15/12/2018 16:11
728 x 90

Azərbaycan dilində ədəbi-bədii əsərlərin audio qiraət variantı internet üzərindən dünyaya yayılmağa başlayıb…

“Azərbaycan klassik ədəbiyyatı, dastanlarımız, nağıllarımız, ümumiyyətlə, şifahi xalq ədəbiyyatının bir çox nümunələri “Auidiokitab”da səsləndirilərək dünyanın hər bir yerinə yayılır”

img

Həsən Həsənov: “Ümidvarıq ki, tez bir zamanda “Auidiokitab” dünyada yaşayan soydaşlarımızın daha da sıx birləşməsi üçün ən mühüm təbliğat vasitələrindən birinə çevriləcək”

“Görmə qabiliyyəti olmayan insanların cəmiyyətdən təcrid olunmaması üçün “Auidiokitab” onlara yardım edərək ədəbiyyatımız, tariximizlə yaxından tanış olmaları üçün müstəsna rol oynayacaq”

 

Son dövrlər internet resurslarının yaratdığı şərait bir sıra sahələrin meydana çıxaraq inkişaf etməsinə imkan yaradıb. Bu gün müxtəlif internet şəbəkələrində Azərbaycan və dünya ədəbiyyatına aid səsli örnəklər yerləşdirilir. Əvvəllər bu, müxtəlif radiolar tərəfindən həyata keçirilsə də, hazırda şirkətlərdə səsli ədəbiyyat, daha dəqiq desək, audiokitab layihələri gerçəkləşdirilir. Vaxtilə Mədəniyyət Nazirliyinin xəttilə görmə əngəlli insanlar üçün “Səsli kitabxana” layihəsi gerçəkləşdirilmişdi. Bu da çox böyük effekt verdi.

Hazırda Azərbaycanda “Auidiokitab” MMC tərəfindən Azərbaycan və dünya ədəbiyyatına aid əsərlər, eləcə də nağıllarımız, dastanlarımız, poetik nümunələrimiz, ayrı-ayrı alimlərə məxsus mühazirələr ölkənin tanınmış aktyorları, bədii qiraətçiləri tərəfindən səsləndirilir.

“Auidiokitab” MMC-nin direktoru, əməkdar mədəniyyət işçisi Həsən Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, bu layihənin əsas məqsədi milli və tərcümə ədəbiyyatı nümunələrini aktyor və aktrisalarımızın səsində dünya azərbaycanlılarına çatdırmaq, eyni zamanda, bu əsərlərlə ölkə əhalisini, görmə əngəlli insanları tanış etməkdir. O hesab edir ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bu əsərlərə ana dilimizdə, öz aktyorlarımızın səsində qulaq asmağı daha çox istəyərlər.   

“Müasir texnologiyalardan yararlanaraq yaradılan “Auidiokitab” sosial bir layihədir və insanlar üçün yeni bir formatdır. Dünya, xüsusilə də türk və Şərq ədəbiyyatının, tarixinin, mədəniyyətinin bizim tərəfdən öyrənilməsinin yeni üsuludur. Azərbaycan klassik ədəbiyyatı, dastanlarımız, nağıllarımız, ümumiyyətlə, şifahi xalq ədəbiyyatının bir çox nümunələri “Auidiokitab”da  səsləndirilərək dünyanın hər bir yerinə yayılır.

Dastanlarımızın, nağıl və şifahi xalq ədəbiyyatımızın nümunələrinin səsləndirilməsi həm indiki nəsil, həm də gələcək nəsil üçün əyani vasitədir” - deyə bildirən H.Həsənov qeyd etdi ki, dahi Nizami Gəncəvidən başlayaraq müasir dövrümüzə qədər yazıb yaradan bütün klassiklərimizin əsərləri, onların həyat və yaradıcılığı haqqında məlumatlar “Auidiokitab”da öz əksini tapıb. “Bununla da “Auidiokitab”  klassiklərimizin, müasir yazıçılarımızın, yaradıcılığa qədəm qoymuş  gənc ədiblərimizin əsərlərini və onların yaradıcılığı ilə bağlı məlumatları oxucuya (dinləyiciyə) çatdırmaq üçün çox mühüm və vacib olan, günümüzün tələblərinə uyğun iş görüb. “Auidiokitab” elə bir vasitədir ki, dünyanın hər hansı bir yerindən istədiyin anda əlçatan olur. Təyyarədə, qatarda, gəzinti zamanı, avtomobildə, tıxaclarda belə bizim kitabları asanlıqla dinləmək olur. Ümidvarıq ki, tez bir zamanda “Auidiokitab” dünyada yaşayan soydaşlarımızın daha da sıx birləşməsi üçün ən mühüm təbliğat vasitələrindən birinə çevriləcək. Bu gün “Audiokitab”da xaricdə yaşayan soydaşlarımızın ailələri, onların övladları və özlərinin dilimizə yadlaşmamaları üçün müxtəlif səpkili -  həm uşaqlar,  həm də böyüklər üçün ədəbiyyatlar səsləndirilib”.

H.Həsənov vurğuladı ki, “Audiokitab” ümumtəhsil və ali məktəblərdə təhsil alanlar üçün bütün ədəbiyyatlara, tarixi mühazirələrə xüsusi önəm verib və bütün bunlar auidiokitab tətbiqində öz əksini tapıb. O qeyd etdi ki, hər bir tələbə, hər bir şagird asanlıqla bu kitabları yükləyib istifadə edə bilər. “Statiskaya görə, bu gün ölkəmizdə gözdən əlilliyi olan 40 mindən çox vətəndaşımız var. Onların 8 minə yaxını uşaqlardır. Ümumiyyətlə, dünyada göz zəifliyindən əziyyət çəkən minlərlə insan, o cümlədən soydaşlarımız var. Görmə qabiliyyəti olmayan insanların cəmiyyətdən təcrid olunmaması üçün “Auidiokitab” onlara yardım edərək, ədəbiyyatımız, tariximizlə yaxından tanış olmaları üçün müstəsna rol oynayacaq. İndiyə qədər 400-dən çox müxtəlif səpkili kitab səsləndirilib”.

Bu işlə məşğul olan digər şirkətlərlə rəqabətə gəlincə, H,Həsənov qeyd etdi ki, rəhbərlik etdiyi şirkətin təqdim etdiyi layihəyə mobil telefon vasitəsilə istənilən məkanda qulaq asmaq olar. “Başqa şirkətlərin olub-olmamasından xəbərim yoxdur. Ola bilər ki, onların fəaliyyəti respublika daxilində olsun və onlar məhsullarını disk şəklində təqdim etsinlər. Ancaq bizdə tamam başqadır. Dünyanın bütün yerlərində mobil telefon vasitəsilə bizə qulaq asmaq olur” - deyə H.Həsənov bildirdi.

İradə SARIYEVA

Son xəbərlər