17/02/2019 20:57
728 x 90

Ziyadxan Əliyevdən gənc rəssamlara tikanlı-tərbiyəvi çağırış: “Bayağı yaradıcılığı modern sənət kimi gözlərə soxmayın…”

img

Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının “2 fevral” Azərbaycan gəncləri günü münasibətilə birgə təşkil etdiyi “Gənc rəssamların sərgisi”ni giriş sözü ilə açan Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağali İbrahimov Rəssamlar İttifaqının gənclər siyasətindən, onlarla aparılan işlərdən, onların yaradıcılıqlarının layiqincə dəyərləndirilməsindən və gələcək fəaliyyətlərinin istiqamətləndirilməsi perspektivindən ətraflı söz açıb.

O qeyd edib ki, bu sərgidə 180-nə yaxın gənc rəssamın elə o qədər də müxtəlif mövzulu, müxtəlif janrlı əsəri nümayiş etdirilir.  

Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev və Mədəniyyət Nazirliyinin nümayəndəsi Qalib Qasımov da fikirlərini bildiriblər.

Azərbaycan Rəssamlar İttifaqının “Tənqid və sənətşünaslıq” bölməsinin müdiri, Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Ziyadxan Əliyev bildirib ki, sovetlər dönəmində sahələr üzrə (elmi-texniki, bədii və s.) xüsusi şuralar fəaliyyət göstərərdi. Yaradılan əsərlər bu şuralarda müzakirə edilər, istər siyasi-ideoloji, istərsə də elmi, sənəti yönümdən dəyərləndirilər, bundan sonra ən yaxşıların yaxşısı ictimaiyyətə təqdim olunardı:”Etiraf etməliyəm ki, mükəmməl sənətin ortaya çıxmasında bu şuraların çox böyük əhəmiyyəti olurdu. Lakin indi bu şuralar yoxdur, “senzura”lar ləğv edilib. Əlbəttə, bu çox yaxşıdır. Çünki bədii yaradıcılıq, bütövlükdə incəsənət yaradıcılığı hər hansı bir çərçivəyə sığmaz. Əgər bu çərçivələnərsə onda o öz dəyərini itirər. (Söhbət ideologiya çərçivəsindən gedir, təbii ki, hazır əsərin taxta çərçivəyə salınmasından yox). Amma bu o demək deyil ki, kim ağlına nə gəlirsə işləyib, millətin, xalqın gözünə, şüuruna təpməlidir. Əlbəttə yox. Çünki biz elə bir millətin, xalqın nümayəndəsiyik ki, milli-mənəvi, mədəni-əxlaqi dəyərləri on min illərdən bəri süzülüb gəlir… Ona görə də bizim bədii şuramız, “senzura”mız daxilimizdən gələn ali mənəviyyatımız, əxlaqımız, ən başlıcası isə vicdanımız olmalıdır. Yad ünsürlərin nə əxlaqımıza, nə də yaradıcılığımıza yaxın düşməsinə imkan verməliyik. Gənclik həyatın elə bir dövrüdür ki, bu vaxtlar gənc insan ağılın, idrakın yox, hissin, duyğunun, görüntünün ardınca daha çox qaçır. Ona görə də hamınıza diqqətli olmağı tövsiyə edirəm. Yaradıcılığınıza eybəcərliyi, bayağılığı gətirib, onları “modern” sənət kimi təqdim etməyin. Bu gün onu bir qrup toplum, kütlə qəbul etsə də, müəyyən vaxtdan sonra elə o kütlənin, toplumun özü onu inkar edəcək. Ona görə ki, bayağılıq, eybəcərlik bizim xalqın milli kökündə, qanında, genində yoxdur. Belə yadlardan gələn ünsürləri bu qan, bu gen zaman-zaman təmizləyib özündən kənara atacaq… Çox istərdim ki, yaradıcılığımızı milli ruhumuza kökləyəsiniz. Əminəm ki, ən böyük nailiyyətiniz də məhz onda olacaq. Sözümün sonunda təklif edirəm ki, sənətşünaslarla gənc rəssamların müntəzəm görüşləri keçirilsin. Düşünürəm ki, bu görüşlər gənc sənətkarların yaradıcılığının formalaşmasında böyük əhəmiyyət kəsb edər… Bir daha hamınızı təbrik edirəm. Uğurlar olsun!..”

Sonra Azərbaycan Rəssamlar İttifaqının “Gənclər” bölməsinin müdiri, Azərbaycan Rəssamlıq Akademiyasının professoru, əməkdar incəsənət xadimi Tahir Məmmədov çıxış edərək, gənc rəssamları bu əzəmətli sərgilərinə və “2 fevral” gününə görə təbrik edib.

REDAKSİYADAN:

Xəbər ARİ-nın üzvü Binnət Hümbətoğlunun irihəcmli məqaləsi əsasında hazırlanıb.

Son xəbərlər