23/03/2019 01:37
728 x 90

Əbülfət Mədətoğlu-60 - Tanınmış şair, jurnalist… - MÜSAHİBƏ

“Publisistik yazılarımın, bədii əsərlərimin baş mövzusu doğulduğum Tuğdur, el-obamdır, Qarabağdır”

img

“1991-ci ilin oktyabr ayının 30-dan 31-nə keçən gecədən, yəni mənim kəndim Tuğ ermənilər tərəfindən işğal edildikdən sonra bir insan kimi, torpaq adamı kimi yaşamağım sual altındadır”
“Həmin gecə ermənilər evimizi yandıranda 4 misralıq bir şeir yazmışdım”

 

Bakını çox sevsə də, burada özünü qərib quş kimi hiss edir. Deyir ki, imkanım olsaydı, Xocavəndə, doğma Tuğa - anamın qucağına qanadlanardım. Hələlik isə ora yalnız xəyallarımda gedib çıxıram, bir də yuxularım məni kəndimizə qovuşdurur. Bu sözləri 2019-cu il yanvarın 1-də 60 yaşı tamam olan Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist, tanınmış şair Əbülfət Mədətoğlundan tez-tez eşidirik. Ə.Mədətoğlu bir qərib dərviş kimi sözünə söykənib sözünün içi ilə üzü Tuğa tərəf gedir. Nə deyirik, tezliklə yurduna-yuvasına qovuşsun. Əbülfət müəllimlə görüşüb 60 illik yubileyi münasibətilə bir söhbət etdik.

- Əbülfət müəllim, 60 yaşınızın böyük bir hissəsinə qaçqınlıq-köçkünlük taleyi yazıldı. Bu illəri necə yaşadınız?

- Bir gerçəklik var ki, onu demək məcburiyyətindəyəm. Əlimi ürəyimin üstünə qoyub Allah qarşısında etiraf edirmişəm kimi deyirəm ki, 1991-ci ilin oktyabr ayının 30-dan 31-nə keçən gecədən, yəni mənim kəndim Tuğ ermənilər tərəfindən işğal edildikdən sonra bir insan kimi, torpaq adamı kimi yaşamağım sual altındadır. Bu illər ərzində yaşamamışam, sadəcə mövcud olmuşam. Çünki tam çılpaq desəm, ağacı torpaqdan, gülü dibçəkdən götürmək nə deməkdir… Yəni onları bir tərəfə qoyub “sən də varsan” deyirlər. Mövcud olmuşam, yalnız içimidəki sevgi və ümid məni ölməyə qoymayıb. Deyirəm ki, bəlkə də yenə kəndimizə qayıtdım, o torpağı, daşı öpmək bir də mənə qismət oldu.

- Yəni Tuğa qayıtmaq ümidiniz böyükdür?

- Hələ o ümidlə yaşayıram. Ümidim ölən gün demək ölüm haqdır.

- Qaçqınçılıq-köçkünlük taleyinizi poeziyaya çevirdiniz. Belə hesab etmək olarmı ki, əslində, şair olmağınız sizin dadınıza çatdı?

- Əslində, elə bilirəm ki, şeir yazmağımla Allah içimdəki ümidləri közərtdi, ölməyə qoymadı. Dedi ki, sənə bu qələmi, sözü verirəm, gecə-gündüz Tuğdan danış, kəndindən, torpağından, daşından yaz, heç olmasa elini, evini sözündə, içində yaşat. Doğulduğum Tuğ kəndinin tarixini ən azından Azərbaycan ədəbiyyatı tarixində Mirzə Fətəli Axundovun “Hacı Qara”sından tutmuş, Cəfər Cabbarlının “1905-ci ildə” əsərinə və çağdaş ədəbiyyatımıza qədər öyrənmək mümkündür. “1905-ci ildə” əsərində təsvir edilən hadisələri sonradan 1988-ci ildə təkrarən yaşamağa məhkum olunduq. Yenə “atan kazaklar oldu” və biz yenə də torpaqsız, vətənsiz qaldıq.

- 1991-ci ildən üzü bu yana Tuğu yaddaşlara həkk etmək üçün, onun obrazını tam olaraq təsəvvürlərdə canlandırmaqdan ötrü hansı əsərləri qələmə ala bildiniz?

- Şeirlərimin böyük əksəriyyəti Qarabağla, işğal altında olan torpaqlarımızla bağlıdır. Həmin gecə ermənilər evimizi yandıranda 4 misralıq bir şeir yazmışdım.

Yandı evim-eşiyim,
Yandı divarım-daşım.
İsit, qoyma üşüyüm,
İsit məni göz yaşım.

O gecə göz yaşına sığınıb, onun içində isinib yaşamaq, kəndimin, evimin yanmasını içimdə alova çevirmək istədim. Ona görə ki, Azərbaycan deyilən məmləkətdə o kəndin varlığı unudulmasın. Bakıya gəlişimizin ilk vaxtlarında qaçqın-köçkünlərə qarşı biganəliyi hiss edəndə onda da yazdım ki:

Qayğılı çəkdiyim, dərdli çəkdiyim
Bu boyda Bakıda dərd çiçəkləyir.
Mənim azadlıqda şərti çəkdiyim 
Cəzanın adını çəkənlər bilər.

