23/02/2019 05:39
728 x 90

Şou müğənniyə 200 minlik maşın alan oliqarx və ehtiyac içində yaşayan şəhid ailəsi...

“Hər bir iş adamı cəmiyyət qarşısındakı öhdəliklərini dərk etməlidir”

img

Xəyalə Rais: “Elə şou-biznesçi var ki, özünün də, hətta qohum-əqrəbasının da, dost-tanışının da evini banka girov qoyub kreditlə bahalı maşın alır və yalandan deyir ki, bu maşını mənə Rusiyadakı iş adamlarından biri hədiyyə edib”

 

Ölkəmizdə və xaricdə yaşayan iş adamlarının bir qisminin şou-biznesçilərə sponsorluq etməsi, onlara bahalı evlər, maşınlar alması faktdır. Heç şübhəsiz ki, imkanlı şəxslərin şou-beznes nümayəndələrinə sponsorluq etməsi, onların reklamlarına külli miqdarda vəsait qoyması haqlı olaraq cəmiyyətdə qıcıq yaratmaqdadır. O adamların bir çoxu, nədənsə, cəmiyyət qarşısında sosial məsuliyyətinin olduğunu qəbul etmək istəmir.

Doğrudur, bu onların şəxsi vəsaitidir, lakin bu onlara əsas vermir ki, bəzi müğənnilərin həyat şəraitini yüksəltməyə çalışsın. Azərbaycan qaçqın-köçkün problemi yaşayan bir ölkədir, şəhidlərimiz, müharibə veteranlarımız, bununla belə, sosial cəhətdən ehtiyac içində yaşayan istedadlı insanlarımız var. Bu adamlar onlara heç gözünün ucu ilə də baxmır. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı və göstərişləri ilə qaçqın və məcburi köçkün, şəhid və aztəminatlı ailələr, müharibə veteranlarının sosial rifah halının yüksəldilməsi üçün genişmiqyaslı işlər görülür, onlara evlər tikilir, qəsəbələr salınır. Doğrudur, bu layihənin həyata keçirilməsində fərqlənən iş adamları da var. Onlar Prezident İlham Əliyevin, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyevanın çağırışlarına qoşularaq burada iştirak edirlər. Öz sosial məsuliyyətini hiss etməyən iş adamları, imkanlı şəxslər isə ancaq şou-biznes adamlarına pul xərcləyirlər.

Bu gün telekanallarda və sosial şəbəkələrdə özlərinə geniş reklam quran şou-biznes nümayəndələri tez-tez bildirirlər ki, filan hacı mənə maşın aldı, o biri deyir milyarder sevgilim mənə ev aldı. Bu günlərdə ara müğənnilərindən biri televizya verilişlərindən birində Rusiyada yaşayan azərbaycanlı iş adamının ona 240 min dollara “Galenvagen” markalı maşın alıb hədiyyə etdiyini bildirib. O qeyd edirdi ki, həmin iş adamı onun pərəstişkarı olduğu üçün bu addımı atıb.

Mədəniyyətşünas Xəyalə Rais “Bakı-Xəbər”ə bildirdi ki, bəzi iş adamlarının şou-biznesçilərə pul xərcləməsi faktdır. O, bununla belə, qeyd etdi ki, çox zaman əksər müğənni həmkarlarına qıcıq vermək üçün ona bahalı hədiyyələr verildiyini bəyan edir. “Bilirsiniz, indi müğənnilərdən biri efirə çıxıb deyir ki, filan iş adamı mənə 200 min dollar qiyməti olan maşın alıb. Bu kimi açıqlamalar çox zaman həqiqəti əks etdirmir. Müğənnilər bu cür xəbərləri yaymaqla özləri üçün uğursuz və perspektivsiz reklam qururlar. Bunu da həmkarlarını qıcıqlandırmaq, ondan gözəl, cazibədar olduğunu demək üçün edirlər. Guya mən gözələm və mənim görün nə qədər pərəstişkarım var. Əslində, elə bu, çox zaman müğənnilərin özləri tərəfindən uydurulan yalandan başqa bir şey olmur. Elə şou-biznesçi var ki, özünün də, hətta qohum-əqrəbasının da, dost-tanışının da evini banka girov qoyub özünə kreditlə bahalı maşın alır və yalandan deyir ki, bu maşını mənə Rusiyadakı iş adamlarından biri hədiyyə edib. Krediti verə bilməyəndə isə “xoşuma gəlmədi satdım” deyirlər. Hətta elələri var ki, maşını dost-tanışından icarəyə götürür. Şou-biznes müğənnilərinin bir-birini qıcıqlandırmaq məqsədilə yaydıqları yalan məlumatlar haqlı olaraq cəmiyyətdə narazılıq yaradır. İnsanlar düşünürlər ki, Azərbaycanda iş adamları, imkanlı şəxslər şou-biznesçilərə verdiyi pulları imkansız ailələrin vəziyyətinin düzəlməsinə yönəltsinlər” - deyə bildirən X.Rais qeyd etdi ki, “Moskvada yaşayan azərbaycanlı iş adamı mənə bahalı maşın alıb, yaxud mənzil hədiyyə edib” deyən şou-biznesçilər sponsorlarının adlarını açıqlamağa məcbur edilməlidir.   

X.Raisin sözlərinə görə, hər bir iş adamı cəmiyyət qarşısındakı öhdəliklərini dərk etməlidir. Onun sözlərinə görə, iş adamları ölkəmizdə həyata keçirilən tikinti-quruculuq işlərinə təmənnasız maliyyə vəsaiti xərcləsələr, xəstəxanalar, uşaq meydançaları, parklar saldırsalar, bir şəhid balasını sevindirsələr, müalicəyə ehtiyacı olan bir müharivə veteranının müalicəsini maliyyələşdirsələr, cəmiyyət onların işini minnətdarlıqla qarşılayar. “Çox təəssüf ki, bu gün heç də iş adamlarımızın hamısı vətənpərvər deyil. Onların çox az bir hissəsi Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətə dəstək olur, qalanlar isə öz vəsaitlərini faydalı işlərə deyil, şou-biznesçilərə xərcləyir. Məsələ burasındadır ki, şou-biznesçilərə bahalı maşın, ev alan o insanlar sosial məsuliyyətlərini anlamaq istəməyən adamlardır. Bu gün Azərbaycanda nə qədər qaçqın, köçkün, şəhid ailəsi var, ehtiyac içində yaşayan insanlar da yox deyil. Yaxşı olmazdımı ki, bu iş adamları pullarını hanısa bir müğənniyə xərcləmək əvəzinə, bu insanların qayğısına qalsınlar. O qədər savadlı, istedadlı gənclər var ki, onlar ali məktəbdə ödənişli təhsil alırlar, ailələri o pulu min bir məşəqqətlə əldə edirlər. İş adamları belə tələbələrə də dəstək ola bilərlər. Sözümün canı odur ki, iş adamlarının, imkanlı şəxslərin hamısı Prezident tərəfindən həyata keçirilən işlərə dəstək olsun. Onlar ölkə başçısının, respublikamızın 1-ci vitse-prezidenti Mehriban Əliyevanın çağırışlarına qoşulmalıdırlar. Hər bir iş adamı Azərbaycan cəmiyyəti qarşısında sosial məsuliyyətini dərk edərək, ölkənin sosial rifahı naminə çalışmalıdır” - deyə X.Rais qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər