18/03/2019 18:43
728 x 90

Uşaq xalq çalğı alətləri ansambllarının bu günü...

img

Oqtay Rəcəbov:Uşaq musiqi kollektivlərinin fəaliyyəti gücləndirilməlidir”
Elçin Abbasov: “Bakının müxtəlif musiqi məktəblərindən seçilən 50 şagirdin yer aldığı xalq çalğı alətləri orkestri 2009-cu ildən uğurla fəaliyyət göstərir”

 

Uşaq musiqisinin inkişafı olduqca vacibdir. Bu gün Azərbaycanda uşaq musiqisinin səviyyəsi bir sıra mütəxəssisləri qane etmir. Onlar hesab edirlər ki, həm uşaq xalq çalğı alətləri orkestrlərinin, həm uşaq xorunun, həm də digər bu sahədə olan kollektivlərin fəaliyyəti gücləndirilməlidir.

Qeyd edək ki, bu gün Azərbaycanda müxtəlif uşaq musiqi kollektivləri fəaliyyət göstərir və onlardan “Bənövşə” uşaq xoru, uşaq və gənclər xalq çalğı alətləri orkestri və digərilərinin adlarını çəkə bilərik. Onu da vurğulayaq ki, ölkədə mövcud olan musiqi məktəblərinin bir çoxunda da ayrıca uşaq musiqi kollektivləri var.   

Xalq artisti, tanınmış uşaq bəstəkarı Oqtay Rəcəbov bizimlə söhbətində bildirdi ki, Sovet dövründə bu sahədə mövcud olmuş bir sıra ənənələr var, onların bu gün də davam etdirilməsi vacibdir. Onun sözlərinə görə, bu gün uşaq musiqi kollektivlərinin vəziyyəti elə də ürəkaçan deyil: “Uşaq musiqi kollektivlərinin vəziyyəti yaxşı deyil. Sovet dövründə bu məsələyə daha çox diqqət yetirilirdi. Biz  bu ənənəni davam etdirməli idik. Bu ənənəni davam etdirmədiyimiz üçün, bu sahədə müəyyən qayğılar var. Uşaqların bilik və bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların estetik tərbiyəsi ilə də məşğul olmalıyıq. Bu sahədə biz çox axsayırıq. Bu aradan qaldırılmalıdır. Mən bir neçə dəfə mətbuatda çıxış etmişəm ki, orta ümumtəhsil məktəblərində ikinci növbədə ödənişli musiqi dərnəkləri yaradılsın və oradan əldə edilən maddi gəlirlərdən həm məktəbin maddi bazası düzəlsin, həm də dövlət büdcəsinə vergilər daxil olsun. Təxminən bir ay bundan əvvəl Milli Məclis ümumtəhsil məktəbləri ilə bağlı qanun qəbul etdi və burada yer alan məsələlərdən biri də məktəblərə pul qazanmaq üçün səlahiyyətlər verilməsidir. Çox sağ olsunlar, bu çox vacibdir”.

Oqtay müəllim “Bakıda “Bənövşə” uşaq xoru, eləcə də Dövlət Uşaq Filarmoniyasının nəzdində uşaq-gənclər xalq çalğı alətləri orkestri fəaliyyət göstərir. Bəs onların fəaliyyəti necə, sizi qane edirmi” sualımıza O.Rəcəbov “Bu kollektivlər var, fəaliyyət göstərirlər. Ancaq uşaq musiqi kollektivləri kütləvi şəkildə olmalıdır. Çünki estetik tərbiyəsi onların həyatında çox mühüm rol oynayır. Bu baxımdan, uşaq musiqi kollektivlərinin fəaliyyəti gücləndirilməlidir. Orta ümumtəhsil məktəblərində musiqi dərslərinə çox saat ayrılmalıdır. Mən vaxtilə respublikada ilk dəfə olaraq  İncəsənət Gimnaziyası adlı bir məktəb yaratdım. Ora internat idi. Mən həmin gimnaziyaya on il rəhbərlik etdim, sonra elmi işlərimlə əlaqədar oranı tərk etdim. Bu gün bizim məktəblərin 50 faizi musiqi profilli məktəblər olmaldır. Çünki bu çox vacibdir” - deyə cavab verdi.

Uşaq və gənclər xalq çalğı alətləri orkestrinin direktoru Elçin Abbasov isə “Bakı-Xəbər”ə bildirdi ki, bu kollektiv daim öz uğurlu çıxışları ilə diqqəti çəkir. O qeyd etdi ki, burada fəaliyyət göstərən uşaqlar arasında laureat adı alanlar da çoxdur: “Bizim kollektivdə çox istedadlı uşaqlar var. Kollektiv Mədəniyyət Nazirliyinin qərarı ilə 10 ildir yaradılıb və bu illər ərzində bir sıra uğurlara imza atıb. Nəsillər dəyişir, bir uşaq gedir, onun yerinə başqa bir uşaq gəlir. Musiqi məktəblərinin özləri bizimlə əməkdaşlıq etməkdə maraqlıdırlar. Bir də görürsən ki, hansısa bir musiqi məktəbindən bizimlə əlaqə saxlayıb deyirlər ki, bizdə çox gözəl nağara ifaçısı var, başqa birisi “istedadlı qaboy ifaçımız var” deyir. Biz istedadlı uşaqları öz kollektivimizə dəvət edirik. Onlar respublikanın, demək olar ki, çox yerlərində konsert proqramları ilə çıxış edirlər. Uşaq və gənclər xalq alətləri orkestrinə böyük dövlət qayğısı var və nazirlik kollektivə hər zaman böyük diqqət göstərir” - deyə E.Abbasov vurğuladı.

O, həmçinin, bildirdi ki, kollektivin repertuarında Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Vasif Adıgözəlovun, Tofiq Quliyevin və başqa bəstəkarların əsərləri yer alır. “Bakının müxtəlif musiqi məktəblərindən seçilən 50 şagirdin yer aldığı xalq çalğı alətləri orkestri 2009-cu ildən uğurla fəaliyyət göstərir. Ötən müddətdə uşaqların yarıdan çoxu respublika müsabiqələrinin qalibi olub, 7 nəfər Prezident təqaüdünə layiq görülüb” - deyə müsahibimiz qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər