15/12/2018 16:08
728 x 90

Bəstəkar qalıb kənarda, bəzi müğənnilər özgənin mülkiyyəti üstündə dava edir...

“Müğənnilər mahnı müəllif deyil və bu baxımdan da onlar mahnıların ifası ilə bağlı heç kəsə qadağa qoya bilməzlər”

img

Gülüm Qiyasova: “Zeynəb Xanlarovanın repertuarındakı mahnılarla neçə-neçə nəsil sənətə gəlib, lakin böyük sənətkar heç kəsin qarşısını kəsməyib, əksinə, onlara “oxuyun, amma yüksək səviyyədə” oxuyun deyib”
“Rəqsanənin, yaxud da başqa bir müğənninin müəlliflik iddiasını heç cür qəbul etmək olmaz”

 

Şou-biznesdə təmsil olunan bəzi müğənnilər sənətdən çox, qalmaqalla gündəmə gəlməkdə davam edirlər. Son aylar ən çox söz-söhbət predmetinə çevrilən şou müğənnilərindən birinin digərinin repertuarında yer alan mahnıları ifa etməsidir. Heç uzağa getməyək, sosial şəbəkələrdə və digər internet resurslarında müğənni Rəqsanə İsmayılova ilə həmkarı, “Cin” ləqəbli Ceyhun Zeynalov arasında birincinin repertuarında yer alan “Bivəfa” mahnısı ilə bağlı qalmaqalın videosu yayılıb.

Rəqsanə iddia edir ki, Ceyhun onun icazəsi olmadan bu mahnını götürüb ifa edib. Özünü az qala mahnının müəllifi kimi təqdim edən Rəqsanə bildirir ki, Ceyhunun bu mahnını ifa etməyə haqqı çatmır. Rəqsanənin sözündən belə çıxdı ki, guya ki, mahnının sözü də, musiqisi də ona aiddir. Əslində isə, o yalnız ifaçıdır. Mahnının müəllifi isə şair və bəstəkardır.

Son zamanlar bəzi müğənnilərin ifa etdikləri mahnılara müəlliflik iddiası geniş yayılıb. Bəstəkar və şair qalır bir tərəfdə, müəllif kimi müğənni danışır.

Bir məqamı da diqqətinizə çatdıraq ki, bir sıra orta nəsil və gənc müğənnilər SSRİ xalq artisti, dünyaşöhrətli müğənnimiz Zeynəb Xanlarovaya “sizin repertuarınızdan mahnı oxumaq istəyirəm, icazə verərsinizmi” deyə müraciət ediblər. Böyük sənətkar isə, öz növbəsində, “mahnının müəllifi mən deyiləm, buna görə məndən icazə almalı deyilsiniz, amma çalışın o mahnını yüksək səviyyədə oxuyun” cavabını verib.

Lakin bu gün musiqi sənətinə heç bir aidiyyəti olmayan şəxslərin ifa etdikləri mahnılara müəlliflik iddiasında olması, həmin mahnının başqa həmkarları tərəfindən ifa edilməsinin qarşısına çəpər çəkməsi yolverilməzdir.

Musiqiçi Gülüm Qiyasova bizimlə söhbətində bildirdi ki, bəzi müğənnilər, ümumiyyətlə, müəllif hüquqlarının nə olduğundan xəbərsizdir. Onun sözlərinə görə, şou müğənniləri bir çox hallarda ifa etdikləri mahnıları bəstəkardan pulla alırlar, bu onlarda elə təəssürat yaradır ki, mahnının müəllifləri elə onlar özləridir. Bunun tamamilə yanlış yanaşma olduğunu vurğulayan musiqiçi bildirdi ki, müğənninin mahnını hansı yolla əldə etməsindən asılı olmayaraq, onlar bu mahnının başqası tərəfindən ifa edilməsinə qadağa qoya bilməz. “Mən də Rəqsanənin mahnı qalmaqalını izləmişəm. Açığı, bu mənə çox gülməli gəldi. Ona görə ki, müğənnilər mahnı müəllif deyil və bu baxımdan da onlar mahnıların ifası ilə bağlı heç kəsə qadağa qoya bilməzlər. Müğənnilər sevinməlidirlər ki, onların ifa etdikləri mahnı başqa bir həmkarı tərəfindən də ifa edilir. Güneyli soydaşımız İbrahim Əlizadənin “Səni deyirlər” mahnısı son ayların ən böyük musiqi trendidir və bu gün, demək olar ki, müğənnilərin əksəriyyəti o mahnını ifa edir, heç İbrahim bəyin adını belə çəkmirlər. Ancaq o bununla bağlı heç kəsi ittiham etmir. Sənətə yeni gələn gənclər bizim böyük sənətkarların repertuarına müraciət edirlər, lakin o sənətkarlar “bu mahnı mənimdir!” deyə onlara qarşı ittiham irəli sürmürlər. Azərbaycan musiqisinin, ifaçılıq sənətinin zirvəsi olan Zeynəb Xanlarovanın repertuarındakı mahnılarla neçə-neçə nəsil sənətə gəlib, lakin böyük sənətkar heç kəsin qarşısını kəsməyib, əksinə, onlara “oxuyun, amma yüksək səviyyədə” oxuyun deyib. Çünki bu insanlar musiqiyə, mədəniyyətə xidmət edirlər və başqa iddiaları yoxdur. Rəqsanənin, yaxud da başqa bir müğənninin müəlliflik iddiasını heç cür qəbul etmək olmaz. O, mahnını pulla alsa belə, başqasına “bunu oxuma” deyə bilməz. Sözləri Baba Vəziroğluna, musiqisi isə Kamala məxsus olan “Nigaranam” mahnısını birinci olaraq Xalq artisti Aygün Kazımova ifa etmişdi. Ondan sonra isə bu mahnını Nəsibə Abdullayeva oxudu və mahnını trendə çevirdi. Onda gərək Aygün xanım da Nəsibə xanıma qarşı iddialar irəli sürərdi. Hər bir müğənni müəlliflik hüququnun nə olduğunu bilməlidir”-deyə bildirən musiqiçi hesab edir ki, şou müğənniləri çox vaxt öz şəxsi problemlərini ifaçılığa daşıyırlar. Bunun isə pis nəticələr verdiyini deyən ekspertin sözlərinə görə, bəstəkarlar və mahnı mətnləri müəllifləri şou müğənnilərin qarşısına daha sərt tələblər qoymalıdırlar.

Leyla QARAXANLI 

Son xəbərlər