23/01/2019 18:26
728 x 90

“Ulduz” jurnalının ilk baş redaktoru, nasir, tənqidçi, publisist, tərcüməçi Yasif Nəsirli-80

img

Ədəbiyyat əksər hallarda vaxtdan, zamandan çox-çox ucalarda dayanır. Əsl ədəbiyyat yaradan insanlar bütün dövrlər üçün qəbuledilən olur. Ömrünü, sözün həqiqi mənasında, ədəbiyyata, söz sənətinə həsr edən, duyduqlarını, müşahidə etdiklərini, qarşılaşdığı hadisələri bədii libasa bürüyüb hekayəyə, povestə, romana, publisistik düşüncələrə çevirən yazıçılar xoşbəxtdir.

Yazıda özünü ifadə etməyi bacaran insanların bundan aldığı zövq-səfanın bənzəri, əvəzi yoxdur. Ötən ilin son günlərində 80 yaşı tamam olan tanınmış nasir, tənqidçi, publisist, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1964-cü ildən Jurnalistlər Birliyinin üzvü, 1991-ci ildə fılologiya elmləri doktoru elmi dərəcəsi alan, Azəbaycan Milli Yaradıcılıq Akademiyasının akademiki, 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olan, beynəlxalq mükafat lureatı, “Qızıl qələm” mükafatı laureatı Yasif Nəsirli ədəbiyyatımızda özünəməxsus yolu olan ədəbiyyat adamıdır.

1938-ci il dekabrın 23-də Azərbaycanın Cəbrayıl rayonunun Kavdar kəndində anadan olan Y.Nəsirli həmin rayonun Soltanlı kənd orta məktəbini bitirdikdən sonra, 1958-ci ildə Bakı Mədəni-Maarif Texnikumunu və 1963-cü ildə isə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. 1968-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda, Ali Ədəbiyyat Kurslarında təhsil alan yazıçının ömür yolu çox zəngindir. O, eyni zamanda, 1964-cü ildə ÜİLKGİ MK-nın Ali Komsomol Məktəbində, 1975-ci ildə  SSRİ DTK-nın F.Dzerjinski adına Ali Məktəbində təhsilini artırmağa müvəffəq olub.

Əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetinin Elmi Cəmiyyətinin sədri və universitet qəzetinin baş redaktorunun müavini, Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı kimi başlayan Y.Nəsirli sonra burada şöbə müdiri vəzifəsində (1962-1969) işləyib. 1967-1968-ci illərdə Sovet dövrü ədəbi dərgiləri sırasında özünə böyük şöhrət qazanan “Ulduz” ədəbi-bədii və ictimai-siyasi jurnalının məsul katibi və baş redaktoru vəzifəsində işləyən Y.Nəsirlinin həyat və yaradıcılığında bu jurnalın ayrıca yeri var. Y.Nəsirlinin ömür səhifələrini vərəqlədikcə, qarşımıza çox zəngin mənzərə açılır. Çox mənalı ömür yolu keçən qələm ustadının fəaliyyətinin genişliyi diqqətdən yayınmır. O, 1969-cu ildə Heydər Əliyevin göstərişi ilə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində məsul vəzifəyə irəli çəkilir. 1974-1988-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində şöbə müdiri, idarə rəisi və orada Kollegiya üzvü, 1988-1991-ci illərdə Azərbaycan KP MK-da İnzibati orqanlar şöbəsinin müdiri vəzifələrində işləyib. Azərbaycan KP MK-ya üzv seçilib. 1988-1991-ci illərdə Zaqafqaziya Hərbi dairəsi Hərbi Şurasının üzvü olan Y.Nəsirli burada 1990-cı ildə general-mayor rütbəsinə layiq görülüb. 1991-1992-ci illərdə Azərbaycan Prezidenti yanında Ali Nəzarət İnspeksiyasında İnzibati orqanlar şöbəsinin müdiri, sədr müavini işləyib.

