18/03/2019 18:36
728 x 90

Prezidentin yaradıcılıq ittifaqlarına ayırdığı yardım onların bir çoxunun illik büdcəsindən az qala çox oldu...

img

Rəşad Məcid: “Bu vəsait əsasən AYB-nin 85 illik yubiley tədbirlərinin keçirilməsi məqsədilə ayrılıb”
Firəngiz Əlizadə: “650 min manatı hələlik hansı istiqamətə xərcləyəcəyimizi planlaşdırmamışıq”
Məhərrəm Qasımlı: “... bizə göstərilən dövlət dəstəyinin təzahürüdür”

 

Azərbaycanda yaradıcılıq ittifaqları və birlikləri Sovet dövründə yaradılsa da, bir sıra keçmiş ittifaq respublikalarından fərqli olaraq, bu gün də fəaliyyətlərini davam etdirirlər. Halbuki, bir sıra respublikalarda bu kimi birliklər ya fəaliyyətini tamamilə dayandırıb, ya da ictimai əsaslarla öz işlərini davam etdirirlər. Bizim ölkədə isə, ənənəvi olaraq, yaradıcılıq ittifaqları və birlikləri dövlət büdcəsindən aldıqları dotasiya ilə öz mövcudluqlarını qoruyurlar.

Bilirik ki, Sovetlər Birliyi dağıldıqdan sonra Azərbaycandakı yaradıcılıq qurumları olduqca ağır duruma düşdü. Dövlət onlara maliyə yardımı göstərməsəydi, yəqin ki, indi bu birliklərin çox az bir hissəsi fəaliyyət göstərə bilərdi. Hər il ardıcıl olaraq dövlət büdcəsindən yaradıcılıq ittifaq və birliklərinə xeyli məbləğdə vəsait ayrılır. Buna baxmayaraq, həmin təşkilatlar narazılıq edirlər ki, onlara ayrılan vəsait çox azdır və bununla az iş görmək olur. Onların iddialarına baxmayaraq, reallıq bundan ibarətdir ki, son bir neçə ildə dövlət büdcəsindən yaradıcılıq qurumlarına vəsaitin həcmi xeyli artırılıb. 2012 və 2013-cü illərdə bu qurumlara ayrılan vəsaitlər indi ikiqat artırılıb. Həmin dövr ərzində Azərbaycan Yazıçılar Birliyinə 500 min manat, Azərbaycan Bəstəkarlar İttifaqına 335,6 min manat, Azərbaycan Rəssamlar İttifaqına isə 181,7 min manat ayrılıb. Sonrakı dövrlərdə isə bu vəsait bir qədər də artırılıb. Azərbaycan Yazıçılar Birliyinin hazırkı büdcəsi 1 milyon manatdan bir qədər azdır. Azərbaycan Bəstəkarlar İttifaqının büdcəsi isə 440 min manat təşkil edir. Rəssamlar İttifaqının büdcəsinin 300 min manata yaxın olduğu bildirilir.

Bu günlərdə Prezident İlham Əliyev “Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 (səkkiz yüz) min manat, Azərbaycan Bəstəkarlar İttifaqına 650 (altı yüz əlli) min manat, Azərbaycan Rəssamlar İttifaqına 350 (üç yüz əlli) min manat, Azərbaycan Respublikası Kinematoqraflar İttifaqına 300 (üç yüz) min manat, Azərbaycan Memarlar İttifaqına 250 (iki yüz əlli) min manat, Azərbaycan Teatr Xadimləri İttifaqına 250 (iki yüz əlli) min manat və Azərbaycan Aşıqlar Birliyinə 250 (iki yüz əlli) min manat vəsait ayrılıb.

Azərbaycan Yazıçılar Birliyinə (AYB) ayrılan birdəfəlik maliyyə yardımı elə onun illik büdcəsi qədərdir. 

Bu gün Azərbaycan Yazıçılar Birliyinin müxtəlif bölgələrdə xeyli sayda filialı fəaliyyət göstərir, bu filiallarda onlarla yazıçı, şair və publisist təmsil olunur.

Azərbaycan Yazıçılar Birliyi bu quruma ayrılan 800 min manatı il ərzində hansı məqsədlər üçün xərcləyəcək?

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid “Bakı-Xəbər”ə bildirdi ki, Birliyə ayrılan 800 min manat əsasən AYB-nin 85 illik yubiley tədbirlərinin təşkil edilməsinə yönəldiləcək. “Bu il Azərbaycan Yazıçılar Birliyinin 85 illik yubileyidir. Bu yubileyin təşkil edilməsi üçün maliyyə vəsaitinin ayrılması üçün Birlik tərəfindən hökumətə müraciət edildi. Bu vəsait əsasən AYB-nin 85 illik yubiley tədbirlərinin keçirilməsi məqsədilə ayrılıb”.

