23/03/2019 01:31
728 x 90

“Prezidentimizin 2019-cu ili “Nəsimi ili” elan etməsi şəxsən bir ədəbiyyat adamı kimi mənim içimdə böyük bir qürur hissi doğurur”

Vaqif Yusifli: “Nəsimi Azərbaycan ədəbi dilinin inkişafında da çox böyük rol oynayıb”

img

İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatının çox görkəmli mütəfəkkirlərindən biri kimi öz yaradıcılığı ilə anadilli poeziyamızın, eləcə də ana dilimizin inkişafına çox mühüm töhfələr verib. Bu il dahi Azərbaycan şairi, mütəfəkkiri İ.Nəsiminin 650 illik yubileyidir. Nəsimi irsinə Azərbaycan dövləti hər zaman böyük qayğı və sayğı ilə yanaşıb, onun ədəbi-elmi irsinə yüksək qiymət verib.

2018-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə UNESCO-da, Azərbaycanda və Rusiyada “Nəsimi-şeir, incəsənət və mənəviyyat festivalı keçirilib. Bu il isə Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi ili” elan edib. Ölkə başçısı bunu Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam da imzalayıb.

Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru Vaqif Yusifli “Bakı-Xəbər”ə açıqlamasında 2019-cu ilin Prezident İlham Əliyev tərəfindən “Nəsimi ili” elan edilməsini böyük sevinclə qarşıladığını bildirdi. Bunun Azərbaycan ədəbiyyatı, fəlsəfi fikri üçün böyük hadisə olduğunu qeyd edən V.Yusiflinin sözlərinə görə, bu, ölkə başçısının Nəsimi irsinə göstərdiyi böyük diqqət və qayğının təzahürüdür. “Hörmətli Prezidentimizin 2019-cu ili “Nəsimi ili” elan etməsi şəxsən bir ədəbiyyat adamı kimi mənim içimdə böyük bir qürur hissi doğurur. Bu olduqca böyük bir hadisədir. Bir ədəbiyyat adamı kimi bu hadisəni alqışlayıram. Nəsiminin məzarı uzaq bir yerdədir - Hələbdə. Nəsiminin qəbrini böyük şairimiz Rəsul Rza tapıb nişan vermişdi. Ancaq Nəsiminin Bakıda heykəli ucaldılıb. Eyni zamanda da hər bir ədəbiyyatı duyan, Azərbaycanı sevən insanın qəlbindədir.   Nəsimi Azərbaycan ədəbi dilinin inkişafında da çox böyük rol oynayıb. Elə şeirləri var ki, elə bil ki, bu gün yazılıb”.

V.Yusifli qeyd etdi ki, ümumiyyətlə, Nəsimi Azərbaycan ədəbiyyatı tarixində yeri bilinən çox böyük bir filosof şairdir. “Yəni ədəbiyyatımızın orta əsrlər dövründə dörd böyük sənətkar-Nizami, Nəsimi, Füzuli, Xətai olub. Nəsimi ilə, Füzuli ilə, Xətai ilə Azərbaycan ədəbiyyatında bizim ədəbi dilimizin, fəlsəfi fikrimizin, poeziyamızın çox gözəl bir mərhələsi başlayıb. Nəsimi dünya ədəbiyyatında “ənəlhəq” dediyi üçün qətlə yetirilən Həllac Mənsur kimi, tonqalda yandırılan Cordana Brunno kimi, çox böyük əzablara məruz qalan çex inqilabçısı Yan Qus kimi əqidəsi yolunda həlak olan insanların bir obrazıdır. Böyük şairimiz Əli Kərim onun haqqında “Şəhidliyin zirvəsi” adlı çox gözəl bir şeir yazıb. Nəsiminin Azərbaycan ədəbiyyatında xidmətləri çox böyükdür. Yəni bunu təsəvvürə gətirmək adamı daha böyük sözlər deməyə vadar edir. Nəsimi hurifizmin banilərindən biridir. Yəni o, Allahı inkar etmir, lakin Allahı insanda görür, Allahı insanın gözəlliyində axtarır. Hurifizm təliminə görə, insan Allahın yaratdığı, Allahın qüdrətinin bəyanı olan əşrəfül-insandır. İnsan təriqət, həqiqət, mərifət, şəriət kimi 4 mərhələni keçir və nəhayət, Allahına qovuşur. Nəsimi də Allahı insan cizgisində görürdü” - deyə V.Yusifli bildirdi. 

İradə SARIYEVA

Son xəbərlər