23/02/2019 05:47
728 x 90

Suriyada Nəsiminin məzarı bombalanıb - MÜSAHİBƏ

Teymur Kərimli: “Əlbəttə, imkan düşərsə, şübhəsiz ki, Nəsiminin məzarı öz doğma Vətəninə köçürülə bilər”

img

“Nəsiminin o qədər emosional, özünəməxsus dili var ki, onun əsərlərini başqa dillərə tərcümə edəndə gözəlliyi itir”
“Sovet dövründə klassiklərin çoxundan, o cümlədən də Nəsimidən ateist düzəltmişdilər”

 

Məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı Tədbirlər Planını təsdiq edib.

AMEA-nın Humanitar Elmlər Bölməsinin (HEB) akademik-katibi, akademik Teymur Kərimli ilə əlaqə saxlayıb həm Tədbirlər Planında əks olunan məsələlər, həm də Nəsimi irsinin tədqiqi, təbliği sahəsində görüləcək işlərdən danışdıq.

- Teymur müəllim, AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələrində böyük Azərbaycan şairi Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq müvafiq Tədbirlər Planı hazırlanıb. Tədbirlər Planı ilə tanış olduqda gördük ki, burada yalnız humanitar sahədə mövcud olan elmi-tədqiqat institutları təmsil olunmur, həm də ictimai institutlar da iştirak edirlər. Bu Tədbirlər Planına əsasən, keçirilməsi nəzərdə tutululan konfranslar, simpoziumlar Nəsimişünaslıqda hansı yeni izlər açılmasına səbəb olacaq?

- Nəsimi irsi uzun müddət klassik ədəbiyyat tədqiqatçılarının nəzərindən kənarda qalıb. İlk dəfə XIX əsrin sonunda Türkiyədə Nəsiminin əsərləri çap olunub. 1926-cı ildə Azərbaycan ədəbiyyatşünası Salman Mümtazın Nəsiminin əsərləri ilə bağlı nəşri var, əlbəttə ki, bu nəşr də onun bütün Divanını əhatə etmir. Ona görə də Nəsimini öyrənmək, tədqiq etmək işi uzun müddət geridə qalıb. Onun irsi lazım olan diqqəti görməyib. Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra həyata keçirdiyi ilk tədbirlərdən biri də Nəsiminin 600 illik yubileyinin keçirilməsi olub. İlk dəfə UNESCO səviyyəsində müttəfiq respublika şəxsiyyətinin yubileyi keçirilirdi və bu da Heydər Əliyevin çox böyük vətənpərvərlik qeyrəti nəticəsində baş tuturdu. Nəsiminin tədqiq tarixini Heydər Əliyev hakimiyyətə gəldikdən sonra başlamaq olar. 1972-ci ildə onun 600 illiyi keçirildi, heykəli qoyuldu, Nəsiminin əsərləri çap olundu, əsərləri ilə bağlı tədqiqatlar aparıldı. Bütün bunlar Nəsimişünaslığın, Nəsimi irsinin daha geniş yayılmasının əsasını qoydu. Nəsiminin əsərləri rus dilinə Moskvada çap olundu, bir sıra şeirləri ingilis dilində nəşr edildi və Nəsimi dünyaya tanıdıldı.    O vaxt onunla bağlı beynəlxalq konfrans keçiriləndə bir çox ölkənin tədqiqatçıları, alimləri Bakıya gəldilər və Nəsimi irsi qarşısında öz heyrətlərini bildirdilər ki, biz bu cür gözəl şairin şeirləri ilə 600 il müddətində tanış ola bilməmişik. Nəsimi, bir növ, bəşəriyyətə qaytarıldı. Əlbəttə, bunun üzərindən 50 il keçdi. Cənab Prezident Nəsiminin 650 illiyinin keçirilməsi ilə bağlı sərəncam verdi, eyni zamanda da Prezident tərəfindən 2019-cu il “Nəsimi ili” elan olundu. Bu da olduqca əlamətdar hadisələrdir. Bu bəlkə də bir simvolik məna daşıyır. Bu il həm Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyidir, həm də Nəsiminin 650 illiyidir. Nəsimi irsinin təbliği yönündə, təbii ki, çox möhtəşəm tədbirlər keçiriləcək. Biz də Milli Elmlər Akademiyası olaraq öz Tədbirlər Planımızı hazırlamışıq. Burada yalnız humanitar bölmənin institutları deyil, həm də ictimai bölmənin institutları da təmsil olunurlar.

- Səhv etmirəmsə, ictimai elmlər bölməsi ilk dəfədir Nəsimi tədbirlərində təmsil olunur...

