23/02/2019 05:47
728 x 90

Cəlil Məmmədquluzadə “Nobel” mükafatına namizədlər sırasında?...

img

İbrahim İlyaslı: “Mən də istərdim ki, Mirzə Cəlil “Nobel” mükafatına layiq görülsün”
Əkbər Qoşalı: “Oradakı qaydalar bizə imkan vermir ki, dahi ədibimizin əsərlərini “Nobel”ə təqdim edək”
Buludxan Xəlilov: “Cəlil Məmmədquluzadə dünyanın ən böyük, ən layiqli “Nobel” mükafatçılarından biri ola bilər”

 

Azərbaycan ədəbiyyatının vicdanı hesab edilən Cəlil Məmmədquluzadə (Mirzə Cəlil) nəinki Şərq ədəbiyyatında özünəməxsus yer tutur, hətta dünya ədəbiyyatının da parlaq simaları ilə çiyin-çiyinə dayanır.

Prezident İlham Əliyevin sərəncamı ilə bu il Cəlil Məmmədquluzadənin 135 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək. Sözsüz ki, bu əlamətdar hadisə C.Məmmədquluzadənin əsərlərinin xarici dillərə tərcümə edilərək dünyaya yayılması məsələsini zərurətə çevirir.

C.Məmmədquluzadə irsi ilə bağlı görülməli olan diqqətçəkən məsələlərdən biri böyük ədibin əsərlərinin, xüsusən də hekayələrinin “Nobel” mükafatına təqdim edilməsi ilə bağlıdır.

C.Məmmədquluzadənin əsərləri, əsasən də hekayələri dünyanın tanınmış nobelçi nasirlərinin heç birinin əsərlərindən zəif deyil, əksinə güclüdür. Sadəcə, tarixən  Azərbaycan yazıçılarının “Nobel”ə gedən yolları naməlum səbəbdən qapadılıb.

Cəlil Məmmədquluzadənin əsərlərini “Nobel” mükafatına təqdim edə bilərikmi?

Əli Kərim adına Sumqayıt Poeziya Evinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış ədəbiyyat adamı İbrahim İlyaslı baki-xeber.com-a bildirdi ki, C.Məmmədquluzadə irsinin “Nobel” mükafatına təqdim edilməsi zəruridir.

“Mirzə Cəlil mənim üçün də nəsrimizdə həmişə zirvə olaraq qalacaq bir yazıçıdır. Əsərləri ilə dünya çaplı yazıçılar sırasında dayanmalıdır. Mirzə Cəlilin hekayələri bütün parametrləri ilə nobelçilərdən nəinki geri qalır, hətta bəzilərindən də üstündür. Mən də istərdim ki, Mirzə Cəlil “Nobel" mükafatına layiq görülsün. Ancaq, mənə elə gəlir, bu təqdimata qədər biz Azərbaycan olaraq onun əsərlərini dünyanın aparıcı dillərinə tərcümə etdirib, təbliğ etməliyik” - deyə İ.İlyaslı bildirdi.

Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin müdiri Əkbər Qoşalı bildirdi ki, indiyə qədər dünyada dünyasını dəyişmiş ədəbiyyat xadiminin əsərlərinin “Nobel” mükafatına təqdim edilməsi hadisəsi baş verməyib.

“Dünya təcrübəsində belə bir hadisə olmayıb ki, dünyasını dəyişmiş ədəbiyyat və elm adamının əsərləri bu mükafata təqdim olunsun. “Nobel” mükafatı təsis edilməmişdən əvvəl dünyaya gəlmiş bir yazarın əsərinin bu mükafata təqdim edilməsi üçün hesab edirəm ki, müxtəlif tədbirlər görülməlidir. Mirzə Cəlil də, ondan əvvəlki və sonrakı ədiblərimizin əsərləri dünyanın ən nüfuzlu mükafatlarını qazanmağa layiqdir. Sadəcə, bu mükafatların nizamnamələri fərqlidir və bəzən oradakı qaydalar bizə imkan vermir ki, dahi ədibimizin əsərlərini “Nobel”ə təqdim edək. “Nobel” mükafatlarına əsərlər təqdim etməyin öz prosedur qaydaları var və bu təqdimatlar onların qaydalarına uyğun şəkildə mərhələlərdən keçib təqdim edilməlidir” - deyə Ə.Qoşalı bildirdi.

Professor Buludxan Xəlilov isə hesab edir ki, C.Məmmədquluzadənin əsərləri “Nobel”ə layiq əsərlərdir və dahi sənətkarın əsərlərinin o mükafata təqdim edilməsi vacibdir: “Cəlil Məmmədquluzadə dünyanın ən böyük, ən layiqli “Nobel” mükafatçılarından biri ola bilər. Düzdür, bizim yazıçı və şairlərimizin “Nobel” mükafatı alması üçün qarşılarında böyük bariyerlər var. Ancaq dünyada ədəbiyyat üzrə “Nobel” mükafatı yazıçıların yaradıcılığı ilə Mirzə Cəlilin yaradıcılığını müqayisə etsək onun yaradıcılığı heç də onlardan geri qalmır. Yəni Mirzə Cəlili bir düşüncə sahibi olaraq Azərbaycan hüdudlarından kənara çıxaraq və dünya insanlarını düşündürək. Bu da Mirzə Cəlilin böyüklüyü deməkdir” - deyə B.Xəlilov bildirdi.

İradə SARIYEVA

Son xəbərlər