17/02/2019 20:48
728 x 90

Şərqşünaslıq İnstitutu “Nəsimi ili”nə hansı tədbirlər qrafiki ilə başlayır...

AMEA-nın Şərqşünaslıq İnstitutunda Nəsimi haqqında yeni məlumatların və dahi şairə məxsus əlyazmaların axtarılması üçün ərəb ölkələrinə, Suriyanın Hələb şəhərinə elmi ekspedisiyaların təşkili də nəzərdə tutulur

img

Ərəb ölkələrində Nəsimi haqqında yeganə monoqrafiya olan Əbülfəttah Rəvvas Qələçinin “Yaqut-e Hələb İmadəddin-e Nəsimi” əsəri ərəb dilindən dilimizə tərcümə ediləcək

 

Azərbaycan klassiklərinin şəxsiyyətinə və ədəbi, elmi irsinə Azərbaycan dövlətinin qayğı siyasəti fəlsəfi fikir tariximizin bütün istiqamətlərinə müsbət təsir edir. Görkəmli Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi irsinin tədqiqində və təbliğində ayrıca bir cığır açıb.

Artıq Mədəniyyət Nazirliyi “Nəsimi ili” ilə bağlı Tədbirlər Planı hazırlayıb. “Nəsimi ili”nin ilk tədbirlərindən biri kimi Milli Kitabxanada  “İmadəddin Nəsimi - 650” adlı tədbir-sərgi keçirilib. Tədbirlər Planına əsasən, “Nəsimi ili” çərçivəsində həm ölkəmizdə, həm də xaricdə müxtəlif tədbirlər, sərgilər, ədəbi-bədii axşamlar təşkil ediləcək, dahi şairin kitabları yenidən şap olunacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda da  “Nəsimi ili” ilə bağlı tədbirlər planı müəyyənləşdirilib.

Ekspertlər qeyd edirlər ki, hər iki qurumda ayrı-ayrılıqda hazırlanan tədbirlər planı Nəsimi irsinə tamamilə yeni bir baxış-yanaşmanı sərgiləyib. Şərqşünaslıq İnstititundan “Bakı-Xəbər”ə verilən məlumata görə, Nəsiminin yaradıcılığının əsas hissəsi Azərbaycan dilində olması ilə bərabər, müəyyən hissəsinin Şərq dillərindən ərəb və fars dillərində olması, bütövlükdə, şairin yaradıcılığı və fəaliyyəti ümumşərq ictimai və ədəbi-fəlsəfi mühitində baş verdiyi üçün, onun əsərlərinin tədqiqi şərqşünas alimlərin də üzərinə böyük vəzifələr qoyur.

İnstitututdan onu da dedilər ki, Nəsimi yaradıcılığının tədqiqi və tərcüməsi ilə əlaqədar institutda işçi qrupu yaradılıb. İşçi qrupunda Nəsimişünas-alim, f.ü.f.d. Səadət Şıxıyevanın rəhbərlik etdiyi qrupda f.ü.f.d. Günay Verdiyeva, f.ü.f.d. Mahir Həmidov, Flora Hacıyeva və Fidan Nəsirova təmsil olunurlar. Artıq “Nəsimi ili” ilə bağlı Tədbirlər Planının müzakirə edildiyi bildirilir.

İnstitutdan verilən məlumata görə, görüləcək işlər sırasına Nəsiminin farsca Divanının sətri tərcüməsinin həyata keçirilməsi və nəşri, ərəb ölkələrində Nəsimi haqqında yeganə monoqrafiya olan Əbülfəttah Rəvvas Qələçinin “Yaqut-e Hələb İmadəddin-e Nəsimi” əsərinin ərəb dilindən tərcüməsi və nəşri, Nəsiminin “Müqəddimətül-həqayiq” və “Təriqətnamə” adlı nəsr əsərlərinin transliterasiyası və nəşri, f.ü.f.d. Səadət Şıxıyevanın Nəsimi haqqında monoqrafiyasının nəşri, Nəsimi ilə əlaqədar Şərq alimlərinin elmi əhəmiyyətli məqalələrinin toplanaraq bir toplu şəklində nəşri, Nəsimi ilə əlaqədar “Şərq ədəbi-fəlsəfi düşüncəsi kontekstində Nəsimi irsi” mövzusunda elmi konfransın, həmçinin, şairin yaradıcılığına həsr olunmuş elmi seminarların təşkili, institutun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının Nəsimiyə həsr olunmuş xüsusi buraxılışının hazırlanıb çap olunması da nəzərdə tutulur.

Eyni zamanda, Nəsimi haqqında yeni məlumatların və dahi mütəfəkkir şairə məxsus əlyazmaların axtarılması üçün böyük əlyazma xəzinələri olan ərəb ölkələrinə, habelə Suriyanın Hələb şəhərinə elmi ekspedisiyaların təşkili də nəzərdə tutulur.

Qeyd edək ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, eləcə də N.Gəncəvi adına Ədəbiyyat İnstitutu da “Nəsimi ili” çərçivəsində işlər görəcək. Ədəbiyyat və Dilçilik İnstitutları da “Nəsimi ili”nə əliboş qatılmırlar, onlar da ədibin irsinin geniş tədqiqini, tərcüməsini və s. həyata keçirəcəklər.

İradə SARIYEVA

Son xəbərlər