24/03/2019 03:49
728 x 90

Azərbaycan teleefirində Koreya serialları nümayiş etdirilsə…

img

Ayaz Salayev: “Bizim ölkədə həqiqətən də sənət əsəri olan Koreya film və serialları nümayiş olunarsa, bunun çox müsbət effekti ola bilər”
Əli İsa Cabbarov: “Bu ölkədə istehsal edilən filmlərin Azərbaycan telekanallarında nümayiş olunmasından bizim tamaşaçılar 100 faiz qazanar”

 

Azərbaycan televziyalarında Koreya film və seriallarının yayımlanması məsələsi gündəmə gəlib. Bu təklif Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq-Opla Milli Televiziya və Radio Şurasının sədri (MTRŞ) Nuşirəvan Məhərrəmovun görüşündə səfir tərəfindən səsləndirilib. Səfir görüşdə Koreya film və seriallarının Azərbaycanda yayımlanmasında maraqlı olduqlarını gizlətməyib.

Bilirik ki, bəzi ölkələrin istehsal etdiyi film və seriallarda həmin ölkələrlə bağlı bəzən yanlış örnəklər “bədii yozum” altında bizim tamaşaçılara da təlqin edilir. Bu serial və filmlərə baxarkən insanda belə təəssürat yaranır ki, həmin ölkələrdə cinayətkarlığa, eləcə də digər neqativ hallara bəraət qazandırılır və bu filmlər vasitəsilə başqa cəmiyyətlərə ixrac edilir. Əslində isə bəzən kinematoqarflar bilərəkdən öz ölkələri haqqında təhriflərə yol verirlər.

Müasir Azərbaycan tamaşaçısının Koreya film və serialları haqqında elə də geniş təsəvvürü yoxdur. Bu baxımdan, Koreya film və serialları haqqında mütəxəssislərin fikirlərini öyrənmək istədik.

Koreya film və serilallarının bizim üçün maraqlı cəhətləri nədir? Bu örnəklər Azərbaycan tamaşaçısının diqqətini hansı göstəriciləri ilə cəlb edə bilər?

Kino mütəxəssislərinin bildirdiyinə görə, Azərbaycan və Koreya arasında bir sıra sahələrdə, o cümlədən də mədəniyyət sahəsində əməkdaşlıq mövcuddur. Bir neçə dəfə Azərbaycanda Koreya kinosu günlərinin keçirildiyini qeyd edən mütəxəssislərin bildirdiyinə görə, bu ölkənin istehsal etdiyi filmlər nəinki Bakıda, hətta Sumqayıtda, Lənkəranda və digər şəhərlərdə də nümayiş etdirilib.

Tanınmış kinoşünas Ayaz Salayev “Bakı-Xəbər”ə bildirdi ki, müasir Koreya film və seriallarının Azərbaycanda kütləvi nümayişi həyata keçirilərsə, bu çox müsbət hal olardı. A.Salayevin sözlərinə görə, hazırda Koreya kinosu dünyanın inkişaf edən kinolarından biridir. “Azərbaycan tamaşaçısı Koreya filmlərindən çox şey qazana bilər. Çünki əsl sənət əsəri olan Koreya kinosu son illər çox inkişaf edərək dünya səviyyəsinə çıxıb. Artıq neçə ildir bu filmlər dünya tamaşaçıları tərəfindən maraqla izlənir. Bizim ölkədə həqiqətən də sənət əsəri olan Koreya film və serialları nümayiş olunarsa, bunun çox müsbət effekti ola bilər. Koreya filmi bu gün özünün dirçəliş dövrünü yaşayır”-deyə A.Salayev qeyd etdi.

Tanınmış kino mütəxəssisi Əli İsa Cabbarov da bizimlə söhbətində Koreya filmlərinin başqa ölkələrin filmlərindən müsbət mənada çox fərqləndiyini dedi. O hesab edir ki, Koreya filmlərində müasir insanın düşüncəsi, onun daha qabarıq formada təzahürü əsas götürülüb: “Koreya filmləri çox inkişaf edib. Bu ölkədə istehsal edilən filmlərin Azərbaycan telekanallarında nümayiş olunmasından bizim tamaşaçılar 100 faiz qazanar. Tamaşaçılarımızın o filmlərə ehtiyacı var. Mən Koreya serialları ilə tanış deyiləm, ancaq filmləri ilə tanışam, mövzusu insan dramını, insan psixologiyasını ifadə edən gözəl nümunələrdir. O filmlər təbliğat filmləri deyil, sırf sənət əsərləridir. Bu filmlər festivallarda iştirak edir və çox yüksək qiymətləndirilir. Koreya filmləri bizim tamaşaçılar üçün çox maraqlı olar. Ümumiyyətlə, televiziyalar dünya kinosunun gözəl filmlərini nə qədər çox nümayiş etdirsələr, bundan tamaşaçılarımız qazanar”.

Həmsöhbətimiz, həmçinin, vurğuladı ki, bizim bəzi telekanallar dünyanın nüfuzlu kino festivallarında qalib olan Fransa, İtaliya, ABŞ, Koreya və s. ölkələrin filmlərini nümayiş etdirmir. O hesab edir ki, telekanallar belə filmlərin nümayişinə üstünlük verməlidirlər. 

İradə SARIYEVA

Son xəbərlər