23/02/2019 05:38
728 x 90

Azərbaycanda “qara arxeologiya” adlı problem də var imiş...

Qədim əşyaların “qara bazar”a düşməsinin sirləri açılır...

img

Fariz Xəlilli: “Azərbaycanın hər yerində “qara arxeologiya” ilə bağlı problem var”

“... əhalinin maariflənmə səviyyəsinin aşağı olması ilə bağlıdır”

“Dövlət Xidmətinin maddi-texniki bazasını möhkəmlətmək lazımdır”

 

Müasir dünyada ən böyük bəlalardan biri kimi xarakterizə edilən qara arxeologiya Azərbaycanda da “inkişaf edir”. Bu gün qızıl-ziynət əşyaları, qiymətli qablar əldə edib “qara bazar”da satırlar. Ölkəmizdə əlaqədar qurumlar uzun müddətdir “qara arxeologiya” ilə mübarizə aparırlar. Hətta indiyə qədər bu cinayət əməlinə görə həbs edilənlər də yox deyil. Məlumdur ki, onların əməlləri qanunaziddir.

Bilirik ki, Azərbaycanda maddi mədəniyyət abidələrinin qorunması ilə bağlı bütün məsələlər qanunvercilikdə öz əksini tapıb. Bu müsbət haldır. Əsas problem əhalinin tarixi, maddi mədəniyyət, arxeoloji abidələrə qazanc mənbəyi kimi baxmasıdır. Bu da ondan irəli gəlir ki, bununla bağlı əhali arasında ya maarifləndirmə işləri aparılmır, ya da maarifləndirmə işi zəif gedir. Bu istiqamətdə maariflənməyə ciddi ehtiyac var və insanlar bilməlidirlər ki, abidələri istismar etmək yox, onları qorumaq lazımdır. Elə insanlar var ki, həyətyanı sahəsində yerləşən tarixi abidələrə, qədim tikililərə müdaxilələr edir, oradan tapdıqlarını dövlətə məlumat vermədən “qara bazar”a daşıyırlar. “Qara arxeoloqlar” bu gün öz əməllərini davam etdirirlər. Onların törətdikləri dağıntılara bütün bölgələrdə rast gəlmək olur. Faktlar var ki, onlar əldə etdiklərini nəinki yerli “qara bazar”da, eləcə də xarici “qara bazar”larda da satmağa cəhd edirlər.

Qeyd edək ki, bir neçə il əvvəl “qara arxeoloq”lar abidələri söküb dağıtmaqla bərabər, həm də arxeoloqlarımızın qanuni şəkildə apardıqları qazıntı zamanı aşkarlanan tapıntıları da oğurlayıblar. Belə bir hadisə illər öncə baş verib.  

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən Lerikdə aparılan qazıntılar zamanı aşkar olunmuş qəbirlərdən 8 ədəd nadir tapıntının oğurlanmasını xatırlatmaq istəyirik. Həmin vaxt qəbirlərdən 3 ədəd heyvan formalı qab, 1 ədəd qara rəngli qab, 1 ədəd tunc qab, 1 ədəd muncuq və 2 ədəd qara rəngli nazik məftildən boyunbağı yoxa çıxmışdı. Bütün bunların, sözsüz ki, “qara arxeologiya” ilə məşğul olanların əməli olduğu sirr deyil.

