18/03/2019 18:41
728 x 90

Heykəltəraşlıq strukturları Mirzə Cəlilin və Tağıyevin heykəlləri ilə bağlı müsabiqədə necə iştirak edəcək...

Xanlar Əhmədov: “Cəlil Məmmədquluzadə və Hacı Zeynalabdin Tağıyevin heykəllərinin qoyulması, sözün yaxşı mənasında, böyük rezonansa səbəb olacaq”

img

“Hər iki tarixi şəxsiyyətin obrazı çox mənalı şəkildə heykəlləşdirilməlidir”
“Mən də həmin şəxsiyyətlərin obrazları üzərində işləmək istərdim”

 

Bakıda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Cəlil Məmmədquluzadəyə və məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulacaq. Bunu martın 5-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə müzakirə edilən məsələlərə həsr olunan mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, dövlət başçısı ilə görüşdə qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımlar atılır: “Görüşdə səslənən təkliflərdən biri də Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyev, memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə heykəllərinin ucaldılması idi. Hazırda bu məsələ ilə bağlı müzakirə aparılır. Abidələri hazırlayacaq heykəltəraşlar müsabiqə yolu ilə seçiləcək. Bu yaxınlarda ilkin layihə üçün müsabiqə elan ediləcək. Həm memarların seçilməsi, həm də heykəllərin hansı ərazilərdə ucaldılması ilə bağlı yekun qərar veriləcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə müzakirə edilən məsələlərən biri Bakıda Cəlil Məmmədquluzadə və Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması ilə bağlı idi. 

Azərbaycan heykəltəraşları C.Məmmədquluzadə və H.Z.Tağıyevin heykəllərinin hazırlanması ilə bağlı elan ediləcək müsabiqəyə hazırlaşırmı? Bu müsabiqədə hansı heykəltəraşlar iştirak edəcək?

Azərbaycan Rəssamlar İttifaqının heykəltəraşlıq bölməsinin sədri, xalq rəssamı, tanınmış heykəltəraş Xanlar Əhmədov “Bakı-Xəbər”ə bildirdi ki, hər iki tarixi şəxsiyyətə heykəl qoyulması olduqca vacibdir və heykəltəraşlar bununla bağlı elan ediləcək müsabiqədə yaxından iştirak edəcəklər. “Bizim belə bir müsabiqə elan ediləcəyindən xəbərimiz var. Bu olduqca gözəl bir işdir. Düşünürəm ki, heykəltəraşlarımız canla-başla bu müsabiqədə iştirak edəcəklər. Hər bir heykəltəraş arzu edər ki, həm C.Məmmədquluzadənin, həm də H.Z.Tağıyevin obrazı üzərində işləsin. Müsabiqə rəsmən elan edildikdən sonra heykəltəraşlar da işləyəcəklər. Bilirsiniz, müsabiqə belədir ki, heç bir sənətkar başqasına obrazın üzərində necə işlədiyini demir. Bu olduqca maraqlı mövzu olduğu üçün, mənə elə gəlir ki, çox adam bu şəxsiyyətlərin obrazlarını işləmək istəyər. Mən də həmin şəxsiyyətlərin obrazları üzərində işləmək istərdim, bununla bağlı öz istəyimi gizlətmirəm. Bu bizim üçün qürur doğuran bir hal olardı. Biz sayca az olmağımıza baxmayaraq, böyük şəxsiyyətlərimiz var. Onların içində unudulanlar da, yada düşənlər də var. Hər iki tarixi şəxsiyyətin obrazı çox mənalı şəkildə heykəlləşdirilməlidir” - deyə X.Əhmədov bildirdi.

O hesab edir ki, hər iki tarixi şəxsiyyətə heykəl qoyulması onların gənc nəslə daha yaxından tanıdılmasına müsbət təsir göstərəcək. Ola bilsin ki, bəzi gənclər onlar haqqında heç bir məlumata malik deyillər, ancaq bu heykəllərə baxarkən onların kimliyini, tariximizdə nə kimi rol oynadıqlarını araşdırıb öyrənəcəklər. “Heykəllərin qoyulması gənclərdə onlara maraq yaradacaq. Bu şəxsiyyətlər kimdir, onlara niyə heykəl qoyulub? Başlayacaqlar araşdırmağa. C.Məmmədquluzadə və H.Z.Tağıyevin heykəllərinin qoyulması, sözün yaxşı mənasında, böyük rezonansa səbəb olacaq”.

“Xanlar müəllim, məsələn, bizim elə tarixi şəxsiyyətlərimiz var ki, onlar uzaq keçmişdə yaşayıb yaradıblar və onların heç bir şəkli yoxdur. Bu mənada, heykəltəraşlar və rəssamlar onların obrazını yaradarkən bu şəxsiyyətlərin əsərlərinə istinad ediblər, bir də öz təxəyyüllərindən bəhrələniblər. Ancaq C.Məmmədquluzadə və H.Z.Tağıyev yaxın tarixdə yaşayıblar, onların fotoları da var. Ümumiyyətlə, bu halda onların obrazlarının yaradılması heykəltəraşdan daha böyük diqqət və məsuliyyət tələb edir” - deyə X.Əhmədovdan soruşduqda, o bildirdi ki, bəlkə də onları şəxsən görən insanlar indi də var. “Obraz belədir ki, o hamı tərəfindən, bütün xalq, ictimaiyyət tərəfindən qəbul olunmalıdır. Nəsimi obrazı heykəltəraş təxəyyülündən yaranıb. Çünki o vaxt onun fotosu yox idi. Ancaq C.Məmmədquluzadə və H.Z.Tağıyev isə dəqiq obrazlardır. Bu obrazların üzərində çalışmaq, işləmək və təqdim etmək lazımdır” - deyə X.Əhmədov qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər