17/02/2019 20:53
728 x 90

Müasir Azərbaycanda xəttatlıq sənəti…

img

Müzafəddin Əzizov: “Texnologiyalar nə qədər inkişaf etsə də, xəttatlıq sənətinə yenə də ehtiyac var”
Seyfəddin Məsimoğlu: “Xəttatlıq sənəti yaşamalıdır və öyrənmək üçün kim mənə müraciət edibsə, ona bu sənəti öyrətmişəm”

 

Müasir texnologiyaların, kömpyuter qrafikasının tətbiqinin geniş vüsət aldığı bir dövrdə yaşayırıq. Texniki tərəqqinin yüksək səviyyədə inkişaf etməsi bizi qədim xalq sənəti növləri ilə maraqlanmaqdan bir qədər uzaq salır. Günün reallığı budur ki, cəmiyyətimizdə heç də hamı xalq sənəti növlərinin hazırkı vəziyyəti barədə düşünmür. Bu sənət növlərinin qayğısına əsasən bu sahədə olan 3-5 sənətkar, bir də dövlət qalır. Halbuki, cəmiyyət olaraq xalq sənətinin qorunmasında iştirakımız vacibdir.   

Xəttatlıq sənəti xalqımızın qədim sənət növlərindən biri kimi tanınır. Bu sənətin tarixini araşdıran tədqiqatçılar bildirirlər ki, xəttatlıq sənəti öz gözəlliyi ilə fərqlənir. Xəttatlığın sənət kimi formalaşmasının X-XII əsrlərə təsadüf etdiyini qeyd edən tədqiqatçıların verdiyi bilgiyə görə, xəttatlıq Şərq aləmində, o cümlədən ölkəmizdə orta əsrlərdə meydana gəlib, əsrlər boyu müxtəlif mərhələlər keçərək öz mahiyyətini qoruya bilib. Onu da vurğulayaq ki, İslam aləmi tərəfindən mənimsənilib istifadə edilən, ərəb hərflərinin müxtəlif formalarda yazılması ilə meydana gələn bu yazı sənəti incəsənətin bir növü sayılmasa da, ayrıca sənət qolu kimi daim inkişafda olub. Sirr deyil ki, bu gün dünyada xəttatlıq sənəti İslam dünyasının mədəni dəyərlərini özündə əks etdirən simvol kimi tanınır. Məlum olduğu kimi, xəttatlığın tarixi hərflərin dekorativ şəkildə təsvir olunması ilə başlanıb. Allahın kəlamına duyulan hörmət və “Quran”ı ən gözəl şəkildə yazmaq cəhdləri xəttatlıq sənətini meydana çıxarmış, buna bağlı olaraq təzhib, əbru və cild sənətləri yaranmış, hətta kağızçılıq, mürəkkəbçilik belə, bir sənət qolu halına gəlib. Dekorativ-ornamental sənətlə qovuşan xəttatlıq tezliklə saraylara yol tapır. Xəttatlar kitablar yaradır, saray binalarını, məscidləri, saxsıdan, metaldan, ağacdan və parçadan hazırlanan tətbiqi sənət nümunələrini meydana gətirirlər. Qədim abidələrin hər birinin üzərində xəttatlıq örnəkləri var.

Məlumdur ki, xəttatlıq bir sənət növü olmaqla yanaşı, həm də orta əsrlərdə onunla məşğul olan insanların savadlılıq səviyyəsini göstərirdi. Dövlət xadimlərinin, ədib, şair və alimlərin, rəssamların həm də yaxşı xəttat olduqları tarixdən məlumdur.

Sənətşünaslar qeyd edirlər ki, tarixən Azərbaycanda ustad xəttatlar olub və onların yaratdığı ənənə indiyə qədər davam etdirilir.

Mübarək şah Zərrinqələm Təbrizi, Şeyx Əhməd Sührəvərdi, Xacə Mir Əli ibn İlyas Təbrizi, Cəfər Təbrizi və bu kimi şəxsiyyətlər böyük xəttatlar kimi abidələrdə, kitablarda izlər qoyublar. Onlar xəttatlığın ən populyar növləri olan kufi, nəsx, süls, şikəstə və nəstəliq və s. xətləri ilə abidələri, məscidləri, saxsı qabları və s. bəzəyiblər.

Ümumiyyətlə, xəttatlıq sənəti olmasaydı, Azərbaycanda yazı-kitab mədəniyyətinin inkişaf etməsindən danışa bilməzdik. Çapa qədərki böyük bir dövrü əhatə edən xəttatlığın bu gün də mövcud olması müsbət haldır. Düzdür, bu gün ölkəmizdə xəttatlıqla məşğul olan sənətkarların sayı elə də çox deyil. Hazırda xəttat Seyfəddin Məsimoğlu, Müzafəddin Əzizov, Azad Yaşar, Yavər Əsədov, Tərlan Qorçu və başqaları xəttatlıq sənətilə məşğul olurlar. 

