Amaliya Pənahova: "Heç vaxt Akademik Milli Dram Teatrının direktoru vəzifəsinə iddialı olmamışam"
.jpg)
Respublikamızın baş teatrı olan Akademik Milli Dram Teatrı ətrafında yeni olaylar yaşanmaqdadır. Yadınıza salaq ki, Akademik Milli Dram Teatrında istər sovet, istərsə də müstəqillik dövründə həmişə qalmaqal müşahidə edilib. Hansısa bir görkəmli rejissorun, aktyorun teatra
rəhbər təyin edilməsi teatr əməkdaşlarının narazılığına səbəb olub. Teatrın bir qrup yaradıcı heyəti vaxtilə mərhum Mehdi Məmmədovdan da, Tofiq Kazımovdan da, xalq artistləri, "Azdrama"nın direktoru işləmiş Həsənağa Turabovdan da, Əliabbas Qədirovdan da narazı olub.
Ə.Qədirovun vəfatından sonra bu teatrın rəhbərliyi Bakı Dövlət Sirkinin sabiq direktoru Maqbet Bünyadov gətirildi. Teatrın yaradıcı və texniki heyəti əvvəlcə M.Bünyadovu yaxşı qarşılasa da, sonradan onun iş üsulundan narazılıq etməyə başladı. M.Bünyadovun "Azdrama"ya rəhbərlik etdiyi ilk bir-iki ildə teatr ictimaiyyətində belə bir məlumat dolaşdı ki, aktyor Azər Mirzəyev bu teatra direktor təyin ediləcək. Lakin xəbər özünü doğrultmadı. İndi isə yerli mətbuat yazır ki, Maqbet Bünyadov vəzifəsindən uzaqlaşdırılacaq və Bakı Bələdiyyə Teatrının yaradıcısı və direktoru, xalq artisti Amaliya Pənahova bu teatra direktor gətiriləcək. Pia.az saytının xəbərinə görə, 35 il "Azdrama"da aktrisa kimi çalışan və bütün baş rolları ifa edən A.Pənahova 1992-ci ildə teatrı tərk edərək öz teatrını yaradıb. A.Pənahova lent.az-a açıqlamasında Akademik Milli Dram Teatrına direktor təyin edilib-edilməyəcəyinə aydınlıq gətirməyib, aktrisa sadəcə onu deyib ki, teatr aləmində onunla intriqa aparan qüvvələr var. Amaliya Pənahova "Bakı-Xəbər"in sualını isə təəccüblə qarşıladı. Məlumatı birmənalı olaraq təkzib edən aktrisanın sözlərinə görə, ola bilsin, bəzi adamların piara ehtiyacı olduğu üçün bu məsələdə onun adını hallandırıb: "Bu barədə kim yazıb? Onlar nə ixtiyarla mənimlə bağlı yanlış məlumatlar yayır? Belə mənasız söhbətlər kimə lazımdır? Öz teatrıma nə gəlib ki, başqa teatrın direktoru olum? Bakı Bələdiyyə Teatrı dövlət teatrıdır. Öz teatrımı 17 ildir ki, doğma balam kimi inkişaf etdirirəm. Görünür, kimlərəsə reklam, piar lazımdır, ona görə mənim adımdan istifadə edir. Mən heç vaxt Akademik Milli Dram Teatrının direktoru vəzifəsinə iddialı olmamışam. Olsaydım, 15 il əvvəl ora direktor gedərdim. Yayılan xəbərlərin heç bir əsası yoxdur. Mən öz işimlə, teatrımla məşğulam".