15/12/2018 16:12
728 x 90

Mühacirət irsi çağdaş nəzəri düşüncə müstəvisində…

img

Azərbaycan mədəniyyətinin mühüm bir qolunu XX əsrdə sistemli şəkildə formalaşmağa başlayan və bugün də davam etməkdə olan mühacirət ədəbiyyatı təşkil edir. Azərbaycan mühacirət ədəbiyyatını müxtəlif ictimai-siyasi səbəblərlə bağlı ayrı-ayrı xarici ölkələrə gedərək orada yaşamağa məcbur olan yaradıcı qüvvələr formalaşdırmışlar.

Bu səbəblər sırasında çar Rusiyasının müstəmləkəçilik siyasətinə əks mövqedə dayanmaq, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının bolşeviklər tərəfindən təqib edilməsi mühüm yer tutur. İkinci Dünya müharibəsi zamanı meydana çıxmış əsirlik və sürgünlük həyatı da mühacirət ədəbiyyatının formalaşmasında və yeni məzmun qazanmasında, müxtəlif janrlarla zənginləşməsində mühüm rol oynamışdır.

Mühacirət ədəbiyyatında vətən həsrəti, qürbət duyğuları, tarixi hadisələrə fərqli baxış meylləri qüvvətlidir. Çətin şəraitdə yaranan bu ədəbiyyat eyni zamanda Azərbaycanın boğulan harayını dünyaya çatdırmağa, onun zəngin mədəniyyətini tanıtmağa xidmət etmişdir.

Həyatlarının əsas dövrlərini Türkiyədə keçirmiş Əli bəy Hüseynzadə (1864-1940), Əhmədbəy Ağaoğlu (1869-1939), Məmmədəmin Rəsulzadə (1884-1955), Almas İldırım (1907-1952), Fransada məskunlaşmış Ümmülbanu (1905-1992), Ceyhun Hacıbəyli (1891-1962), Əlimərdan bəy Topçubaşov (1863-1934), Almaniyada yazıçı kimi tanınmış Qurban Səid və başqaları Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndələridir.

Mühacirət dövrünün xüsusiyyətləri, əsas simaları, onların yaradıcılıqları bir çox alimlərin tədqiqat obyektinə çevrilmişdir. Bu simalardan biri də Türkiyədə mühacir həyatı yaşayan Səlim Rəfiq Rəfioğludur. Onun haqqında geniş məlumat verən mənbələrdən biri isə bu yaxınlarda çapdan çıxmış ( Bakı “Nurlar” Nəşriyyatı: 2018) Türkiyə alimi Hayri Ataşın “Səlim Rəfiq Rəfioğlunun ədəbi-elmi irsi” adlı tədqiqat əsəridir.

Monoqrafiya ədibin həyat və yaradıcılığının geniş, dəqiq, hərtərəfli şəkildə öyrənilməsində böyük rol oynayır. Bundan əlavə, mühacirət ədəbiyyatının tarixi, folklorşünaslıq problemləri, klassik Azərbaycan poeziyası haqda məsələlərin dərki baxımından da kitab zəngin məlumat verməkdədir. Üç fəsildən ibarət olan kitabın birinci fəsli Türkiyədə Azərbaycan mühacirət ədəbiyyatşünaslığına, ikinci fəsli folklorşünaslıq məsələlərinə, sonuncu fəsli isə çağdaş ədəbi irsə həsr olunmuşdur. Barəsində çox az məlumat olan Səlim Rəfioğlu haqda kitabın ilk fəslində geniş məlumat verilmişdir. Buradan onun Gəncənin məşhur Rəfibəyli nəslinə mənsub olduğu, ailəsi haqda bir çox məlumatlar

öyrənilir.

Bilindiyi kimi, Səlim Rəfiq Rəfioğlu 1928-ci ildə repressiya təzyiqlərindən qurtulmaq məqsədilə İrana, daha sonra isə Türkiyəyə getmişdir. Səlim bəy Azərbaycan ədəbiyyatını Türkiyədə layiqincə təmsil etmiş, onun daha geniş kütləyə tanıdılmasında xeyli dərəcədə rol oynamışdır.

Tədqiqatçı Hayri Ataş Səlim Rəfiq Rəfioğlunun yazılarını iki başlıq altında qruplaşdırmışdır: 1) Kitab halındakı əsərləri 2) Türkiyə mətbuatında dərc olunmuş yazıları.

Monoqrafiyada Səlim bəyin kitab halında altı araşdırması olduğu və onların hər biri haqda geniş məlumat əks olunur: “Azərbaycan və Anadolu xalq hekayələrinin təhlili və müqayisəsi”, “Füzuli”, “Divan ədəbiyyatının məhəlli və ictimai motivləri”, “Professor Bəkir Çobanzadəyə cavab”, “Professor Əhməd Cəfəroğlunun əsərlərində görünən xətalar: bir əlavə - bir cavab”.

