11/12/2018 11:44
728 x 90

Kəndlərimizdə mədəniyyət klublarının vəziyyəti...

Asif Usubəliyev: “Təəssüflər olsun ki, bir sıra klublar öz fəaliyyətlərini doğrultmayıblar”

img

“Bizim reallaşdırdığımız layihələr isə ilk növbədə bu müəssisələrin gənclər arasında populyarlığının artırılmasına xidmət edir”
“Bəzi belə klublar kənd sakinləri, xüsusən də gənclər üçün maraqsız bir quruma çevriliblər”
“Bir sıra yerli və xarici qurumlarla əməkdaşlıq müqavilələri imzalamışıq, yeni ildən etibarən bu layihələri tədricən reallaşdırmaq niyyətindəyik”

 

Ölkəmiz müstəqillik əldə etdikdən sonra, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də islahatlara ehtiyac yarandı. Mədəniyyətin müxtəlif strukturları qarşısında yeni tələblər qoyuldu. Mədəni-maarif işinin həyata keçirilməsində ayrıca yeri olan kənd klubları və mədəniyyət evlərinin əksəriyyəti yeni tələblərə cavab verən səriştəli kadrlar məsələsində ciddi problemlər yaşamağa başladı.

Məlum olduğu kimi, uzun müddət bəzi kənd klub və mədəniyyət evlərində, demək olar, iş ancaq kağız üzərində görülürdü, faktiki isə onlar bu sahəyə heç bir fayda verə bilmirdilər. Hətta bəzi kənd klubları və mədəniyyət evləri işçi sarıdan korluq çəkdikləri və ixtisaslı kadrlarla təmin olunmadıqları üçün, müvəqqəti olaraq, fəaliyyətlərini dondurdular da. Yəni bu problem respublikanın ayrı-ayrı kəndlərində özünü göstərdi. Lakin son illər dövlətin həyata keçirdiyi mədəniyyət siyasəti nəticəsində sözügedən kənd klub və mədəniyyət evlərinin həyatında müəyyən canlanma yaşandı. Bununla belə, ucqarlarda ixtisaslı kadr problemi tam olaraq öz həllini tapmayıb.

Bildirək ki, bu sahədə bir sıra hallarda qeyri-ixtisas sahiblərinin də fəaliyyət göstərməsi faktları var. Bu da sözsüz ki, klublarda, mədəniyyət evlərində müxtəlif profilli dərnəklərin yaradılmasına, musiqi qruplarının formalaşmasına təsirsiz ötüşmür. Bəzi klub və mədəniyyət evləri də var ki, orada işlər formaldır.

Bu gün Azərbaycan kəndlərində fəaliyyət göstərən klub və mədəniyyət evlərinin vəziyyəti necədir? Bu qurumların ixtisaslı kadr problemlərinin aradan qaldırılması üçün nə kimi addımlar atılır?  

Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin rəhbəri Asif Usubəliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, qaldırdığımız problem olduqca aktualdır və bunun aradan qaldırılması istiqamətində addımlar atılır. “Toxunduğunuz klublarla bağlı mövzu çox yaralı, bir qədər də problemli, eyni zamanda da maraqlı bir mövzudur. Bu gün klublarda kadrların ixtisaslaşması, həmçinin, bu sahədə mərkəzləşdirmə həyata keçirilir. Bu da qaçılmaz bir prosesdir. Təəssüflər olsun ki, bir sıra klublar öz fəaliyyətlərini doğrultmayıblar. Belə klublar kənd sakinləri, xüsusən də gənclər üçün maraqsız bir quruma çevriliblər. Özü də bu klubların sayı az deyil. Burada söhbət qurumun təmirindən getmir” - deyə bildirən A.Usubəliyev bununla yanaşı, fəaliyyəti qənaətbəxş olan klub və mədəniyyət evlərinin də olduğunu qeyd etdi. Onun sözlərinə görə, bölgələrimizdə elə mədəniyyət evləri və klublar var ki, istənilən qonağı ora dəvət etmək mümkündür. Bu yaxınlarda Zaqatala rayonunun kəndlərindən birində beynəlxalq tədbir-seminar təşkil etdiklərini deyən A.Usubəliyevin bildirdiyinə görə, buradakı şərait xarici qonaqların da xoşuna gəlib. “Belə klublar kəndlərdə az deyil. Biz onların sayının daha da çox olmasını arzu edərdik. Ancaq həqiqət budur ki, heç də hər bir klub arzuedilən səviyyədə fəaliyyət göstərmir. Klublarda işləyən əməkdaşların ixtisasartırmaya cəlb edilməsi, onların hazırlıq səviyyəsi, peşəkarlıqlarının artırılması, onlar tərəfindən təqdim edilən xidmətin müasirliyi, işə kreativ yanaşmaları olduqca vacibdir. Bu məqsədlə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz olaraq müxtəlif səpkili tədbirlər həyata keçiririk. Məsələn, ilk dəfə olaraq ölkəmizin mədəniyyət sahəsində bədii rəhbərlərin beynəlxalq konfranslarını keçirdik və sözügedən konfrans İsmayıllı rayonunun İvanovka kəndində təşkil edilmişdi. Burada 6-dan çox fərqli xarici ölkənin nümayəndələri iştirak edirdilər. Məni narahat edən bir hal var ki, onu qeyd etmək istəyirəm. Mədəniyyət evlərində işləyən əməkdaşların öz işlərinə yanaşmaları lazımi səviyyədə deyil. Onlarda ruh düşkünlüyü, yaxud gənclərlə iş təşkil etmək bacarıqlarının olmaması səbəbindən bu kimi müəssisələr bir sıra rayonlarda, xüsusən də kəndlərdə kölgədədirlər. Bizim reallaşdırdığımız layihələr isə ilk növbədə bu müəssisələrin gənclər arasında populyarlığının artırılmasına xidmət edir. Bu məqsədlə biz mədəniyyət evləri və klubların sosial imici haqqında düşünürük. Müxtəlif işlərlə yanaşı, bu müəssisələrə yeni funksiyaların verilməsi olduqca önəmlidir. Məhz yeni funksiyalar və yeni cəlbedici xidmətlər sayəsində düşünürük ki, gəncləri həmin müəssisələrə cəlb etmək mümkün olacaq. Nə qədər çeynənmiş söz olsa da, deyim ki, bizim müəssisələrimiz internetlə, sərhədsiz televiziyalarla rəqabət aparmağı öyrənməlidirlər. Bu məsələdə isə mədəniyyət işçilərinin, dərnək rəhbərlərinin, metodistlərin öz işinə fərqli yanaşmaları olduqca vacibdir. Bu səbəbdən biz mərkəz olaraq bir sıra yerli və xarici qurumlarla əməkdaşlıq müqavilələri imzalamışıq və yeni ildən etibarən bu layihələri tədricən reallaşdırmaq niyyətindəyik”. A.Usubəliyev bildirdi ki, rəhbərlik etdiyi qurumun tədris kursları təşkil etmək səlahiyyətləri də var və mədəniyyət sahəsində ixtisasartırma kurslarının həyata keçirilməsi çox vacibdir. O qeyd etdi ki, nəzəriyyədən daha çox tətbiqi məsələlərə yer ayırmaq günün tələbinə çevrilib. Bu səbəbdən də rəhbərlik etdiyi qurumun yerli və beynəlxalq təlimlərin keçirilməsinə xüsusi diqqət ayıracağını deyən mərkəz rəhbərinin bildirdiyinə görə, mədəniyyət sistemində mədəniyyət evləri və klubları sahəsində qeyri-peşəkarlarla yanaşı, kifayət qədər də peşəkar mütəxəssis çalışır. “Ancaq onların yanaşmalarının və peşə təfəkkürünün müasirləşdirilməsinə ehtiyac var. Düşünürəm ki, müxtəlif təlimlər hesabına onlarda müsir peşəkarlıq səriştəsinin formalaşmasına nail ola bilərik. Aparılan islahatlar, təşkil olunan tədbirlər, müxtəlif təşəbbüslər, əlbəttə, vacibdir. Lakin görülən işlərin kütləviləşməsi, aparılan siyasətin təsir əhatəsinin maksimum genişləndirilməsi işində, əslində, kütləvi informasiya vasitələrinin rolu danılmazdır. Görülən işlərin işıqlandırılması nəticəsində biz maksimum effektə nail ola bilərik” - deyə mərkəz rəhbəri vurğuladı.

İradə SARIYEVA 

Son xəbərlər