24/03/2019 03:50
728 x 90

Teatr və konsert işçiləri də dövlətin sosial himayə paketindən bəhrələndi...

“Teatr və konsert müəssisələri əməkdaşlarının maaşlarının artırılması təqdirəlayiqdir”

img

Həsən Həsənov: “Mədəniyyət işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məsələsinə dövlətin bu dərəcədə əhəmiyyət verməsi müsbət haldır”

 

Son 10 gündə ölkənin mədəni həyatında bir sıra yaddaqalan hadisələr baş verib. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə kino və teatr sahəsinin inkişafına səbəb olan addımlar atılıb. Bura teatra və kinoya birdəfəlik maliyyə yardımının ayrılmasını, eləcə də ölkənin iki aparıcı teatrına akademik statusun verilməsi və s. daxildir.  

Mədəniyyət və incəsənət sahəsinə və bu sferada çalışanlara davamlı olaraq qayğı göstərən Prezident İlham Əliyev Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında da sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, ölkəmizdə teatr sənətinin daha da inkişaf etdirilməsi, teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılması təmin edilsin.

Bu sahədə çalışan insanların əməkhaqlarının 50 faiz artırılması mədəniyyət işçilərinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində atılan addımlardan biridir.

Əməkdar mədəniyyət işçisi Həsən Həsənov bizimlə söhbətində bildirdi ki, dövlət tərəfindən həyata keçirilən sosial siyasət ölkə əhalisinin bütün təbəqələrini əhatə edir. Prezidentin teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında imzaladığı sərəncamın bu sahədə işləyən insanlara böyük stimul verdiyini deyən H.Həsənovun bildirdiyinə görə, bu insanlar Prezident sərəncamını müsbət qarşılayırlar. “Teatr və konsert müəssisələri əməkdaşlarının maaşlarının artırılması təqdirəlayiqdir, bu çoxdan gözlənilən bir hadisə idi. Bu ilk növbədə teatr işçilərinin güzəranını yaxşılaşdıracaq, onların işə məsuliyyətini artıracaq. Həm də, elə bilirəm, ötən illərdən qalan bir çox problem, az da olsa, öz həllini tapacaq. Bu, Prezidentin Azərbaycan teatrına bir töhfəsidir. Mən bunu yüksək dəyərləndirirəm. Mədəniyyət işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məsələsinə dövlətin bu dərəcədə əhəmiyyət verməsi müsbət haldır” - deyə H.Həsənov qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər