23/02/2019 05:45
728 x 90

Cabbarlının ev muzeyi ətrafında qalmaqalların yeni nüansları çıxır, nazirlik tikilinin icazəsiz özəlləşdirildiyini açıqladı…

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəhbəri “1998-2005-ci illər ərzində nazirliyin və Baş İdarənin məlumatı və razılığı olmadan muzeyə məxsus tikililər və torpaq sahəsi ədibin ailə üzvlərinin adına özəlləşdirilib” deyir

img

 “2012-ci ildə C.Cabbarlının ailəsi tərəfindən Baş İdarəyə muzeyin saxlanması və restavrasiya olunması nəzərə alınmaqla, ərazinin çoxmərtəbəli binanın tikintisi məqsədilə özəl şirkətə verilməsi barədə konkret təşəbbüs daxil olub”
Cabbarlının ev muzeyindən isə “Bizə Baş İdarədən deyiblər ki, kim sizə bu barədə sual versə, deyin ki, bu məsələ ilə bağlı suallara Baş İdarə cavab verir” bildirdilər

 

Məlum olduğu kimi, son günlər mətbuatda böyük Azərbaycan ədibi Cəfər Cabbarlının mənzil muzeyinin təmirə ciddi ehtiyacı olması barədə məlumatlar yer alıb. Hətta bəzi media orqanları Mədəniyyət Nazirliyini böyük ədibin ev muzeyinə diqqət ayırmamaqda, biganəlikdə ittiham ediblər.  “Bakı-Xəbər” olaraq ədibin Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi 44/48 ünvanında yerləşən ev muzeyində biz də olmuşuq. Biz orada olarkən muzey rəhbəri, həm də ədibin nəvəsi Qəmər Bağırova C.Cabbarlının ev muzeyində təmir-bərpa işlərinin aparılmasına ehtiyac olduğunu və bu işin Mədəniyyət Nazirliyi tərəfindən həyata keçiriləcəyini qeyd etmişdi.

C.Cabbarlının ev muzeyindəki vəziyyət mətbuatda qabardıldıqdan sonra aidiyyəti dövlət qurumundan bu məsələyə reaksiyalar gəlib. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi C.Cabbarlının ev muzeyində indiyədək dövlət tərəfindən təmir-bərpa işlərinin aparılmamasına aydınlıq gətirib. Qurum rəsmisinin verdiyi açıqlama C.Cabbarlının ev muzeyi ilə bağlı yeni, indiyə qədər mətbuata məlum olmayan faktların üzə çıxmasına səbəb olub.