-  Bəli. Burada Tarix İnstitutu, Fəlsəfə İnstitutu, Şərqşünaslıq İnstitutu da iştirak edirlər. Əlbəttə, bu, Nəsimi irsinin hərtərəfli, müxtəlif yönlərdən öyrənilməsinə rəvac verir. Tədbirlər Planına əsasən, həm beynəlxalq konfransların keçirilməsi, həm də ayrı-ayrı institutlarda konfransların təşkil olunması Nəsimi irsinin hərtərəfli araşdırılmasına imkan verəcək.

- Bunu Nəsimişünaslığa müxtəlif yönlərdən yanaşılması üçün göstərilən ilk təşəbbüs saymaq olarmı? 

- Bəli, ilk təşəbbüsdür. Amma Nəsiminin 600 illik yubileyi keçirildikdən sonra filosof Zümrüd Quluzadə rus dilində “Hurifizm və onun Azərbaycandakı nümayəndələri” adlı bir monoqrafiya nəşr etdirmişdi. O, burada Nəsiminin fəlsəfi görüşlərinə toxunmuşdu. Ancaq o təkcə filosof deyil, eyni zamanda böyük bir şairdir, onun poetikası açılmalıdır, poetik dili barədə sanballı əsərlər yazılmalıdır. Çünki Nəsimi Azərbaycanda anadilli ədəbiyyatın beşiyi başında duran şairlərdən biridir. Bizim anadilli ədəbiyyat XIII əsrdə Həsənoğludan başlayır və həmin dövrə aid, lakin müəllifi məlum olmayan “Dastani Əhməd Harami” poeması var, XIII əsrin əvvəllərində Qul Əli adlı bir şair “Qisseyi-Yusif” əsərini yazıb. Nəsimi də onların sırasında anadilli ədəbiyyatın beşiyi başında duran bir sənətkardır. Təsadüfi deyil ki, Akademiyanın Dilçilik İnstitutuna ulu öndərin təşəbbüsü ilə Nəsiminin adı verilib. Nəsimi adı qarşısında heyrət ona səbəb olub ki, Dilçilik İnstitutuna məhz onun adı verilib. Demək olmaz ki, Nəsiminin dili tədqiq olunmayıb, olunub, ancaq kifayət qədər yüksək səviyyədə tədqiq olunmayıb. Nəsiminin o qədər emosional, özünəməxsus dili var ki, əsərlərini başqa dillərə tərcümə edəndə onun gözəlliyi itir. Düzdür, onun çox yüksək fəlsəfi, ictimai fikirləri var. O, insansevər bir şairdir. Bütün bu incəliyi çatdırmaq olur, ancaq onun dilindəki incəliyi, şirinliyi, lokanikliyi və xalq dilinin imkanlarından maksimum istifadə etməyi başqa dilə tərcümə edəndə çatdırmaq olmur. Buna görə də deyirəm ki, Nəsiminin dili barədə Azərbaycanda çox sanballı əsərlər yazılmalıdır. Prezident sərəncamı buna möhkəm bir baza yaradıb. Nəsiminin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda bir çox əlyazması var. O əlyazmalar da tədqiq olunmalıdır. Düzdür, 600 illik tədbirlər sırasında mərhum professor Cahangir Qəhrəmanovun “Nəsimi dilinin leksikası” adlı əsəri çap olunub və Nəsimi Divanının tənqidi mətninin üçcildliyi çap olunub. Amma son zamanlar biz başqa ölkələrdən Nəsimi Divanının əlyazma nüsxələrini əldə etmişik.

- Elə Sizin rəhbərlik etdiyiniz Əlyazmalar İnstitutu son zamanlar Türkiyədən bir neçə əlyazma əldə edib.

- Həmin Divanda Nəsiminin əsərlərinin əvvəlki çapına düşməyən bir sıra qəzəllər var, biz onu da tədqiq edirik və çap etmək niyyətindəyik. Bütün bunlar, əlbəttə, dövlət qayğısı olmadan, Prezidentin diqqəti olmadan, dilimizə,  ədəbiyyatımıza, mədəniyyətimizə qayğısı olmadan mümkün olmazdı. Bu gün biz elm adamları, Nəsimişünaslar, klassik ədəbiyyat mütəxəssislərinə dəyər verilməsini böyük sevinclə qarşılayırıq. Ümidvarıq ki, Nəsimi kimi dahi şairin dünyada tanıdılması yönündə bu sərəncamın işığında bir çox işlər görüləcək.

- Son zamanlar alimlər belə fikirlər söyləyirlər ki, Sovet dövründə Nəsiminin şeirləri tərcümə edilərkən onun dilindəki bəzi sözlərin tərcüməsində xeyli təhrifə yol verilib. Bu fikri bölüşürsünüzmü?