Mənim günümdə olmayan nə çəkdiyimi hardan bilsin?! Hər kəsə öz köynəyi yaxındır. O ancaq hiss edə bilər. Bu mövzuda çox yazmışam, şeirlərim də, sənədli povestlərim də var. Publisistik yazılarımın, bədii əsərlərimin baş mövzusu doğulduğum  Tuğdur, el-obamdır, Qarabağdır. Xalq torpağının, yurdunun qədrini həmişə onu itirdikdən sonra bilib. Biz təəssüf ki, daha çox atamızı öldürüb goruna and içməyə öyrəşmişik. Mənim şair qardaşım, qaçqınçılıq həyatının əzablarına dözməyib dünyanı vaxtsız tərk edən Vahid Əlifoğlu “torpaqların adı haqqı” demişdi. İndi torpaqların adına and içirik. Bu mənada, bayatılarımızdan, bədii əsərlərimizdən və kino lentlərimizə qədər hər birində itirdiyimiz yurd haqqında ağlaya-ağlaya danışırıq. Çox zaman gəzdiyimiz yerləri tərifləyirik ki, filan bulağın başında belə oturduq, filan saz havasına kökləndik. Hansı torpağımızı itiririksə, oranın tarixini çeşidləməyə başlayırıq ki, burada hansı qeyri-adi güllər, çiçəklər, ağaclar, minerallar vardı. Onları itirdikdən sonra xatırlayırıq.

- Şair ancaq öz ömrünü yaşamır, həm də öz xalqının ömrünü yaşayır. Bu mənada Siz həmişə öz dərdinizdən çox xalqın dərdinə yanmısınız.

- Gəlin belə danışaq, biz hamımız xalqın bir zərrəsiyik. Mən nə qədər xoşbəxtəmsə, demək, xalqın ruhu xoşbəxtdir. Nə qədər qayğılıyamsa, xalqım o qədər qayğılıdır. Bir-birimizin içindəyik. Bu mənada xalqımızın 1988-ci ildən bu yana keçdiyi yol mənim, sənin, bizim yolumuzdur. Bu yolda itirdiyimiz də, qazandığımız da olub. Elə götürək mətbuatımızı, böhran içində də fəaliyyət göstərdiyimiz vaxtlar olub. Bu gün isə mətbuatımıza dövlətimizin çox böyük dəstəyi var. Dövlət jurnalistlərə ev verir, fəxri ad, mükafat verir. Bu biz jurnalistləri yaşadır, bizə stimul verir.

- Yeri gəlmişkən, Sizin fəaliyyətiniz dövlət tərəfindən yüksək qiymətləndirilib. Əməkdar jurnalist fəxri adı almısınız, Prezidentin mənzil hədiyyə etdiyi jurnalistlərin sırasında Siz də varsınız. Bu mükafatlar Sizə hansı hissləri yaşatdı?

- Elə hesab edin ki, quruyub çatlaşan dodaqlara damcılanan su, yanan ocağa səpilən su hansı ovqatı verirsə, verilən mükafatlar da mənə o qədər könül rahatlığı gətirdi. Bu mənə böyük stimul verdi. İçimdə özümə böyük bir inam yarandı ki, demək, nahaq, boşuna yazmamışam, onların içində nə isə vardı ki, görüb dəyərləndirdilər. Bu hissləri bütün həmkarlarıma arzu edirəm.

- Heç içinizdə elə bir ümid olubmu ki, nə vaxtsa ad gününüzü, yubileyinizi Tuğda keçirə bilərsiniz?

- Sürünə-sürünə Şuşaya, Cıdır düzünə gedib çatım və orada bir dəfə “Şuşa” sözü deyib dünyamı dəyişmək istəyirəm. Gecə-gündüz o günü arzu edirəm ki, kəndimizə gedim və gözümün qabağında yanan evimin divarlarına əlimi sürtüm və tale öz hökmünü versin. Bakını nə qədər sevsəm də, lakin burada qəribliyimi yaşayıram. Allah sizə də ömrün 50-ni, 60-nı nəsib etsin. İnsan yaşlandıqca, onu torpaq özünə daha çox çəkir. Torpaq çəkir adamı. Hər gecə səhərə kimi uşaqlığımı kino lenti kimi gözümün qarşısından keçirirəm. İndi də doğum günümlə bağlı dostlar, tanışlar zəng vurur, onların hər biri zəng vuranda düşünürəm ki, görəsən Tuğda olsaydım, onlara nə cavab verərdim? Tuğda olsaydım, rayon qəzetində işləyərdim. Lap ixtisasımı dəyişib müəllim olardım və həyatın axarına qoşulardım.

- Əbülfət müəllim, 60 illik yubiley günlərində gözləntiləriniz varmı?

- Tam səmimi deyirəm, mənim həyatda nəyi isə gözləməyim, ummağım heç vaxt olmayıb. Hər şeyi Allahın iradəsi ilə qəbul etmişəm. Həmişə içimdəki ümidə və sevgiyə güvənmişəm, gecəm-gündüzüm ondan ibarətdir. Mən, adi əliqabarlı bir fəhlənin oğlu gəlib Azərbaycan mətbuatında mininci, iki mininci adamlardan biri ola bilmişəmsə, mənim oğlum bir ziyalının övladı olaraq həyatda özünü təsdiq etsin. Bir də Allah mənim içimdə insanlara, sabaha, yurda, torpağa olan ümidi və sevgimi tükətməsin. Məni yaşadan onlardır…

İradə SARIYEVA

Bakı-Xəbərqəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev və qəzetin kollektivi tanınmış şair, jurnalist Əbülfət Mədətoğlunu 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı, yaradıcılıq uğurları arzulayırlar.   

Son xəbərlər