23/03/2019 01:31
728 x 90

Azərbaycan – Türkiyə ədəbi əlaqələrinin tarixinə dair 840 səhifəlik dəyərli kitab...

img

Ankaranın “Bengü” nəşrlərı seriyasından olan  “Türkiyə ilə türk dünyası arasında bir körpü: Yavuz Akpınar ərmağanı” adlı nəfis tərtibli kitabı nəşr edilib. Nazim Muradov və Yılmaz Özkayanın redaktorluğu ilə təqdim olunan  840 səhifəlik kitab Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin araşdırılmasında öncüllük etmiş, Mirzə Fətəli Axundzadənin komedyalarının, bir çox bədii əsərlərin Türkiyədə nəşrində  və üniversitetlərdə  tədqiq olunmasında böyük xidmətləri olan professor Yavuz Akpınarın həyat və yaradıçılıq yoluna işıq salır.

Kitabın redaktorlarından və tərtibçilərindən olan Egey Universitetinin dosenti Yılmaz Özkaya deyir ki, professor Ali Yavuz Akpınar türk dünyasında böyük bir ədəbi nəslin yetişməsində, türkçülük ənənələrinin oyanış və formalaşmasında əvəzsiz xidmətləri olan ziyalıdır. Bu kitabın hazırlanması çoxdan planlaşdırılmışdı, nəhayət ki, ərsəyə gətirib, hörmətli və çox təlabkar müəllimimizin  adına layiq bir şəkildə nəşrinə nail olduq. Kitab  təkcə mənim yox,  indi Quzey Kiprdə çalışan Nazim müəllimin, eləcə də  onlarca məsləkdaşımızın, bizlərə təkcə elm yox, həm də həyat dərsləri vermiş ustadımızın adına bir ərmağandır.

İllərdir ki, Türkiyədə Azərbaycan ədəbiyyatından və mətbuatından söz düşəndə ilk olaraq Yavuz Akpınarın adı dilə gəlir. O, Türkiyə ilə türk dünyası, eləcə də Azərbaycan arasında canlı körpü olub, sovetlər dönəmində Abbas Zamanov, Qulam Məmmədli, Həmid Araslı, Mirzağa Quluzadə, Həmid Məmmədzadə, Qafar Kəndli, Müsəddiq, Qulamhüseyn Beqdeli, Mirvarid Dilbazi, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə və sonralar  İsa Həbibbəyli, Anar, Elçin, Kamil Vəliyev, Məmməd Aslan, Xəlil Rza, Fikrət Sadiq, Aqşin Babayev, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Əsgər Rəsulov, Vilayət Quliyev kimi  kimi yazıçı və ziyalılarla dosluq əlaqələri qurub. Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin şeirlərini Türkiyədə ilk yayan və nəşr etdirən də o olub. Azərbaycan ədəbiyyatı, mətbuatı haqqında  bir çox elmi araşdırmaların müəllifi olan professor bu istiqamətdə  çoxsaylı elmi işlərə rəhbərlik edib.

Yavuz müəllim Azərbaycan Yazıçılar Birliyinin üzvü, BDU-nun fəxri professorudur.  Hələ Sovet dövründə müasir Azərbaycan ədəbiyyatının qurucusu olan Mirzə Fətəli Axundzadə haqqında doktorluq işi müdafiə edib. Azərbaycanın təbliğində gördüyü işlərə görə 1989-cu ildə Dövlət Mükafatına, 2017-ci ildə “İlin elm adamı” mükafatına layiq görülüb. Onun mətbuat tariximizin araşdırılmasında, Türkiyəyə və türk dünyasına təqdimatında əvəzsiz xidmətləri var. “Kaspi”nin  rəqəmsal arxivinin Almaniyadan Azərbaycana gətirilməsinə də işıq tutan o olub,  qəzet rəhbərliyinin səyləri ilə bu tarixi arxiv alınıb Azərbaycana gətirilib, rəqəmsal nüsxələr «Kaspi»nin elektron səhifəsində yerləşdirilib.

Türkiyədə Cənubi Azərbaycandan Səhəndin və  Şəhriyarın şeirlərinin, bəzi ədəbi mətinlərin nəşri İranda qadağan edildiyindən, əlyazma şəklində əldən-ələ gəzəndə onların Türkiyədə çapına nail olan da, məşhur «Heydərbabaya salam» poemasını Türkiyədə təqdim edən də  Yavuz Akpınar  olub. Yavuz Akpınar universitet tələbələri üçün “Çağdaş Türk ədəbiyyatları” (19-20-ci əsrlər) adlı ikicildliyin həm baş redaktorü olub, həm də bu əsərin giriş, Azərbaycan, Krım, Tatar ədəbiyyatları  hissələrinin müəllifidir.

Onun İbrahim Bozyellə birlikdə nəşr etdirdiyi “Qardaş ədədiyyatlar” jurnalı  türk dünyasının tanıdılmasında çox böyük işlər gördü. Professor müsahibələrinin birində bildirir ki,  bu dərgi vasitəsilə Türkiyədəki ədəbiyyat adamlarını türk xalqlarının ədəbiyyatları ilə geniş bir şəkildə tanış edə bildik. Jurnal Türkiyədə və diğər türk ölkələrində gözlədiyimizdən də çox populyarlıq qazandı. Bu gün qürurla söyləyirəm ki, bu jurnal  İrana, Çindəki uyğurlara, Kiprə, Balkanlara qədər gedib çıxırdı. Sovetlər Birliyi dağılandan sonra onun əhəmiyyəti daha da artdı. 45 sayı nəşr olunan jurnal Türkiyədə yalnız Azərbaycan ədəbiyyatını deyil, özbək, türkmən, tatar ədəbiyyatının da tanıdılmasında əvəzi olmayan xidmətlər göstərdi.

Geniş oxucu auditoriyasına təqdim olunan “Türkiyə ilə türk dünyası arasında bir körpü: Yavuz Akpınar ərmağanı” adlı nəfis  kitabda Azərbaycan ziyalılarının tanınmış nümayəndələri olan İsa Həbibbəyli, Anar, Kamil Vəliyev, Vilayət Quliyev, Egey Universitetinin professorları Aydın İbrahimov, Ürfər Nuriyevin və eləcə də türk dünyasının ünlü elm adamlarının da Yavuz Akpınar  haqqında səmimi qeydləri yer alır.

Namiq QƏDİMOĞLU
Türkiyə, İzmir

Son xəbərlər