-  Sovet dövründə klassiklərin çoxundan, o cümlədən də Nəsimidən ateist düzəltmişdilər. Amma elə deyil, Nəsiminin şeirlərində Quranın ayələrindən çox geniş istifadə olunub. Nəsimi insan gözəlliyini məhz Quran ayələrinə bənzədirdi. “Ey üzün min Allah” - yəni bu bir Quran ifadəsidir. Nəsimi bundan istifadə edib deyir ki, insan da müqəddəsdir, öz varlığı ilə dünyanın bəzəyidir. Nəsimi insanı kamilləşməyə çağırır.

-  Tədbirlər Planından göründüyü kimi, Nəsimi tədbirləri sırasında beynəlxalq konfrans da keçiriləcək. Xaricdən alimlər dəvət ediləcəkmi? Hazırda xarici ölkələrdə Nəsiminin tədqiqi hansı səviyyədədir?

- Çox təəssüf ki, Nəsimi o qədər də geniş tədqiq olunmur. Bir çox Şərq aliminin adına institutlar var, amma Nəsiminin adına yoxdur. Məsələn, xaricdə İbn Ərəbi, Mövlanə və digərləri geniş təbliğ olunur. Bu da bizim günahımızdır ki, Nəsimini o səviyyədə təqdim edə bilməmişik. Nəsimi də adlarını çəkdiyimiz sənətkarlardan heç də geri qalan sənətkar deyil. Türkiyədə Nəsimişünaslar var. Biz çalışmalıyıq ki, Nəsimi irsi bütün dünyada tədqiq olunsun və onun tədqiqatçıları meydana çıxsın. Əlbəttə, bunun üçün də Nəsiminin əsərlərinin çox yüksək səviyyədə tərcümələri həyata keçirilməlidir.

- Bəs ərəb ölkələrində necə, Nəsimişünaslar varmı?

- 2008-ci ildə mərhum akademik Bəkir Nəbiyev, professor Qəzənfər Paşayev və mən Hələbdə olduq və orada beynəlxalq konfrans keçirdik. Hələbdə Nəsimini o qədər də tanımırlar. Çünki Nəsiminin ərəb dilində Divanı əldə yoxdur. Yalnız türk və fars Divanı var. Ona görə də ərəb dünyasında Nəsimi o qədər də tanınmır. O orada, sadəcə, əfsanəvi bir şəxsiyyət kimi, faciəvi bir insan, şəhid kimi tanınır. Amma əsərləri orada dil baryeri olduğu üçün o qədər də tədqiq olunmur.

- Gəncləri necə, Nəsimişünaslığa cəlb etmək fikriniz varmı?

- Müasir Nəsimişünasların yetişməsinə Heydər Əliyevin Nəsiminin 600 illiyini keçirməsi səbəb olub. Bu sərəncam da, bütövlükdə, 2019-cu ilin “Nəsimi ili” elan olunması da, şübhəsiz ki, Nəsimi irsinə gənclərimiz tərəfindən diqqəti artıracaq. Çünki Nəsimidə bəzi anlaşılmayan, müasir dildə işlənməyən sözlər var. Amma bunun üçün, əlbəttə, mütəxəssis yetişdirmək lazımdır ki, onların hamısını tədqiq etsinlər. Akademiyada magistratura təhsili pilləsi yaradılıb və biz çalışırıq ki, burada fərqli ixtisasları gənclərə təbliğ edək, onları yetişdirək. Təbii ki, Nəsimişünaslığın və klassik ədəbiyyatın öyrənilməsi baxımından magistraturanın böyük əhəmiyyəti var. Əlbəttə, gələn il magistraturada bütün bunlar nəzərdə tutulur. Həm Ədəbiyyat, həm Əlyazmalar, həm də Dilçilik İnstitutuna Nəsimi və ümumiyyətlə, klassik ədəbiyyat yönündə yüksək səviyyədə tədqiqatlar apara bilən gənclərin qəbul edilməsi nəzərdə tutulur.

- Nəsiminin nəşinin, məzarının Azərbaycana gətirilməsi nə dərəcə aktualdır?

- Bilirsiniz, Hələb hazırda çox dağılıb. Keçən il “Nəsimi - şeir, sənət və incəsənət” festivalı çərçivəsində dövlət tərəfindən Nəsiminin nəslindən olan bir neçə adam bura dəvət edilmişdi. Mən Hələbdə onlardan biri ilə tanış olmuşdum. Soruşdum ki, indi necədir Nəsiminin məzarının vəziyyəti? O dedi ki, bombalanıb. Nəsiminin orada təkkəsi vardı, fotoşəkillərini çəkmişdik, indi isə onlar dağıntı şəklindədir. Hazırda Suriya od-alov içindədir, hər yer xarabalığa çevrilib. Əlbəttə, imkan düşərsə, şübhəsiz ki, Nəsiminin məzarı öz doğma Vətəninə köçürülə bilər.

İradə SARIYEVA

Son xəbərlər