18/03/2019 18:39
728 x 90

Aşıq Sənəti Muzeyi...

Məhərrəm Qasımlı: “Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyinin yaradılması və onun binasının tikintisinin başa çatdırılması üçün Prezident sərəncamı ilə vəsait ayrılması dövlətin milli dəyərlərimizə verdiyi böyük qiymətin təzahürüdür”

img

“Bu muzey aşıq sənəti ilə bağlı yaradılan ilk rəsmi muzeydir”

 

“Aşıq sənətinə qayğı siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. O, zaman-zaman ustad aşıqların yubileylərinin keçirilməsi, onların yaradıcılıq irsinin çap olunması ilə bağlı sərəncamlar imzalayıb. Bu gün aşıq sənətinə dövlət qayğısı çox yüksək səviyyədədir və cənab Prezident İlham Əliyev bu sahənin inkişafına xüsusi diqqət yetirir. Dövlət səviyyəsində mütəmadi olaraq ustad aşıqların yubileyləri, xatirə günləri qeyd edilir. Bu olduqca təqdirəlayiq bir haldır.

Prezident İlham Əliyevin Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyi binasının tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamı aşıq sənətinə verilən ən ali dəyərlərdən biri hesab edirəm. Tovuzda aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyi binasının tikintisi bütün aşıqlar tərəfindən yüksək qiymətləndirilir və Azərbaycan Aşıqlar Birliyi sədri olaraq cənab Prezidentə öz adımdan və aşıqlar ordusu adından böyük təşəkkürümü çatdırmaq istəyirəm. Yeri gəlmişkən, bildirim ki, milli musiqi alətimiz olan saz müxtəlif muzeylərin ekspozisiyasında, sərgilərində yer tutsa da, ayrıca aşıq sənəti muzeyimiz yox idi. Bu muzey aşıq sənəti ilə bağlı yaradılan ilk rəsmi muzeydir. Bu muzey qədim tarixə malik olan aşıq sənətinin təbliğində, xalq arasında geniş yayılmasında çox mühüm rola malik olacaq”.

Bunu “Bakı-Xəbər”ə Tovuz rayonunda Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyi binasının tikintisi işlərinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli, 890 nömrəli Sərəncamına münasibət bildirərkən Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib.

O, həmçinin, vurğuladı ki, bu muzeyin inşasının başa çatdırılması üçün Mədəniyyət Nazirliyinə 3 160 000 (üç milyon yüz altmış min) manat ayrılması muzeyin inşa edilərək aşıqsevərlərin ixtiyarına verilməsini reallaşdıracaq. “Bu muzeyin yaradılması, dövlət tərəfindən onun üçün ayrıca bina inşa edilməsi çox mühüm hadisədir. Bilirsiniz ki, dövlətin, Mədəniyyət Nazirliyinin aşıq sənətinin inkişafı ilə bağlı konkret proqramı var. Tovuzda Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyinin yaradılması da bu proqrama daxildir. Aşıq sənətinin inkişafı ilə bağlı çoxsaylı layihə həyata keçirilir və bu layihələrin hər biri bizi sevindirir.

Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESCO-nun Azərbaycandakı xoşməramlı səfiri, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın qayğısı və təşəbbüsü ilə Azərbaycan aşıq sənətinin 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilməsi hadisəsi aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu beynəlxalq səviyyədə bir daha təsdiqlədi. Aşıq sənəti hər zaman dövlətin qayğısı ilə əhatə olunub. Bu da sözsüz ki, bizə xoş təsir bağışlayır.

Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyinin yaradılması və onun binasının inşasının başa çatdırılması üçün Prezident sərəncamı ilə vəsait ayrılması dövlətin milli dəyərlərimizə verdiyi böyük qiymətin təzahürüdür” - deyə M.Qasımlı bildirdi.

İradə SARIYEVA

Son xəbərlər