MİRAS-Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Fariz Xəlilli “Bakı-Xəbər”ə bildirdi ki, bu sahədə mübarizə tədbirləri həyata keçirilsə də, yenə də müəyyən problemlər qalmaqdadır. O vurğuladı ki, bu gün rast gəlinən əsas hallardan biri bir rayona aid olan maddi mədəniyyət abidəsinin başqa bir rayonda fəaliyyət göstərən muzeylərə daşınmasıdır. Hər bir abidə aşkarlandığı, mövcud olduğu rayonlara məxsusdur və o abidələr həmin rayonların tarixini əks etdirir: “Qara arxeologiya” ilə bağlı problemlər var. Bu öz yerində. Hazırda ən aktual məsələlərdən biri bir aryona aid olan arxeoloji abidələrin, eksponatların başqa rayonlara aparılması və orada “həmin bölgəyə məxsus” eksponat kimi muzeylərdə sərgilənməsi ilə bağlıdır. Bu yaxınlarda Şamaxı Tarix Diyarşünaslıq Muzeyində olarkən gördüm ki, Lerik rayonunun Cəngəmiran qəbiristanlığına, yəni o kompleksə aid olan qoç, qoyun formalı daşları əvvəlcə Dəmirçi Muzeyinə, sonra isə Şamaxı Tarix Diyarşünaslıq Muzeyinə gətiriblər. Eləcə də Şamaxı rayonunun Avaxıl kəndində olarkən əvvəllər orada gördüyümüz çox maraqlı yazıları olan qəbir daşlarının azaldığını gördük. O qəbir daşlarının çox gözəl bəzəyi və maraqlı yazları var. O daşlar da Avaxıl kompleksinə aiddir. Biz onun azaldığını professor Qafar Cəbiyevlə birgə görmüşük. Yerli sakinlər qeyd etdilər ki, həmin daşları Dəmirçi Muzeyinə aparıblar. Biz arxeoloqlar İmişli, Sabirabad və digər rayonları gəzəndə görürük ki, Azərbaycanın hər yerində “qara arxeologiya” ilə bağlı problem var. Ən əsas məsələ ondan ibarətdir ki, yerli icra hakimiyyəti orqanlarında çalışan, eləcə də digər yüksək çinli məmurlar arxeoloji abidələrə çox savadsız yanaşırlar. Ümumiyyətlə, onların qanunlardan xəbəri yoxdur. Onlar bilmirlər ki, arxeoloji, mədəni irs abidələrinə necə münasibət göstərməlidirlər” - deyə F.Xəlilli bildirdi.

“Qara arxeolgiya”nın geniş yayıldığını deyən F.Xəlilli vurğuladı ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərbası üzrə Dövlət Xidməti arxeoloji abidələrə tam nəzarət edə bilmir. O vurğuladı ki, buna səbəb Dövlət Xidmətinin əməkdaşlarının az olmasıdır. “Dövlət Xidmətinin maddi-texniki bazasını möhkəmlətmək lazımdır, eyni zamanda, bu quruma şərait yaradılmalıdır ki, özü gəlir əldə etsin. “Qara arxeologiya” məsələsi çox ciddi məsələdir. Düzdür, son dövrlər bununla bağlı siqnallar almamışıq. Amma bu o demək deyil ki, problem yoxdur” - deyə F.Xəlilli qeyd etdi.

F.Xəlillinin sözlərinə görə, “qara arxeologiya” ilə məşğul olan istənilən şəxsin yüksək məbləğdə cərimələnməsi, bir neçə günlük azadlıqdan məhrum edilməsi və s. tədbirlər bu işin qarşısını ala bilər. O qeyd etdi ki, vətəndaşlar bir sıra hallarda öz həyətyanı sahələrində quyu və s. qazarkən arxeoloji abidələrə rast gəlirlər. Vətəndaşlar belə halla qarşılaşarkən mütləq aidiyyəti qurumlara müraciət etməlidirlər. “Bilirsiniz, bizim camaatda qəribə bir xasiyyət var. Həyətyanı sahəsində quyu qazarkən tapdıqları əşyalar barədə nə aidiyyəti qurumlara məlumat verir, nə də o əşyaları muzeylərə təhvil verir, dərhal onu “qara bazaar”da necə satacağını, gəlir əldə edəcəyini düşünür. “Qara arxeologiya”nın mövcud olması əhalinin maariflənmə səviyyəsinin aşağı olması ilə bağlıdır. “Qara arxeologiya”nın qarşısının alınması üçün ilk növbədə maarifçilik işinə ehtiyac var. Bundan başqa, “qara arxeologiya” ilə mübarizədə mütləq inzibati tədbirlər də həyata keçirilməlidir ki, bu işdə iştirakı olan adam törətdiyi cinayətə görə məsuliyyət daşısın. Mən özüm vətəndaşların belə qanunsuz əməlləri ilə çox rastlaşmışam”. Ekspert onu da vurğuladı ki, hər bir vətəndaş xalqımızın maddi irs nümunələrinin qorunması üçün “qara arxeologiya”ya qarşı mübarizə aparmalıdır.

İradə SARIYEVA

Son xəbərlər