24/03/2019 03:51
728 x 90

Mirzə Cəlil irsindəki müsəlman-erməni münasibətlərinə aid fraqmentləri redaktə edəkmi - ədəbi dairələrdə kəskin diskussiya gedir...

img

Sabir Rüstəmxanlı: “Mirzə Cəlilin heç bir sözünə toxunmaq olmaz”
Səfər Alışarlı: “Mirzə Cəlil böyük yazıçıdır, onu heç bir regional, heç bir milli çərçivə ilə məhdudlaşdırmaq olmaz”
Buludxan Xəlilov:Konkret olaraq erməni məsələsinə gəldikdə isə, çox tövsiyə edərdim ki, Mirzə Cəlili redaktə etmək istəyənlər onun “Poçt qutusu” hekayəsini yenidən oxusunlar”

 

Günəşin üzünü suvamaq mümkün olmadığı kimi, xalqımızın tarixi taleyində mühüm rol oynayan şəxsiyyətlərin də mütərəqqi əməllərinə kölgə salmaq mümkünsüzdür. 100 ildən artıqdır Cəlil Məmmədquluzadənin (Mirzə Cəlil) əsərləri, hekayə və felyetonları ictimai-ədəbi fikrimizin əsas hərəkətverici qüvvəsinə çevrilib.

Bəzən təəssüf ki, bunu görməzdən gələnlər tapılır. Son zamanlar bir qrup insan gündəmə gəlmək üçün meydana atılıb ki, bəs demə, Mirzə Cəlilin hekayələrinin, əsərlərinin redaktəyə ehtiyacı var (?). İddia edirlər ki, onun əsərləri, konkret olaraq məşhur “Poçt qutusu” hekayəsi redaktə olunmalıdır, guya ki, ədib burada erməni uşağının Novruzəlidən daha ağıllı olduğunu göstərib, bununla da ermənilər bizi gülüş hədəfinə çeviriblər (?). Bir neçə gündür mediada əsas müzakirə mövzusuna çevrilən bu məsələyə verilən reaksiyalar “Mirzə Cəlilin əsərləri redaktə olunmalıdır” deyən adamın özünü gülüş hədəfinə çevirib.

Azərbaycanlı-erməni münasibətləri kontekstində Mirzə Cəlilin əsərlərinin doğrudanmı redaktəyə ehtiyacı var?

Görkəmli ədəbiyyat xadimi, xalq şairi Sabir Rüstəmxanlı mövzu ilə bağlı “Bakı-Xəbər”ə  açıqlamasında bildirdi ki, Mirzə Cəlilin bir sözünə belə toxunmaq olmaz. “Mirzə Cəlil dahidir və tarix durduqca, Azərbaycan xalqı durduqca, o yaşayacaq. Dünya ədəbiyyatında öz xalqının içindəki neqativ hallara Mirzə Cəlildən və Sabirdən daha kəskin münasibət bəsləyən yazıçılar, şairlər olub.  İndi onların hamısının əsərləri redaktə olunmalıdır? Ona görə də Mirzə Cəlilin heç bir sözünə toxunmaq olmaz. Nə “Poçt qutusu”na, nə “Kamança”ya, nə də başqa əsərlərinə toxunulmamalıdır. Mirzə Cəlil o cür görüb və hər şeyi gözəl də görüb” - deyə S.Rüstəmxanlı bildirdi. 

Tanınmış yazıçı Səfər Alışarlı da hesab edir ki, Mirzə Cəlilin əsərlərini redaktə etmək olmaz: “...Nəyə görə bunlara toxunmaq, yəni Mirzə Cəlili redaktə etmək olmaz? Çünki bu, XIX-XX əsr Azərbaycan ədəbiyyatında yeganə nəhəngdir ki, müstəmləkə zülmü altında inləyən kobud, köntöy, heç bir mədəni çərçivə tanımayan kölə toplumun real həyat həqiqətlərini bədii təsvir vasitələri ilə ifadə edib, onu böyük ədəbiyyatın halalca malına çevirə bilmişdi. Bunu yalnız dövrünə görə savadlı, fitrətinə görə son dərəcə istedadlı və vətənpərvər bir adam eləyə bilərdi. “Molla Nəsrəddin” jurnalı nəşr olunanda da hökumət, senzura, zəngin, kasıb, molla, şilləvuran, üzəduran, polis varıydı bu məmləkətdə. O təpkilərin bircəciyini bizə göstərsəydilər, Allah bilir, nə edərdik!