Xəttatlıq sənətinə bu gün də ehtiyac olduğunu deyən tanınmış xəttat Müzafəddin Əzizov bizimlə söhbətində bildirdi ki, xəttatlarımız ölkəmizdə inşa edilən məscidlərin üzərində işləyirlər. O vurğuladı ki, düzdür, müasir texnologiyaların inkişafı xəttatlığa da zərbə vurub, bununla belə, sənəti ölməyə qoymayan sənətkarlar var. “Texnologiyalar nə qədər inkişaf etsə də, xəttatlıq sənətinə yenə də ehtiyac var. Ölkəmizdə məscidlər inşa olunur. Bu məscidlərin bir neçəsinin yazılarını mən işləmişəm. Nardaran və Təzəpir məscidlərinin yazıları da mənə məxsusdur. Azərbaycanda əl ilə sayılacaq qədər xəttat var. Bu gün Türkiyə ilə müqayisədə bizdə xəttatlıq sənətinə elə də kütləvi maraq yoxdur. Bizdə bu sənət getdikcə zəifləyir, gənc nəsil xəttatlığa elə də maraq göstərmir. Ərəb ölkələrində xəttatlığı öyrədən ayrıca bir akademiya var, incəsənət profilli universitetlərin nəzdində xəttatlıq fakültəsi mövcuddur. İstərdim ki, bizdə də sənəti öyrətmək üçün heç olmasa xüsusi kurslar açılsın”.

Xəttat Seyfəddin Məsimoğlu da bu sahədə peşəkar sənətkarlardan biridir. Digər həmkarlarından fərqli olaraq, S.Məsimoğlu xəttatlıq sənətini ağac üzərində yaşadır. O, ilk olaraq, “Qurani-Kərim” kəlamlarını, sonra isə Azərbaycan klassiklərinin - Nizami, Xəqani, Nəsimi, Tusi, Füzulinin adlarını ağac üzərinə həkk etməklə bu sahəyə qədəm qoyub.

Bu gün bu sənətinin yaşadıldığını deyən sənətkar bildirir ki, xəttatlıq əsərlərini əsasən qoz ağacı, bəzi hallarda isə fısdıq ağacı üzərində işləyib. “Bir neçə dəfə Azərbaycana gələn xaricilər əsərlərimə baxıb çox bəyəniblər. Bir neçə il bundan əvvəl Almaniyadan gələn tədqiqatçılar Əlyazmalar İnstitutunun sərgi zalında asılan əsərlərimdən ikisini aldılar. Həmin əsərlərdən biri orta əsrlərdə yaşamış miniatürçü rəssam haqqında idi, digəri isə kitab oxumaq üçün rəhil idi. Daha bir əl işim Türkiyədə muzeydə saxlanır. Qədim əlyazmalarla maraqlanan digər bir alman türkşünası da əl işlərimdən birini alıb Almaniyaya aparıb. Ağac üzərində oymalar 7-8 dəfə Bakıda təşkil olunan müxtəlif sərgilərdə iştirak edib. Həmin əsərlər hazırda Əlyazmalar İnstitutunun sərgi zalını bəzəyir. Dünyanın heç bir ölkəsində bu şəkildə ağac üzərində oyma sənətilə məşğul olmurlar. Bu sənət Azərbaycana məxsusdur. Qədimdə Azərbaycanda ağacdan müxtəlif fiqurlar düzəldiblər, amma ağac üzərində yazı olmayıb. Bəzən mənə sual verəndə ki, ustadın kim olub, deyirəm ki, bu sənətin izi də özümündür, cığırı da. Xəttatlıq səbr, təmkin, yaradıcılıq qabiliyyəti, fantaziya tələb edir. Ağac üzərində oyma daş üzərində oyma sənətindən daha çətindir. Çünki ağacın sınma ehtimalı çoxdur. Onu eninə deyil, gərək bitişi istiqamətində işləyəsən.

Xəttatlıq sənətində bütün ustadlar yaratdıqları sənətin yaşaması üçün öz davamçılarını yetişdirməyə çalışıblar. Xəttatlıq sənəti yaşamalıdır və öyrənmək üçün kim mənə müraciət edibsə, ona bu sənəti öyrətmişəm. Sənətimi davam etdirənlərdən biri elə öz oğlumdur və onu bu işin mükəmməl ustası saya bilərəm”.

İradə SARIYEVA

Son xəbərlər