26/03/2019 23:53
728 x 90

Bakı xanlarının evləri muzeyə çevriləcək...

“Bakı xanlarının evi”nin bərpa edilərək muzeyə çevrilməsi dövlətimizin tarixi irsimizə qayğısının və müsbət münasibətinin təzahürüdür”

img

Ənvər Çingizoğlu: “Tariximizə qayıtmaq, ənənələrimizi yaşatmaq ən vacib məsələlərdən biridir”

 

Ölkəmizin dövlətçilik tarixində Azərbaycan xanlıqlarının ayrıca rolu var. Bu gün bəzi Azərbaycan xanlarının iqamətgahları, yaşadıqları evlər qalmaqdadır və onlar arasında artıq muzey kimi fəaliyyət göstərənlər də var. Şəki Xan Sarayı, eləcə də Şirvanşahlar Sarayı nəinki ölkəmizdə, hətta bütün dünyada nadir maddi-mədəni irs abidəsi kimi tanınır.

Bakı xanlarının evinin də bərpa olunması və onların muzey kimi fəaliyyət göstərməsi məsələsi gündəmdədir. Rəsmi məlumatlara görə, “Bakı xanlarının evi” bərpa ediləcək və turistlərin və yerli ziyarətçilərin ixtiyarına veriləcək. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində olan bu ev böyük əhəmiyyət daşıyır. Bu saray kompleksi İçərişəhərin Şamaxı darvazasına yaxın, sağ tərəfdəki binaların yerində olub və dövrümüzə qədər qalmasa da, onun bərpa edilməsi planlaşdırılır. Sonuncu Bakı xanı Hüseynqulu xanın sarayından, Əbdürrəhim bəy və Mehdiqulu bəyin evlərindən ibarət olan bu kompleks yeddi qapalı həyətin ətrafında düzülmüş yüzdən çox otaqdan ibarət olub. Kompleksin əsasını təşkil edən Xan Sarayının böyük həyətində meyvə bağı və bağın ortasında hovuz varmış. Saray və bəylərin evi əsasən ikimərtəbəli olub, memarlıq xüsusiyyətinə görə bir çox Azərbaycan evlərinin xüsusiyyətlərini əks etdirib. Eyvanlar, şəbəkəli pəncərələr, balaxana kimi memarlıq elementləri bu qəbildəndir. Eyni zamanada, yaşayış otaqlarının plandakı qarşılıqlı vəziyyəti Şirvanşahlar Sarayının planını xatırladır. Kompleksin inşaat tarixi haqqında əlimizdə qalan plan və fasadlarda məlumat yoxdur. Xan Sarayının XVII əsrin sonu, XVIII əsrin əvvəllərində tikildiyi güman edilir.

Tarixçilər qeyd edirlər ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qədim abidənin yenidən qurulması, ətrafının abadlaşdırılması və texniki ləvazimatların təchizatı işlərinin satın alınması üçün təkliflər sorğusu elan edib.

“Bakı xanlarının evi”nin yenidən bərpa edilməsi və muzey kimi fəaliyyət göstərməsi ölkəmizdə bu sahədə yeni bir ənənənin əsasının qoyulmasında önəmli rol oynayacaq. Ekspertlər hesab edirlər ki, “Bakı xanlarının evi” tarixi abidə sayılacaq və maddi-mədəni irs örnəyi kimi xalqımızın dövlətçilik tarixinin təbliğində xüsusi rol oynayacaq.

Etnoqraf-alim Ənvər Çingizoğlunun sözlərinə görə, “Bakı xanlarının evi”nin bərpa edilməsi müstəsna dərəcədə əhəmiyyətli bir işdir. O qeyd etdi ki, Böyük Qala küçəsi 44, 46, 48, 50 ünvanlarında yerləşən, inşa tarixi XVII-XVIII əsrlərə aid edilən “Bakı xanlarının evi”nin bərpasını və 2016-cı ildə arxeoloji qazıntılar zamanı aşkar edilən, Qala divarına bitişik yerləşən yeraltı hamamın konservasiyasını göstərmək olar. Onun sözlərinə görə, XVII əsrə məxsus hamam 1806-cı ildə rus qoşunlarının Bakıya daxil olmasından sonra baxımsız qalıb. Hazırda Avstriyanın "Atelier Erich Pummer GmbH” şirkətinin bu abidəni həyata qaytarmaq yolunda bütün səylərini davam etdirdiyini xatırladan alimin bildirdiyinə görə, Bakı şəhərinin tarixində əhəmiyyətli mövqeyi olan “Bakı xanlarının evi” də yaxın gələcəkdə əsaslı yenidənqurma işlərindən sonra muzeyə çevriləcək. “Bu gün “Bakı xanlarının evi”nin bərpa edilərək muzeyə çevrilməsinin rəsmən həyata keçirilməsi çox mühüm bir hadisədir. Tariximizə qayıtmaq, ənənələrimizi yaşatmaq ən vacib məsələlərdən biridir. Sovetlər dövründə bizə tariximizi unutdurmaq üçün çox təbliğat aparılıb. Xanların, bəylərin, nüfuzlu şəxslərin yaşadığı evlər dövlət idarələrinə, anbara və sairə çevrilib. Lakin bu gün biz yenidən keçmişimizə qayıdırıq və tarixi irsimizi bərpa etmək istiqamətində işlər görürük. Məlum olduğu kimi, 2018-ci ilin ortalarından başlanan abadlıq işləri çərçivəsində əvvəlcə əraziyə arxeoloji tədqiqat qrupu cəlb olunaraq elmi araşdırmalar aparılıb. Həmin bölgədə aşkar edilən ovdan və təndirin isə konservasiya edilməsi nəzərdə tutulur. “Bakı xanlarının evi”nin bərpası dövlətimizin tarixi irsimizə, Azərbaycan xanlarına böyük ehtiram və hörmətinin təzahürüdür. Bundan əvvəlki dövrlərdə Şəki xanının və Lənkəran xanının yaşadıqları saraylar dövlət tərəfindən bərpa edilib və bu gün o saraylar turistlərin ziyarət yerinə çevrilib. Yəni Azərbaycanda mövcud olan ənənənin hazırda da davam etdirilməsi müsbət haldır”. Ə.Çingizoğlu qeyd etdi ki, bütün bu işlərin dövlət dəstəyilə həyata keçirilməsi çox müsbət bir örnəkdir. O vurğuladı ki, ümumiyyətlə, Azərbaycan xanlarının mülklərinin aşkarlanması üçün xüsusi tədqiqat qrupu yaradılmalıdır. Alim hesab edir ki, bununla biz bütün xanlarımızın evlərini, mülklərini bərpa edə bilərik: “Dünyanın hər yerində tarixi evlər, mülklər bir muzey kimi turistlərin diqqətini cəlb edir. Bu gün Bakıya gələn turistlər mütləq Şirvanşahlar Muzeyinə gedib oranı ziyarət edirlər. “Bakı xanlarının evi”nin bərpa edilərək muzeyə çevrilməsi dövlətimizin tarixi irsimizə qayğısının və müsbət münasibətinin təzahürüdür, həm də bu evlər turistlərin əsas marşrutuna salınacaq. Bakı Xanlığının tarixi, ümumiyyətlə, həmişə maraq doğurub” - deyə Ə.Çingizoğlu bildirdi.

İradə SARIYEVA

Son xəbərlər