Səlim Rəfiq Rəfioğlunun klassik irslə bağlı işləri yaradıcılığında mühüm yer tutur.

Xüsusilə də dahi şairimiz Füzuli haqda fundamental tədqiqatı bu baxımdan maraq doğurur. Məlumdur ki, XVI əsrin dahi türk şairi Füzuli barəsində çoxlu sayda məqalələr, kitablar yazılmış, elmi araşdırmalar aparılmışdır. Bu araşdırmalardan biri də Səlim Rəfiq Rəfioğlunun İstanbul Universiteti Ədəbiyyat fakültəsində 1941-ci ildə başladığı doktorluq dissertasiyasıdır ki, monoqrafiyada bu barədə geniş məlumat verilir. Tədqiqatçı Hayri Ataş dissertasiyanın “Müqəddimə”sində Səlim bəyin verdiyi bilgilərə əsaslanaraq burada Füzulinin dövrünün, həyatının,

şəxsiyyətinin, elminin, eşqinin əsas mövzu olaraq götürüldüyünü vurğulayır. Ən maraqlısı isə odur ki, Səlim bəy müqəddimədə öz işini Füzuli haqda dissertasiya yazan Abdulkadir Karahanın yazısı ilə müqayisə etmişdir. Tədqiqatçı da kitabda hər iki işin müqayisəsinə geniş yer vermiş, həmçinin Karahanın Səlim bəyin araşdırması haqda fikirlərindən, tənqidi görüşlərindən bəhs etmişdir.

Hayri Ataş monoqrafiyada Səlim Rəfiq Rəfioğlunun yazısını məşhur şair Əhməd Haşimidən iqtibas etdiyini vurğulayır. Füzulinin bioqrafiyası haqda az məlumat olduğunu bildirən Səlim bəy müraciət edilə biləcək qaynaqları göstərmişdir. Bu qaynaqlara aşağıdakılar daxildir: Füzulinin əsərləri, təzkirələr, digər qaynaqlar.

Hayri Ataş monoqrafiyada ən maraqlı məqamlardan biri kimi Füzulinin adı barədə olan fərziyyələrə də toxunmuşdur. Buradan görürük ki, Səlim Rəfiq Rəfioğlu şairə verilən Mehmet, Əhməd, Mahmut, Süleyman, Mehmet Bakir kimi adların etimologiyasını araşdırmış, onların çoxunun yanlışlıqla verildiyi qənaətinə gəlmişdir.

Araşdırmada haqqında danışılan mövzulardan biri də Füzulinin doğum tarixidir ki, Səlim bəyin bu problemlə bağlı ümumiləşdirməsini tədqiqatçı kitabda aydın şəkildə əks etdirmişdir:

1 Füzulinin doğum tarixi üzərindən sükutla keçənlər;

2 Füzulinin doğum tarixinin məchul olduğunu söyləyənlər;

3 Füzulinin doğum tarixi haqqında təxmin edənlər;

4 Füzulinin doğum tarixi haqda müəyyən və qəti rəqəm göstərənlər;

5 Füzulinin doğum tarixi haqqında müəyyən və qəti rəqəm göstərməyənlər;

6 Füzulinin doğum tarixi haqqında bir-birindən fərqli şeylər söyləmək surətilə

tenakuza düşənlər.

Monoqrafiyada tədqiqatçı Səlim Rəfiq Rəfioğlunun Füzuli haqqında araşdırmasında şairin doğum yeri ilə bağlı mülahizələrinə də yer vermişdir. Burada Səlim Rəfiq Rəfioğlunun şairin Hillədə, Bağdadda, Kərbəlada və s. doğulduğunu söyləyənlərə qarşı çıxması və apardığı bir çox araşdırmalardan sonra əminliklə Kərbəlada anadan olduğu qənaətinə gəlməsi göstərilmişdir.

Səlim bəyin araşdırmasında maraqlı faktlardan biri də Füzulinin ailəsi haqdadır ki, kitabda bu barədə də məlumat verilir. Onun Fəzli adlı oğlu olmasından və Səlim bəyin Fəzli haqqında verilən hökmlərə qarşı sərt etirazından danışılır. Onu “heç bir qiyməti olmayan şair” adlandıranlara qarşı çıxdığı vurğulanır.

