıl əkilsəydi, mövcud texnika ilə biz onu bu günə qədər biçib qurtara bilməzdik. Bu rəqəmlər şişirdilib. Maliyyə Nazirliyinin yoxlamalarından sonra məlum olur ki, bu sahəyə aiddiyyəti olmayan adamlar inişil taxıl istehsalı adı altında subsidiya alıb, əslində 1 hektar da olsun, taxıl əkinilə məşğul olmayıb. Reallıq isə göstərir ki, ölkə idxaldan asılıdır".
"Ölkə idxaldan asılıdırsa, ƏDV ödəyən sahibkarlar nə üçün çörəyin və unun qiymətini artırmır" sualına cavab olaraq V.Məhərrəmov bildirdi ki, bu, dünya bazarındakı vəziyyətlə bağlıdır. Yəni dünya bazarında buğdanın və unun qiyməti xeyli aşağı olduğundan, bu, Azərbaycanda idxal məhsullarına təsir göstərmir: "18 faiz əlavə dəyər vergisi 1 kiloqram çörəyin çəkisində o qədər cüzidir ki, qiymətlərə ciddi təsir göstərə bilmir. Əvvəllər də demişəm ki, çörəyin qiymətinə daha çox ƏDV deyil, yanacağın qiyməti, işə clb olunmuş insanların əməkhaqqı, daşınma xərcləri təsir göstərir. İkincisi, Qazaxıstanda, Ukraynada, Rusiyada fermerlər bizim sahibkarları potensial alıcı bilərək onlara qiymətdə endirim edir. Onlar bilirlər ki, Azərbaycanda bu məhsula ƏDV tətbiq olunur, bu fərqi öz üzərilərinə götürməklə istehsal etdikləri taxılı satmağa maraq oyadırlar".
Xatırladaq ki, KTN 2010-cu ildə Azərbaycanda buğda istehsalının ötən illə müqayisədə az olacağını proqnozlaşdırıbı.
Üstəlik, DGK-nin taxıl idxalının artması barədə məlumatını əlavə etsək, bu cari ildə idxal məhsulunun artacağından xəbər vermirmi?
Ekspert bildirdi ki, Azərbaycana idxal edilən buğdanın həcmi əvvəlki illərdə olduğu qədər qalacaq. Bu norma 1 milyon 500 min-1 milyon 700 min ton civarındadır. Ciddi artım isə gözlənilmir.