24/03/2019 03:52
728 x 90

Bizim şou müğənnilərinin “Avroviziya”da iştirakçılıq istedadı getdikcə sönür...

Zəka Vilayətoğlu:“Bəzi şou müğənnillərinin vaxtilə “Avroviziya” mahnı müsabiqəsinə qatılmaq iddiası ilə çıxış etməsi yalnız onların özlərini reklam etməsinə hesablanırdı”

img

”Quru iddia ilə meydana çıxan şou-biznesçilər hiss edir ki, Azərbaycanı bu yarışmada təmsil etməyə onların istedadının gücü çatmır və iddaları mənasızdır, onda geri çəkilirlər”

Azərbaycanda şou-biznes sənət vasitəsinə çevirə bilmədi. Bu faktdır. Halbuki, şou göstərməklə, gözəl performans nümayiş etdirməklə şou-biznesi yüksək səviyyəyə qaldırmaq mümkün idi. Bizdə şounu şit, bayağı bir nəsnəyə çevirdilər, onun üzərində müxtəlif şəxsi maraqlara xidmət edən oyunlar qurdular. Bunu kənardan etmədilər, elə yerli şou-biznesçilər özləri etdilər.

Bizim şou-biznesçilər, kiçik məhəlli səviyyəli musiqi yarışmalarını nəzərə almasaq demək olar ki, heç bir beynəlxalq tutumlu musiqi yarışmasında iştirak etmirlər. Daha doğrusu, ifaları, repertuarları o səviyyədə deyil ki, Azərbaycanı hansısa nüfuzlu yarışmada təmsil etsinlər.

Götürək elə “Avroviziya” mahnı yarışmasını. Bildiyimiz kimi, Azərbaycan bu yarışmaya qatıldığı ilk illərdə bir sıra şou müğənniləri “Avroviziya”da  ölkəmizi təmsil etmək iddiası ilə çıxış edirdi. Hətta bəziləri bildirirdi ki, guya ondan yaxşı heç kəs bu yarıçmada ölkəmizi təmsil edə bilməz. Lakin onların çoxunun ifası dinlənilsə də, yekun nəticədə bizim şou-biznesçilərin ifasının bu yarışmaya layiq olmadığı üzə çıxdı. Onu da xatırladaq ki, bəzi şou-biznesçilər arasında bu yarışmaya qatılmaq uğrunda gərgin mübarizə də başlamışdı. Lakin son iki ildə, demək olar ki, şou müğənniləri “Avroviziya” mahnı yarışmasına elə də maraq göstərmir. Onların bəziləri iddia edir ki, bu mahnı yarışmasından çox siyasi məsələdir və ona görə də bu yarışlara maraq itib. Guya bunlar elə üstün sənət nümayiş etdirə bilirlər ki, onların ifasına xaricdəkilər qeyri-obyektiv (?) yanaşa bilər.

Şou-biznesçilərin “Avroviziya” mahnı müsabiqəsinə qatılmaq üçün ortaya qoyduqları iddanın sönməsinə musiqişünaslar birmənalı olaraq belə münasibət bildirir ki, bu müğənnilərin ifa tərzi yüksək deyil və onlar ölkəmizi həmin yarışmada təmsil etmək potensialına malik deyillər. Musiqşünasların fikrincə, bəzi müğənnilərin Azərbaycanı bu yarışmada təmsil etməklə bağlı iddia irəli sürməsi heç də onların bu yarışmada iştirak etmək istəyi ilə bağlı olmayıb, sadəcə, onlar bununla özlərinə ucuz reklam quraraq gündəmdə qalmaq istəyiblər.

Tanınmış bəstəkar, müğənni, yazıçı Zəka Vilayətoğlu baki-xeber.com-a bildirdi ki, şou-biznesçilərin bu iddiasının sönməsi təbiidir. O qeyd etdi ki, onların bir çoxunun məqsədi özlərini bu yolla reklam etmək olub. “Özünə güvənən və özünü istedad kimi dərk edən insanların bu yarışmaya qatılmaq istəyi təbiidir. Lakin istedadsız adamların nəyə qadir olduğunu dərk etməyərək “Azərbaycanı “Avroviziya”da mən təmsil edəcəyəm, yaxud etməliyəm” kimi iddialar irəli sürməsi mənasızdır. Bəzi şou müğənnilləri vaxtilə “Avroviziya” mahnı müsabiqəsinə qatılmaq iddiası ilə çıxış etməsi yalnız onların özlərini reklam etməsinə hesablanırdı. Bilirsiz, ola bilsin, bu iddiada olan hanısa bir müğənninin istedadı var və o özü istedadına güvənərək iddasını ortaya qoyur, ancaq onun savadsızlığı bu iddasını reallaşdırmağa imkan vermir. Şou müğənnilərinin bir çoxu mütaliədən kənardır, onlar oxumur. Sadəcə, musiqi sahəsinə qapanıb qalırlar. Sənəti olan hər kəs istəyər ki, “Avroviziya”da Azərbaycanı təmsil etsin. Təbii ki, seçim də ayrıca münsiflər heyəti tərəfindən aparılır. Onlar da elə adam seçməlidir ki, Azərbaycan musiqisini beynəlxalq səviyyədə layiqincə təmsil etsin. İddiaçılar həmişə olur. O ki qaldı bəzi şou-biznesçilərin “Avroviziya”da Azərbaycanı təmsil etmək iddiasından əl çəkməsinə, zənnimcə, bunun iki səbəbi var. Birincisi, bu onunla bağlıdır ki, onlar öz sənətinin çəkisini bilir və dərk edir ki, bu yarışmada yüksək səviyyədə çıxış edə bilməz, yəni buna onun potensialı yoxdur. İddiasının mənasız olduğunu hiss etdiyi üçün geri çəkilir. Digər səbəb isə odur ki, ola bilsin, çox istedadlıdır və öz dəyərini ala bilmir, ruhdan düşüb iddiasını geri götürür. Quru iddia ilə meydana çıxan şou-biznesçilər hiss edir ki, Azərbaycanı bu yarışmada təmsil etməyə onların istedadının gücü çatmır və iddaları mənasızdır, onda geri çəkilirlər”-deyə Z.Vilayətoğlu qeyd etdi.

İradə SARIYEVA

 

Son xəbərlər