18/03/2019 18:41
728 x 90

Adi teatr və akademik teatr - Prezidentin açdığı dəyişmə prosesinin mahiyyəti nədir…

img

Əliqismət Lalayev: “Teatrımıza akademik statusun verilməsi bizi daha da məsuliyyətlə fəaliyyət göstərməyə sövq edir”
İlham Məmmədov: “Teatrımıza akademik statusun verilməsi həm əməkdaşlarımızın əməkhaqqının artmasına səbəb olacaq, həm də bu, yaradıcılıq işimizə daha böyük stimul verəcək”

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına akademik statusu verilməsi ilə bağlı sərəncam imzalayıb. Ölkəmizin bu iki aparıcı teatrına akademik statusun verilməsi onların fəaliyyətində hansı rolu oynayacaq? Bu status teatrlara nə verəcək?

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev “Bakı-Xəbər”ə bildirdi ki, rəhbərlik etdiyi teatra akademik statusunun verilməsi çox əlamətdar bir hadisədir. Ə.Lalayevin qeyd etdiyinə görə, bu status böyük tarixi ənənəsi olan teatra Prezident tərəfindən verilən böyük dəyərdir. “Akademik adı teatr üçün ən yüksək statusdur. Teatrda bundan yuxarı status yoxdur. Azərbaycan Dövlət Musiqili Teatrına akademik statusunun verilməsi teatrın həyatında çox mühüm rol oynayacaq. Əvvəla bu, teatrda çalışanların əməkhaqqının qalxmasına səbəb olacaq. Digər tərəfdən də bizim teatrın nüfuzu daha da artacaq. Biz buna görə cənab Prezidentə təşəkkür edirik. O həmişə bizim teatrı düşünür, teatrımıza qayğı göstərir. Bunun bariz nümunəsi Prezidentin sərəncamı ilə bizim teatra akademik statusunun verilməsidir. Bu, aktyorlara, rejissorlara, bir sözlə, yaradıcı və texniki heyətə böyük stimul verəcək. Bilirsiniz, akademik adı elə bir statusdur ki, bu ad altında işləmək aktyorlar üçün böyük şərəfdir. Bu həm də aktyorların, rejissorların öz işlərinə məsuliyyətinin artmasına səbəb olacaq. Artıq əməkdaşlarımız anlayırlar ki, elə bir teatrda çalışırlar, həmin teatrın hər yerdə nüfuzunu qorumaq lazımdır. Onsuz da bizim teatrda hər zaman yüksək nizam-intizam olub. Ancaq indi daha böyük məsuliyyət daşıyırlar ki, biz akademik statusu olan teatrda işləyirik. Bu onların həyatında, fəaliyyətində çox böyük əhəmiyyət daşıyır”.

Ə.Lalayev, həmçinin, qeyd etdi ki, akademik statusu teatrın repertuarına da təsirsiz ötüşməyəcək. Onun sözlərinə görə, bundan sonra teatrda daha yüksək səviyyəli əsərlər tamaşaya qoyulacaq. “Qoy deməsinlər ki, akademik teatrda, görün, necə tamaşalar hazırlanır… Onsuz da biz repertuara ciddi nəzarət edirik, gözəl tamaşalarımız var. Bu tamaşalar həmişə tamaşaçılarımızı sevindirib. Sadəcə olaraq, teatrımıza akademik status verilməsi bizi daha da məsuliyyətlə fəaliyyət göstərməyə sövq edir” - deyə Ə.Lalayev bildirdi.

Rus Dram Teatrının direktor müavini İlham Məmmədov “Bakı-Xəbər” açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin Azərbaycan Dövlət Rus Dram Teatrına akademik statusunun verilməsi haqqında sərəncamı bu teatra dövlətin böyük diqqət və qayğısınının göstəricisidir. O qeyd etdi ki, akademik statusu teatr kollektivinin məsuliyyətini daha da artıracaq. “Bizim teatra akademik statusun verilməsi teatrımızın həyatında çox mühüm rol oynayacaq. Bilirsiniz ki, Dövlət Rus Dram Teatrı ənənəsi olan teatrdır və bizim teatrda həmişə yüksək səviyyəli tamaşalar hazırlanıb. Rus Dram Teatrında müasir tamaşaçının maraq və zövqü hər zaman nəzərə alınır. Bizdə həm uşaqlar, həm də böyüklər üçün maraqlı tamaşalar hazırlanır. Onu da bildirim ki, bu tamaşalara həm yerli tamaşaçılar, həm də şəhərimizin qonaqları, turistlər çox maraqla baxırlar. Teatrımıza akademik statusun verilməsi həm əməkdaşlarımızın əməkhaqqının artmasına səbəb olacaq, həm də bu, yaradıcılıq işimizə daha böyük stimul verəcək, məsuliyyətimizi daha da artıracaq. İnanın ki, Prezidentin bu sərəncamı teatrımızda böyük coşqu və sevinc hissilə qarşılandı. Bu, əməkdaşlarımızın hədsiz sevincinə səbəb oldu. Kollektiv o qədər sevinib bayram etdi ki, hətta bu gün tamaşaların məşqi təxirə salındı. Ünvanımıza çoxlu zəng gəlir, bizi bu münasibətlə təbrik edirlər.  Akademik status bizim daha yüksək səviyyədə tamaşalar hazırlamağımıza səbəb olacaq. Teatrımıza, kollektivimizə böyük dəyər verdiyi, qayğı və diqqət göstərdiyi üçün cənab Prezidentə və Mehriban xanıma sonsuz təşəkkürümüzü bildiririk”.

İ.Məmmədovun sözlərinə görə, bir neçə gün əvvəl ölkə teatrlarının inkişaf etdirilməsi üçün Prezident tərəfindən vəsait ayrılması da onların işinə böyük stimul verir. O qeyd etdi ki, Rus Dram Teatrına da 200 min manat ayrılıb. İ.Məmmədovun sözlərinə görə, bu vəsait hesabına teatrlar yeni tamaşalar hazırlayacaq və teatrın ehtiyacları ödəniləcək. Müsahibimiz, həmçinin, vurğuladı ki, 2020-ci ildə Dövlət Rus Dram Teatrının 100 illik yubileyidir və teatra akademik statusunun verilməsi teatra ən qiymətli yubiley hədiyyəsidir.

İradə SARIYEVA  

Son xəbərlər