Mirzə Cəlil böyük yazıçıdır, onu heç bir regional, heç bir milli çərçivə ilə məhdudlaşdırmaq olmaz. Onun bədii yaradıcılığı böyük ümumbəşəri dəyərlərin daşıyıcısıdır”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, tanınmış dilçi-alim, professor Buludxan Xəlilovun fikrincə də Mirzə Cəlilin əsərlərinə toxunmaq olmaz. O qeyd etdi ki, ermənilərin iç üzünün, əsl mahiyyətinin açılmasında Mirzə Cəlilin mühüm rolu var. Onun sözlərinə görə, bu əsərlərdə ermənilər ifşa olunur. “Mirzə Cəlilin əsərlərinin heç bir redaktəyə ehtiyacı yoxdur. O, tarixi yazıb. Konkret olaraq, erməni məsələsinə gəldikdə isə, çox tövsiyə edərdim ki, Mirzə Cəlili redaktə etmək istəyənlər onun “Poçt qutusu” hekayəsini də, “Kişmiş oyunu”nu da, “Danabaş kəndinin əhvalatları”nı da yenidən oxusunlar və ona müasir düşüncə ilə yanaşsınlar. Mirzə Cəlil öz əsərlərini elə bir düşüncə ilə yazıb ki, orada erməni məsələsinə toxunarkən o, bütün zamanları adlayıb keçir. Əksinə, Mirzə Cəlil bu əsərlərdə erməni xislətini, ermənilərin iç üzünü, mahiyyətini açıb göstərib. Çox təəssüflər olsun ki, belə bir tendensiya baş alıb gedir. Bəzi insanlar, onların arasında müəyyən qələm sahibi olanlar da var, yazıçılarımızın əsərlərində erməni məsələsi ilə qarşılaşan kimi deyirlər ki, həmin yazıçıların bu cür əsərləri tədrisdən də çıxarılmalıdır, redaktə olunmalıdır, ümumiyyətlə, bu əsərlər ədəbiyyat tariximizdən silinməlidir. Həmin adamlar bilməlidir ki, bu əsərlər Sovet dönəmində təhlil olunub. Mirzə Cəlildən danışırıqsa, onun əsərlərinin yenidən azərbaycançılıq ideologiyası, məfkurəsi əsasında təhlil edilməsi ortaya yeni reallıqlar çıxaracaq. Birincisi, Mirzə Cəlilin nə qədər böyük sənətkar olduğu, onun erməniləri nə qədər dərindən tanıyıb xarakterizə etməsi, digər tərəfdən də onun güclü qələm sahibi olması meydana çıxacaq. Eyni zamanda da bu, yeni bir tendensiya yaradacaq. Yəni Mirzə Cəlildən başlayaraq erməni obrazını əsərlərinə gətirən digər yazıçılarımızı yenidən öyrənmək lazımdır. Onlar kimlərdir? Üzeyir Hacıbəyov, Yusif Vəzir Çəmənzəminli, Nəriman Nərimanov, Cəfər Cabbarlını yenidən öyrənib, bütün bunları ümumiləşdirib belə nəticəyə gəlmək, bəzi müasir ədəbi tənqidçilər, ədəbiyyatşünaslar bu məsələ ilə məşğul olub onların əsərlərini yenidən təhlil etmək əvəzinə, bu fikrə düşürlər ki, bu əsərləri ədəbiyyat tariximzdən çıxaraq, yaxud da redaktə edək. Mirzə Cəlil redaktə olunmayan yazıçıdır. O kifayət qədər milli bir insan olub və millətinin taleyi ilə məşğul idi. O hətta xalqının çatışmayan cəhətlərini tənqid edərkən də onu yanğı ilə, islah etmək naminə tənqid edib. Ona görə də tövsiyə edərdim ki, Mirzə Cəlilin yaradıcılığındakı erməni məsələsi redaktə yox, yenidən oxunub təhlil edilsin” - deyə B.Xəlilov qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər