26/03/2019 23:54
728 x 90

ISESCO-nun 2019-cu il barədə qərarında Azərbaycanın islam həmrəyliyi siyasətinin təsir izləri...

“ISESCO tərəfindən 2019-cu ilin “İslam mədəni irsi ili” elan edilməsində Azərbaycanın İslam mədəniyyətinin təbliğinə verdiyi töhfələrin xüsusi rolu var”

img

İlhamə Qəsəbova: “Zəngin tarixi-mədəni irsi və özünün artan nüfuzu ilə ölkəmiz müasir dövrdə İslam dünyasının layiqli bir üzvü kimi diqqət mərkəzindədir”

 

İslam mədəniyyətinin dünya mədəniyyəti tarixində özünəməxsus yeri var. Uzun əsrlik tarixə malik olan İslam mədəniyyəti Azərbaycanda da bərqərar olub. İslam dininə tapınan xalqların həyatında, mədəniyyət tarixinin formalaşmasında əhəmiyyətli rol oynayan İslam mədəniyyəti özünü həm maddi və qeyri-maddi irs nümunələrində, həm daşüstü abidələrdə, həm əlyazmalarda, həm tətbiqi sənət nümunələrində, həm də digər dəyərlərdə ifadə edə bilib.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) İslam ölkələri mədəniyyət nazirləri konfransının qərarına uyğun olaraq, 2019-cu ili “İslam mədəni irsi ili” elan edib.

Qeyd edək ki, ISESCO öz bəyanatında üzv dövlətləri bu əlamətdar hadisənin bayram edilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırıb. Təşkilat, həmçinin, maddi və qeyri-maddi mədəni irsin xalqların tarixi yaddaşının və adət-ənənələrinin qorunub saxlanmasında əhəmiyyətini önə çəkib.

Sənəddə bildirilir ki, İslam dünyası müsəlman ölkələrinin və onların dünyanın digər mədəniyyətləri ilə qarşılıqlı fəaliyyətinin, həmçinin, yaradıcı ziyalıların - alimlərin, şairlərin, yazıçıların, rəssamların, memar və ənənəvi sənət ustalarının məhsuldar əməyinin bəhrəsi olan zəngin və rəngarəng mədəni irsə malikdir.

“İslam mədəni irsi ili” çərçivəsində müsəlman ölkələrində mədəniyyətin inkişafında töhfə olan tarixi-memarlıq abidələrinin, rəssamlıq şedevrlərinin, əlyazmalarının, sikkələrin, islam rəmzləri və müasir detalların təbliğinə xüsusi diqqət yetiriləcək. ISESCO, həmçinin, bir çox maddi və qeyri-maddi irs nümunələrinin İslam Dünyası Mədəni İrsi Siyahısına daxil edilməsini təklif edir.

Bildiyimiz kimi, Azərbaycanda hər zaman islami dəyərlər qorunub və İslam mədəniyyəti örnəklərinin təbliğatı istiqamətində işlər həyata keçirilib.

2019-cu ilin “İslam mədəni irsi ili” elan edilməsində Azərbaycanın dünyada islam həmrəyliyi və İslam mədəniyyətinin inkişafına verdiyi töhfələr nə kimi rol oynayır?

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, folklorşünas-alim İlhamə Qəsəbova “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan İslam dininə, İslam mədəniyyətinə mənsub olan bir ölkə kimi İslam mədəniyyətinin təbliğində, bu mədəniyyətə mənsub tarixi irsin qorunmasında əhəmiyyətli rol oynayıb. İ.Qəsəbovanın sözlərinə görə, islam Azərbaycanda VII əsrin ikinci yarısından etibarən dərin kök salıb və insanların davranışına, düşüncəsinə, mənəviyyat və mədəniyyətinə xüsusi təsir göstərib. “Azərbaycan xalqı və dövləti hər zaman islami dəyərlərə sahib çıxıb və bu dəyərlərin yaşadılmasında, təbliğ edilməsində önəmli rol oynayıb. Yüzilliklər uzunu xalqımız öz mənəvi dəyərlərinə sadiq qalıb, bu gün də qalmaqdadır. Ölkəmizdə İslam dövrü abidələrinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. Ümimiyyətlə, din dövlətdən ayrı olsa da, islamın inkişafına dövlət böyük dəstək göstərir. Məlumdur ki, Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Heydər məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. Adlarını çəkdiyim abidələr ancaq Azərbaycan üçün deyil, bütün islam aləmi üçün böyük önəm daşıyır. 

Ölkə ərazisində Əshabi-Kəhf ziyarətgahı, Qafqazın ən qədim məscidi - 743-cü ildə əsası qoyulmuş Şamaxı Cümə məscidi, Bibiheybət məscid-ziyarətgah kompleksi, Gəncə “İmamzadə” kompleksi və digər çoxsaylı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfəsi kimi qiymətləndirilə bilər.

Müstəqillik dövründə islam aləmi ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Onu da vurğulayım ki, Azərbaycanda İslam mədəniyyətinin təbliği ilə bağlı həyata keçirilən tədbirlərin də xüsusi əhəmiyyəti var. 2009-cu ildə Bakı “İslam mədəniyyətinin paytaxtı-2009” missiyasını uğurla həyata keçirdi. Azərbaycanın paytaxtının öz qədimliyi və müasirliyi ilə bütün bu qayda və prinsiplərə cavab verdiyi məlumdur və bu səbəbdən də o, İslam mədəniyyətinin paytaxtı elan edilmişdi. Azərbaycan dövlətinin İslam dünyasına verdiyi töhfələr əvəzsizdir. Məlumdur ki, Azərbaycanın ilk diplomatik missiyaları müsəlman ölkələrində fəaliyyətə başlayıb və  dövlətimiz qısa zamanda İslam Əməkdaşlıq Təşkilatı  və ISESCO kimi müsəlman dünyasını birləşdirən qurumların fəal üzvünə çevrilib. Heç şübhəsiz ki, Azərbaycanla ISESCO arasında geniş əməkdaşlıq əlaqələrinin formalaşmasında ISESCO-nun ölkəmizdəki xoşməramlı səfiri, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyevanın çox böyük rolu olub”.

İ.Qəsəbova vurğuladı ki, vahid İslam mədəniyyətinin bir parçası kimi Azərbaycan xalqı həmişə öz üstün mənəvi dəyərləri ilə seçilib. Onun sözlərinə görə, azərbaycanlı elm və din xadimləri, mütəfəkkir, şair, yazıçı, aşıq və memarlar öz əsərləri ilə bəşəriyyətin mədəni irsinə zəngin sərvətlər qazandırıblar, islamın ali dəyərlərinin təbliği üçün böyük töhfələr veriblər. “Zəngin tarixi-mədəni irsi və özünün artan nüfuzu ilə ölkəmiz müasir dövrdə İslam dünyasının layiqli bir üzvü kimi diqqət mərkəzindədir. 2018-ci ildə Naxçıvanın İslam mədəniyyətinin paytaxtı missiyasını yerinə yetirməsi həqiqətən də İslam mədəniyyətinin beynəlxalq aləmdə təbliğ olunmasına böyük töhfə oldu. Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çox­əsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynayıb. Naxçıvan, eyni zamanda, təkcə ölkəmizin deyil, bütün Şərq dünyasının, islam aləminin dövlətçilik və fəlsəfi düşüncə mərkəzi kimi də çox qədimlərdən tanınıb. Sözsüz ki, 2018-ci ildə bütün İslam dünyasının diqqəti Naxçıvanda oldu və Azərbaycandan bütün dünyaya islamın barış, sülh, haqq-ədalət dini olması ilə bağlı mesajlar verildi. Heç şübhəsiz ki, ISESCO tərəfindən 2019-cu ilin “İslam mədəni irsi ili” elan edilməsində Azərbaycanın İslam mədəniyyətinin təbliğinə verdiyi töhfələrin xüsusi rolu var” - deyə alim qeyd etdi.

İradə SARIYEVA 

Son xəbərlər