24/03/2019 03:49
728 x 90

“Bir də görürsən beş-üç şou müğənnisi müxtəlif verilişlərin canlı yayımında pul dilənir”

Xəyalə Rais: “Hətta onlar toylarda da bu vasitələrdən istifadə edirlər”

img

Bütün neqativ hərəkətlər, cəmiyyət üçün ziyanlı olan hallar şou müğənnilərindən çıxır. Bir-birini müxtəlif yollarla gözdən salmağa çalışan, boş yerə qalmaqallar yaradan, hətta qarşılıqlı olaraq şantaja əl atmaqdan belə çəkinməyən şou müğənniləri son zamanlar daha bir qalmaqallı məsələ ilə gündəmə gəliblər.

Onlara yaradılan canlı efir imkanlarından istifadə edərək müxtəlif imkanlı şəxslərdən pul dilənməyə başlayıblar. Şou müğənnilərinin dilənçilik əməllərini həyata keçirməsi üçün bəzi şou verilişləri aparıcılarının da onlar üçün şərait yaratdığı gizlin deyil. Bir çox şou müğənniləri “xəstəlik” nömrəsindən istifadə edərək ianə toplayır, həmin ianə ilə özlərinin kredit borclarını bağlayır, özlərinə mal-mülk alırlar. Bunu onların özlərinin şou saytlarına verdikləri açıqlamalar da təsdiqləyir ki, bu adamlar həqiqətən də xəstə deyillər və onlar, sadəcə, bu üsuldan istifadə edirlər.

Şou müğənnilərinin onlara yaradılan efir imkanlarından öz şəxsi məqsədləri üçün istifadə etməsi adi hala çevrilib.

Mədəniyyətşünas Xəyalə Rais bizimlə söhbətində bilirdi ki, şou müğənniləri həm teleproqramlarda, həm də sosial şəbəkələrdə yayımladıqları videolarda öz şəxsi maraqlarını dilə gətirirlər. O qeyd etdi ki, hətta bəzi şou müğənniləri məmurların və iş adamlarının iştirak etdiyi toylarda belə ianə toplamaqla məşğul olurlar. “Şou müğənniləri öz şəxsi maraqlarını təmin etmək məqsədilə istənilən oyuna gedirlər. Yalnız bizim ölkədə şou müğənniləri efirdən onlara yaradılan imkanlardan şəxsi məqsədlər üçün istifadə edirlər. Bu yaxınlarda şou-biznesdə olan insanlardan biri bəzi aparıcıların dəstəyilə “ağır xəstəliyə düçar olduğunu” bəyan etdi və onun xəstə olduğuna inanan insanlar ona külli miqdarda pul verdilər. O isə pul yığılandan sonra elan etdi ki, xəstə deyiləm, sadəcə, banka borcum vardı, ona görə bu yola əl atdım. Yaxud başqa bir şou-biznesçi efirdən özünə sponsor axtarır. Deyir ki, pulum olsaydı, yeni mahnılar yazdırardım, kaş bir nəfər sponsor olaydı. Bir də görürsən beş-üç şou müğənnisi müxtəlif verilişlərin canlı yayımında pul dilənir. Düzdür, onlara kömək edənlər olur, hətta maşın, ev, bahalı hədiyyələr alanlar da tapılır. Bəzi şou-biznesçilər bu əməlləri ilə mədəni dilənçiliklə məşğul olurlar. Hətta onlar toylarda da bu vasitələrdən istifadə edirlər. Görürlər ki, toyda imkanlı adamlar, məmurlar iştirak edir, orada da pul dilənirlər” - deyə X.Rais bildirdi.

O qeyd etdi ki, şou müğənnilərinin öz maraqlarını təmin etmək üçün istifadə etdikləri metodlar onları gözdən salmağa xidmət edir. Onun sözlərinə görə, “Facebook”, “İnstagram” və digər sosial şəbəkələrdə bəzi şou müğənnilləri bu yolu tutublar, onlar canlı yayım yaradaraq pullu insanlara səslənirlər ki, bizə imkan dərəcəsində dəstək olun. “Hətta elə hallar olur ki, onlar yalandan “uşaq və qocalar evinə yardım toplayırıq, siz də bizə dəstək olun” deyirlər. Şou müğənnilərinin bu əməlləri ciddi şəkildə qınanmalıdır” - deyə müsahibimiz bildirdi.

Aytəkin KƏRİMLİ 

Son xəbərlər