R.Məciddən AYB-nin bölgələrdə fəaliyyət göstərən filiallarının bu vəsaitdən bəhrələnməsinin nə dərəcədə mümkünlüyünü də soruşduq. O bildirdi ki, bu il AYB tərəfindən həm “Nəsimi ili”, həm də yazıçıların yubileyləri ilə bağlı tədbirlər keçiriləcək. Prezidentin ehtiyat fondundan AYB-yə ayrılan maliyyə vəsaitinin xərclənməsi istiqamətləri ilə əlaqədar olaraq layihə hazırlanıb. “Əsas məsələ isə Birliyin qurultayı və 85 illik yubileyidir ki, bu tədbirlərə də xaricdən çoxlu qonaq dəvət ediləcək. Onların bura gəlməsi, yerləşdirilməsi, tədbirlərin keçirilməsi bu vəsait hesabına olacaq. Yazıçılar Birliyinin büdcəsinə gəlincə isə, qurumun illik büdcəsi 1 milyon manatdan azdır, təxminən 700-800 min manatdır” - deyə R.Məcid bildirdi.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə isə bizimlə söhbətində bildirdi ki, bu quruma ayrılan birdəfəlik yardım qurumun illik büdcəsindən artıqdır. “Prezident bütün yaradıcılıq ittifaq və birliklərinin problemlərinin çox operativ şəkildə həll edilməsi məsələsində bütün məmurlara bir nümunə göstərdi. Cənab Prezident bizi dinlədi və çətinliklərimizin aradan qaldırılması istiqamətində çox çevik addım atdı. Çox istərdim ki, məmurlar da Prezidentdən nümunə götürsünlər və yaradıcılıq ittifaqlarına ayrılan vəsaitlərin tez bir zamanda qurumların hesabına köçürülməsini təmin etsinlər. Bizə 650 min manat vəsait ayrılıb. İttifaqın illik büdcəsi isə 440 min manatdır. Biz bu vəsaiti əsasən binanın saxlanmasına, tədbirlərin təşkil edilməsinə, bəstəkarların yubiley və xatirə günlərinin keçirilməsinə və s. xərcləyirik. Prezident tərəfindən ayrılan 650 min manatı hələlik hansı istiqamətə xərcləyəcəyimizi planlaşdırmamışıq. Çünki vəsait köçürülmədiyi üçün, xərcləmə layihəsini hazırlamamışıq. Bilirsiniz ki, biz Şəkidə “İpək yolu” musiqi festivalı keçiririk. Festivalın keçirilməsinə çox az bir müddət qalıb. Biz ora qonaqlar dəvət etməliyik, proqram tutmalıyıq və s. Bunlar hamısı isə maliyyə ilə bağlı məsələdir. Vəsait köçürüldükdən sonra görəcəyimiz işlər barədə açıqlama verərik” - deyə bildirən F.Əlizadə onu da nəzərə çatdırdı ki, qurumun 5 filialı var və hər zaman onlara da diqqət yetirilir.

Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri professor Məhərrəm Qasımlının bildirdiyinə görə isə  AAB-ın illik büdcəsi əvvəllər 50 min manat olsa da, hazırda 100 min manata yaxındır. Birlik sədri qeyd etdi ki, Prezident tərəfindən quruma ayrılan 250 min manat ustad aşıqların irsinin toplanıb nəşr edilməsinə, habelə onların yubileylərinin keçirilməsinə, eləcə də Beynəlxalq Aşıq Festivalının təşkil edilməsinə və Birliyin jurnallarının nəşrinə xərclənəcək. “Prezidentin Aşıqlar Birliyinə ayırdığı birdəfəlik yardım bizə göstərilən dövlət dəstəyinin təzahürüdür. Bizə ayrılan 250 min manatı Birliyin maddi-texniki bazasının gücləndirilməsinə, eləcə də ustad aşıqlarımızın irsinin nəşrinə, ustadalrın yubileylərinin, xatirə günlərinin keçirilməsinə, gənc aşıqların disklərinin hazırlanmasına, “Ozan” ensiklopediyasının çapına və s. xərcləyəcəyik. Bundan başqa, bu il III Beynəlxalq Aşıq Festivalını da keçirəcəyik. Festival da bu vəsait hesabına təşkil ediləcək” - deyə M.Qasımlı vurğuladı.

İradə SARIYEVA  

Son xəbərlər