C.Cabbarlının Bakıdakı ev muzeyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birbaşa tabeliyində olduğu üçün, məsələ ilə bağlı yayılan məlumatlara aydınlıq gətirən Baş İdarənin rəisi Cəlil Məlikov mətbuata bildirib ki, 1998-2005-ci illər ərzində nazirliyin və Baş İdarənin məlumatı və razılığı olmadan muzeyə məxsus tikililər və torpaq sahəsi ədibin ailə üzvlərinin adına özəlləşdirilib: “Ədibin Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi 44/48 ünvanında yerləşən ev muzeyi 1976-cı ildə yaradılıb və 1982-ci ildə təntənəli açılış mərasimi keçirilib. Muzeydə görkəmli dramaturqun şəxsi əşyaları, həyat və yaradıcılığını əks etdirən nadir eksponatlar, incəsənət nümunələri qorunub saxlanır. 1998-2005-ci illər ərzində nazirliyin və Baş İdarənin məlumatı və razılığı olmadan muzeyə məxsus tikililər və torpaq sahəsi ədibin ailə üzvlərinin adına özəlləşdirilib. Son illər ərzində şəhərin dağlıq hissəsində aparılan intensiv inşaat işləri nəticəsində ərazidə sürüşmə baş verib və muzey binasında dərin çatlar və çökmə ilə nəticələnən fəsadlar əmələ gəlib. Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, divardakı çatlar və bünövrənin zədələnməsi muzey binasında əsaslı təmir işlərinin aparılmasına imkan vermir və muzeyin fəaliyyətinin bərpa edilməsi yalnız mövcud tikililərin sökülərək yenidən inşa edilməsi yolu ilə mümkündür” - deyə bildirən Baş İdarənin rəisi qeyd edib ki, yaranmış vəziyyətlə əlaqədar nazirliyin 05.05.2010-cu il tarixli, 230 nömrəli əmri ilə muzeyin ekspozisiyası bağlanmış və nazirliyin digər 02.09.2010-cu il tarixli, 435 nömrəli əmri ilə mədəniyyət sərvətlərinin etibarlı mühafizəsini təmin etmək məqsədilə memorial eksponatların (9790 ədəd), inventar və avadanlığın Muzey Mərkəzində fəaliyyət göstərən C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin xüsusi ayrılmış sahəsinə köçürülməsi təmin edilib. “Baş İdarə tərəfindən dəfələrlə C.Cabbarlı ailəsinin üzvlərinin nəzərinə çatdırılıb ki, muzey binalarının yenidən qurulması üçün o vaxt vəsait ayıra bilər ki, tikililər və ərazi nazirliyin balansına qaytarılsın və gələcəkdə muzey binalarına, mülkiyyətinə ailə tərəfindən iddialar qaldırılmasın. C.Cabbarlının ev muzeyi daim Baş İdarənin diqqət mərkəzində olub, onun fəaliyyətinin bərpa edilməsi üçün yollar axtarılıb. Lakin muzeyin tikililərinin və ərazisinin şəxsi mülkiyyət olduğu səbəbindən və C.Cabbarlı ailəsinə hörmət əlaməti olaraq məsələni qanunvericiliyin tələblərinə uyğun olaraq həll etmək mümkün olmayıb. 2012-ci ildə C.Cabbarlının ailəsi tərəfindən Baş İdarəyə muzeyin saxlanması və restavrasiya olunması nəzərə alınmaqla, ərazinin çoxmərtəbəli binanın tikintisi məqsədilə özəl şirkətə verilməsi barədə konkret təşəbbüs daxil olub. Sonralar ailə tərəfindən ərazi və tikililər həmin şirkətin adına alqı-satqı yolu ilə sənədləşdirilib. Baş İdarə, öz növbəsində, ailə tərəfindən özəlləşdirilmiş tikililərin sökülərək yenidən inşa edilməsini və bu məqsədlə külli miqdarda dövlət vəsaitinin cəlb edilməsini məqsədəuyğun saymayaraq, C.Cabbarlının xatirəsinə və onun ailəsinə hörmət əlaməti olaraq, ev muzeyinin saxlanması məqsədilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq, müvafiq dövlət qurumları ilə razılaşdırmaqla muzeyin yerində tikiləcək binanın 1-ci mərtəbəsində və ya binanın ərazisində tarixi görkəmi və sahəsi saxlanmaqla, Baş İdarənin mütəxəssislərinin nəzarəti altında ərazinin yenidən qurulması şərtilə razılıq verilməsi məcburiyyəti qarşısında qalıb” - deyə bildirən C.Məlikovun sözlərinə görə, hazırda Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, Cəfər Cabbarlının ev muzeyi üçün C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində xüsusi ayrılan ekspozisiya sahəsində yeni bədii tərtibat işlərinin aparılması nəzərdə tutulub. Bu ekspozisiya C.Cabbarlının ev muzeyi öz tarixi yerində fəaliyyətə başlayana kimi nümayiş olunacaq.

Baş İdarə rəisinin “1998-2005-ci illər ərzində nazirliyin və Baş İdarənin məlumatı və razılığı olmadan muzeyə məxsus tikililər və torpaq sahəsi ədibin ailə üzvlərinin adına özəlləşdirilib” fikrinə və digər məsələlərə aydınlıq gətirməsi üçün C.Cabbarlının ev muzeyinin direktoru, həm də ədibin nəvəsi Qəmər Bağırova ilə əlaqə saxlamağa cəhd etdik. Muzeydən bildirdilər ki, Q.Bağırova işdə yoxdur. Məsələyə gəlincə isə, özünü muzeyin mətbuat katibi kimi təqdim edən xanım bildirdi ki, Baş İdarədən verilən açıqlamadan xəbərləri var: “Bizim o açıqlamadan xəbərimiz var. Lakin bu barədə heç bir fikir bildirə bilmərik. Siz bununla bağlı Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə əlaqə saxlayın. Bizə Baş İdarədən deyiblər ki, kim sizə bu barədə sual versə, deyin ki, bu məsələ ilə bağlı suallara Baş İdarə cavab verir”.

İradə SARIYEVA 

Son xəbərlər