Qarabağ Təşkilat Komitəsi sədrinin birinci müavini kimi də fəaliyyət göstərən Y.Nəsirli görkəmli nasir, ictimai xadim olmaqla yanaşı, həm də Qarabağ müharibəsi veteranıdır. Respublika “Veteran” Xeyriyyə Fondunun prezidenti, bir çox xarici ölkə universitetinin fəxri doktoru olan Y.Nəsirli Azərbaycan yazıçılarının hərbi-vətənpərvərlik komissiyası sədrinin müavinidir. Hazırda "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzinin prezidenti Y.Nəsirli 2008-ci ildə Yaponiyanın Ritsumeikan Universitetinin fəxri doktoru seçilib. Azərbaycan dövləti tərəfindən saysız mükafata, diplom və medallara layiq görülən Y.Nəsirli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Hansı ədəbiyyatşünasın, hansı tənqidçinin ədəbiyyat haqqında nə söyləməsindən asılı olmayaraq, deməliyik ki, ədəbiyyat ruhi-mənəvi bir dünyadır. Yazıçı hadisələri əvvəlcə ruhundan keçirir, sonra onu qələmə alır. Ruhla, könüllə, mənəviyyatla bağlılığı olmayan ədəbiyyatın ömrünün gələcək illərdə də davam etməsi şübhə doğurur. Nə yaxşı ki, Y.Nəsirli ədəbiyyata ruhunun, könlünün bir parçası kimi yanaşıb. Belə olmasaydı, yazıçının qələmindən çıxan əsərlər oxucu ürəyinə yol tapa bilməzdi. Ömrünün 80 ilinin böyük bir hissəsini ədəbiyyata həsr edən yazıçı ədəbi yaradıcılığa tələbəlik illərində başlayıb. Dövri mətbuatda vaxtaşırı çıxış edən Y.Nəsirli 1970-ci ildə Azərbaycan nümayəndə heyətinin başçısı kimi İngiltərə, 1976-cı ildə Belçika, 1978-ci ildə İtaliya, Malta, 1980-ci ildə Türkiyə, 1983-cü ildə Fransa, 1993-cü ildə İraq, 2008-ci ildə Yaponiya və başqa ölkələrdə rəsmi səfərdə olub. Yazıçının qələmə aldığı “Liftdə hadisə”, “Təyyarə geri dönür”, “Qan qardaşları”, “Dirilən adam” pyeslərinin tamaşaları dəfələrlə Azərbaycan Dövlət Televiziyası ilə nümayiş etdirilib. Onun 1962-ci ildə “Sənədli hekayələr”i, “Araz daşan yerdə” (sənədli hekayələr), 1966-cı ildə “Bolluq yaradanlar”, 1969-cu ildə “Qırmızı qərənfil”, “İnsanlar, görüşlər” kitabları çap olunub. Yazıçının hekayələrdən ibarət 1979-cu ildə “Adsız təpə”, 1985-ci ildə “Çinar vüqarı” (hekayələr, ədəbi portretlər), 1989-cu ildə “Qayıdacağam”, 1999-cu ildə “Görə bilmədin” (hekayə və esselər) kitabları çap olunub. Bundan başqa, Y.Nəsirlinin “Azərbaycan şeiri”, “Əgər ki, yıxılsam çinar göstərin (tənqid)”, “Ömür” (povest, hekayə və esselər), “Dünya” (hekayələr), “Zaman” (povest, hekayə və esselər), “Günəşlə görüş” əsərləri də işıq üzü görüb.

Y.Nəsirlinin yaradıcılığında bədii tərcümənin də xüsusi yeri var. O, Georgi Markovun “Sibir” romanını, Adolf Dıçanskinin “Filosof və paltaryuyan qız” povestini, “Polşa hekayələri”ni, Mariya Mayerovanın “Dünyaların ən yaxşısı” romanını, Ş.Ələddinin “Mərmər pillələr” əsərini ana dilimizə tərcümə edərək oxuculara təqdim edib.

Y.Nəsirli 80 illik yubileyi münasibətilə bir sıra dövlət və yaradıcılıq qurumlarından təbriklər alıb. Azərbaycan Yazıçılar Birliyi də tanınmış qələm ustadını təbrik edib.

Azərbaycan Yazıçılar Birliyinin yazıçının ünvanına göndərdiyi təbrik məktubunda “Ulduz” ədəbi-bədii və ictimai-siyasi jurnalının ilk baş redaktoru olmusunuz. Redaktor olduğunuz müddətdə jurnal respublikada dərc edilən bütün jurnalların nəşrini keçərək böyük tirajla çıxmış və həcmi öz şəxsi təşəbbüsünüzlə 64 səhifədən 96 səhifəyə qaldıra bilmişdiniz. Xeyli vaxt “Novruz” qəzeti sizin redaktorluğunuzla çap edilib. Bir çox jurnal və qəzetlərin idarə heyətinin üzvüsünüz.

Hörmətli Yasif müəllim! Siz mənalı ömrünüzü Vətənə, dövlətə və xalqa ləyaqətlə xidmətə həsr etmisiniz. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafı naminə göstərdiyiniz əməli fəaliyyət də təqdirəlayiqdir” - deyə bildirilir.

Gerçəklik budur ki, sözə, ədəbiyyata, xalqa, dövlətə, dövlətçiliyə, başlıcası isə azərbaycançılığa həsr edilən ömür yaşayır Yasif müəllim. Bu ömrün işığından neçə-neçə insanın ürəyinə, yoluna ümid çilənib. Sözə bağlı xalq olduğumuzdan, həmişə dara düşəndə üz tutduğumuz ilk ünvan da yazıçı və şair sözü olur. Yasif müəllim bu 80 ildə sözü və əməli fəaliyyəti ilə sözə güvənən insanların ümid yerinə çevrilib.

80 yaşınız mübarək, dəyərli Yasif müəllim!

İradə SARIYEVA

P.S. “Bakı-Xəbər” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin üzvü Aydın Quliyev və qəzetin kollektivi tanınmış  nasir, tənqidçi, publisist, tərcüməçi, ictimai-siyasi xadim Yasif  Nəsirlini 80 illik yubileyi münasibətilə təbrik edir, ustad yazıçıya yaradıcılıq uğurları və cansağlığı arzu edirlər.  

Son xəbərlər