17/02/2019 20:56
728 x 90

Cəfər Cabbarlının nəvəsi babasının ev muzeyinin tezliklə ziyarətçilərə açılacağını bildirdi

Qəmər Bağırova binanın köhnə olduğunu, təmirə ehtiyac hiss etdiyini təsdiqlədi

img

Sizin özünüz də görürsünüz ki, binanın tavanı uçmayıb, yerindədir, eyni zamanda, otaqların tavanı qəzalı vəziyyətdə deyil”
“Təmirdən sonra muzey yenidən öz maraqlı ekspozisiyası ilə tamaşaçıların görüşünə gələcək”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə bu il 120 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək görkəmli ədib Cəfər Cabbarlının Bakıdakı Ev Muzeyinin qəzalı vəziyyətdə olması ilə bağlı yerli mətbuatda məlumat yayılıb. C.Cabbarlı vaxtilə yaşayıb-yaratdığı bu evdə Azərbaycan ədəbiyyatının inciləri olan bir sıra əsərlərini yazıb.

Ədibin Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 44/48 ünvanında yerləşən ev muzeyindəki vəziyyəti öyrənmək üçün sözügedən ünvana yola düşdük. Ömrünü Azərbaycan ədəbiyyatının, kino və teatrının inkişafına həsr edən C.Cabbarlının Ev Muzeyinin yaxınlığında böyük bir park salınıb. Yəni muzeyin ətrafı tamamilə abadlaşdırılıb.

C.Cabbarlının bir mərtəbədən ibarət Ev Muzeyinin yerləşdiyi binanın ən azı 100 yaşı olduğu aşkar görünür. Doğrudur, deyildiyi kimi, muzey binası qəzalı vəziyyətdə olmasa da, onun yenidən restavrasiyaya ehtiyacı var.  

Onu da vurğulayaq ki, muzeyin giriş qapısı taxtadandır və onun da köhnəldiyi görsənir. Binanın üzərindən C.Cabbarlının xatirə lövhəsi götürülüb.

Biz muzeydə olarkən muzeyin direktoru və eyni zamanda da C.Cabbarlının nəvəsi Qəmər Bağırova bildirdi ki, C.Cabbarlı irsinə hər zaman Azərbaycan dövləti xüsusi diqqət yetirib. Muzeydə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar muzeyin ekspozisiyasının yığışdırıldığını deyən Q.Bağırovanın sözlərinə görə, təmir-bərpadan sonra muzey öz qapılarını Cabbarlısevərlərin üzünə açacaq. “Sizin özünüz də görürsünüz ki, binanın tavanı uçmayıb, yerindədir, eyni zamanda, otaqların tavanı qəzalı vəziyyətdə deyil. Sadəcə, muzey təmir ediləcək. Mədəniyyət Nazirliyi bu məsələni diqqətdə saxlayır. Biz nazirlikdən çox razıyıq. Cabbarlının ruhu dolaşan bu bina köhnə binadır. Bu binanı təmir etməklə onun ömrünü daha da uzatmaq istəyirik. Cabbarlının muzeyi həmişə ziyarətçilərin, sənət, ədəbiyyat, elm adamlarının, məktəblərin maraq göstərdiyi muzey olub. Mətbuatda yazırlar ki, guya bina ikimərtəbəlidir və yuxarı mərtəbədə C.Cabbarlının qohumları yaşayır, ancaq gördüyünüz kimi, bina iki deyil, birmərtəbəlidir. Biz muzeyin ekspozisiyasını təmirlə əlaqədar olaraq yığışdırmışıq. Allah qoysa, təmirdən sonra muzey yenidən öz maraqlı ekspozisiyası ilə tamaşaçıların görüşünə gələcək. Cabbarlının ev muzeyi mütəmadi olaraq tədbirlər keçirir. Bizim Milli Elmlər Akademiyası, İncəsənət İnstitutu və başqa elm və təhsil müəssisələri ilə sıx əlaqələrimiz var. Biz muzey olaraq çox işlər görmüşük və bundan sonra da görəcəyik” - deyə Q.Bağırova qeyd etdi.

Muzey direktoru, həmçinin, vurğuladı ki, ədibin sözlərinə bəstələnmiş mahnılardan ibarət “Azad bir quşdum” diski buraxılıb. Eyni zamanda, C.Cabbarlının 100 illik yubileyi ilə əlaqədar “Cəfər Cabbarlı mükafatı” təsis olunub və bir çox yaradıcı şəxsə təqdim edilib.

Cabbarlının ev muzeyinin vəziyyəti bərbad olmasa da, muzeyin yaxın zamanlarda restavrasiya edilməsi ədibin ruhuna çox böyük sayğı nümunəsi olardı.

Xatırladaq ki, C.Cabbarlının mənzil muzeyi Heydər Əliyevin təşəbbüsü və dəstəyilə yaradılıb. Onun vaxtilə yaşayıb-yaratdığı ev muzey kimi ədibin 80 illik yubileyi münasibətilə 1982-ci ilin mart ayında istifadəyə verilib. Muzeyin fondlarında 8000-dən çox eksponat qorunub saxlanır. Eksponatlara ədibin həyat və yaradıcılığını əks etdirən sənədlər və fotoşəkillər, sağlığında istifadə etdiyi özünə və ailəsinə məxsus şəxsi əşyaları, ayrı-ayrı dram əsərlərinə hazırlanmış səhnə maketləri daxildir.

Qeyd edək ki, bir müddət əvvəl yerli mətbuatda C.Cabbarlının Xızıdakı ev muzeyinin də uçub-dağılmaq təhlükəsində olduğu haqda məlumatlar dərc edilmişdi. “Sputnik”də gedən məlumata görə,  C.Cabbarlının 1899-cu ilin 20 martında Xızıda dünyaya gəldiyi ev hazırda mövcuddur. Bu ev 1956-cı ildən muzey kimi fəaliyyətə başlayıb. Ancaq muzeyə rəsmi status 1961-ci ildə verilib. Onu da vurğulayaq ki, burada böyük ədibin 1999-cu ildə Cəlal Qaryağdıoğlu tərəfindən hazırlanan heykəli də qoyulub.

İradə SARIYEVA

Son xəbərlər