Monoqrafiyada tədqiqatçının daha çox üzərində dayandığı məsələlərdən biri də “Divan ədəbiyyatının məhəlli və ictimai motivləri” tədqiqatıdır. Bu əsəri yazmaqda əsas məqsədinin divan ədəbiyyatının işlənməmiş sahəsi haqda araşdırma apararaq türk mədəniyyətinə xidmət etmək olduğunu bildirən Səlim Rəfiq Rəfioğlunun indiyədək müxtəlif səbəblərdən nəşr olunmayan bu araşdırmasının bir neçə bölmədən ibarət olduğunu yazan Hayri Ataş həmin fəsilləri diqqətə çatdırır:

“Müqəddimə", “Əsgəri-siyasi hadisələr”, “Divan ədəbiyyatında Hamaset”, “Dövlət təşkilatında pozuqluq”, “Şikayətlər”, “Acı həqiqətlər”, “Real və həyati həqiqətlər”,“Tövsiyə və ikazlar”, “Divan ədəbiyyatında əxlaq təlakkisi”, “Tiplər məslək sahibləri zümrələr millətlər”, “Divan ədəbiyyatı və məmləkət”, “Divan ədəbiyyatında vətən təlakkisi və Vətən sevgisi”, “Nəticə”, “Biblioqrafiya”, “Mündəricat”.

Monoqrafiyada, həmçinin Səlim Rəfiq Rəfioğlunun folklorşünaslıq fəaliyyəti haqqında da ətraflı məlumat verilmiş, onun müxtəlif dövrlərində qələmə aldığı “Azərbaycan dəyələrinə dair”, “Azəri xalq ədəbiyyatında Dəli Alı dastanı”, “Nigaristanlı Aşıq Sadığın bir şeiri”, “Xalqiyat və xalq hekayələri”, “Manilərə dair” tədqiqatları araşdırılmışdır. Bu hissədə Səlim bəyin, həmçinin, “dəyə” sözünün geniş etnoqrafiyasını verərək dəyənin hissələrindən, quruluşundan bəhs etməsi diqqətə çatdırılır. Bundan başqa, türk xalq ədəbiyyatının ən geniş yayılmış şeir şəkillərindən olan manilərin də Səlim bəyin təhlilindən yan keçmədiyi, bu sözün mənasının, mənşəyinin araşdırıldığı Hayri Ataşın tədqiqatında nəzərə çarpır. Elə folklorla bağlı yazılarından olan “Manilərə dair” araşdırmasının da bu mövzuya həsr edildiyi kitabda aydın olur.

Səlim Rəfiq Rəfioğlunun folklorumuz üçün gördüyü ən dəyərli işlərdən birinin də Azərbaycan və Anadolu xalq nağıllarının təhlili olduğunu vurğulayan Hayri Ataş müəllifin, bir çox digər əsərləri kimi, bu yazısının da nəşr olunmadığını təəssüflə qeyd edir. Araşdırmanı tədqiqata cəlb edən müəllif burada Səlim bəyin nağılları məzmununa görə 6 yerə böldüyünü qeyd edərək, bu qruplaşdırmanı kitabda nəzərə çatdırdıqan sonra müəllifin həmin nağıllar haqqında olan görüşlərini oxucuların diqqətinə çatdırır: 1. eşq nağılları 2. saz şairləri ətrafında təşəkkül edən nağıllar 3. tarixi nağıllar 4.qəhrəmanlıq nağılları 5.heyvanlar haqqında nağıllar 6. sərgüzəşt nağılları Monoqrafiyada yuxarıda adı çəkilən məsələlərdən savayı, Səlim Rəfiq Rəfioğlunun ədəbi tənqidi araşdırmalarından da bəhs olunaraq Əhməd Cəfəroğlu, Bəkir Çobanzadə kimi alimlər haqda öz mülahizələrini, fikirlərini ayrıca kitabda topladığı qeyd olunur. Tədqiqatçı “Professor Əhməd Cəfəroğlunun əsərlərində görünən xətalar: bir əlavə - bir düşüncə - bir cavab”, “Professor Bəkir Çobanzadəyə cavab” yazılarını bu qəbilə aid etmişdir. Monoqrafiya müəllifi Səlim Rəfiq Rəfioğlunu Bəkir Çobanzadəni “yeni Azəri ədəbiyyatının əcəmisi” kimi qiymətləndirməsini vurğulamış, həmçinin ciddi iradlarla tənqid olunduğunu səciyyələndirmişdir.

Adı çəkilən məsələlərin geniş təhlili verilən bu kitab Səlim Rəfiq Rəfioğlunun həyat və yaradıcılığının, həmin dövr mühacirət ədəbiyyatının dəqiq və hərtərəfli öyrənilməsində çox əhəmiyyətli bir mənbədir. Aparılan bütün araşdırmalara rəğmən, haqqında ətraflı məlumat olmayan mühacir ədəbiyyatının nümayəndəsi barədə bu cür tədqiqat işinin olması təqdirəlayiq bir haldır.

Günay CƏFƏRLİ

Son xəbərlər