24/01/2019 09:11
728 x 90

“Nəsimi İli”nin elanı şairin qalıqlarının Hələbdən ölkəyə gətirilməsini də aktuallaşdırdı

Qiymət Məhərrəmli:“Nəsiminin məzarının Azərbaycana köçürülməsi reallaşarsa həm dahi şairin ruhu sevinər, həm də bu, ədəbiyyatımızda böyük bir hadisə olardı”

img

Prezident İlham Əliyevin dahi Azərbaycan şairi, mütəfəkkir və filosofu İmadəddin Nəsimin anadan olmasının 650 illiyi münasibətilə 2019-cu ili “Nəsimi İli” elan etməsi ölkəmizin mədəni həyatında müsbət əks-səda verib. Bu. ölkənin ədəbi ictimaiyyətinin böyük sevinclə qarşıladığı bir  hadisə olaraq qiymətləndirilir. Azərbaycan yazıçı və şairləri hesab edir ki, Prezidentin 2019-cu ili “Nəsimi İli” elan etməsi böyük şairin ədəbi-elmi irsinə hörmət və qayğının ifadəsidir. Ədəbi ictimaiyyətin fikrincə, bu, Nəsimi irsinə yeni baxışın yaranması məsələsini gündəmə gətirib. Hətta bir çox yazarlar deyir ki, bu sərəncam  məzarı Azərbaycandan çox-çox uzaqlarda olan Nəsimin qalıqlarının ölkəmizə gətirləməsi məsələsini də aktuallaşdırıb.

Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli bizimlə söhbətində bildirdi ki, Füzulinin, Xaqaninin məzarı kimi Nəsimin də məzarı uzaqda yerləşir. Onun fikrincə, “Nəsimi İli” çərçivəsində dahi şairin nəşinin Azərbaycana gətirilməsi qələm adamlarının ən böyük arzularından biridir. “Əlbəttə, bu, dövlət siyasətilə bağlı məsələdir. Ancaq çox arzu edərdik ki, dahi şairin nəşi ölkəmizə gətirilib Nəsimin doğma Vətənində torpağa tapşırılsın. Nəsimi dünyanın bir çox yerlərini dolaşaraq öz fikir və ideyalarını, qüdrətdən yaranan şeirlərini yayırdı. Hurifizmin əsas sütunlarından olan və ana dilli poeziyamızın inkişafında xüsusi rol oynayan Nəsiminin Hələbə getməsində də öz fikir və ideyalarını yaymaq başlıca məqsəd olub. Yəni o, qürbətə əbədi getməmişdi.

Cənab Prezidentin 2019-cu ili “Nəsimi İli” elan etməsi və bununla bağlı xüsusi sərəncam imzalaması ədəbiyyat və elm adamlarını ürəkdən sevindirdi. Biz hər birimiz bunun üçün cənab Prezidentə minnətdarlığımızı bildiririk. Düşünrəm ki, Nəsiminin nəşinin ölkəmizə gətirilməsi dahi şairin ruhuna böyük ehtiramın nümunəsi olardı. Bu mümkün olarsa, sözsüz ki, bütün Azərbaycan xalqının ürəyindən olardı. Bu gün ölkə başçısı İlham Əliyev Azərbaycan ədəbiyyatının formalaşmasında böyük rol oynayan ədiblərin hər birinin ədəbi irsinə, şəxsiyyətinə böyük diqqət və qayğı göstərir. Dünyanın heç bir yerində belə örnəklər yoxdur desəm, yanılmaram. İllər əvvəl mərhum prezident Heydər Əliyev XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin nəşini uzaq Sibirdən ölkəmizə gətirtdi. Biz qələm adamarı onun ruhunu böyük ehtiramla, minnətdarlıqla anırıq. Demək istəyirəm ki, ölkəmizdə belə humanist, gözəl nümunənin əsasını ulu öndər qoyub. Nəsimin məzarının Azərbaycana köçürülməsi reallaşarsa, həm dahi şairin ruhu sevinər, həm də bu, ədəbiyyatımızda böyük bir hadisə olardı”-deyə Q.Məhərrəmli bildirdi.

İradə SARIYEVA

 

 

 

 

Son xəbərlər