15/12/2018 16:13
728 x 90

Tarix və mədəniyyət abidələrimizin pasportlaşdırılması üzrə proqram rəsmiləşir...

Fariz Xəlilli: “Qoruqların ərazilərindəki tarix-mədəniyyət abidələrinin pasportlaşdırılması işinə başlanması çox əhəmiyyətli bir məsələ olardı”

img

“Abidələrlə bağlı həll olunmamış çox iş qalıb ki, bu həm Dövlət Turizm Agentliyi, həm də Mədəni İrsin Qorunması, Bərpası üzrə Dövlət Xidməti tərəfindən həll edilməlidir”
“Köhnə siyahıda olan elə abidələr var ki, bir abidə bir neçə inventar nömrəsi altında verilib”

 

Azərbaycanda maddi və qeyri-maddi mədəni irs nümunələrinin müəyyənləşdirilməsi, onların dövlət reyestrinə salınması aktual məsələlərdən biridir. Sirr deyil ki, indiyə qədər xeyli sayda tarix-mədəniyyət abidəsi əlaqədar qurumlar tərəfindən siyahıya alınmayıb. Bu da o abidələrin diqqətdən kənarda qalması ilə nəticələnib. Ölkəmizdə elə abidələr var ki, onlar müxtəlif qoruqların ərazisində yerləşir. Bu gün həmin abidələrin də ayrıca qeydiyyata alınaraq pasportlaşdırılması məsələsi gündəmdədir.   

Məlumatlara görə, Azərbaycanda qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri layihəsi hazırlanacaq. Bu məsələ Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin zərfində öz əksini tapıb.

2019-2022-ci illər üzrə müəyyən edilən proqramın əsas hədəflərindən biri qoruqların ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması, müasir tələblərə cavab verən məlumat bazasının yaradılmasıdır. Bununla yanaşı, tarix və mədəniyyət qoruqlarının sərhədlərinin müəyyən edilməsi və xəritələrinin hazırlanması nəzərdə tutulur.

MİRAS – Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Bakı-Xəbər”ə bildirdi ki, nəinki qoruqların ərazisində yerləşən, eləcə də digər məkanlarda olan tarix-mədəniyyət abidələrinin qeydiyyata alınması, pasportlaşdırılması, onlarla bağlı müasir tələblərə cavab verən məlumat bazasının formalaşdırılması çox vacibdir.

“Qoruqların ərazilərindəki tarix-mədəniyyət abidələrinin pasportlaşdırılmasına başlanması çox əhəmiyyətli bir məsələ olardı. Qoruqların ərazisindəki abidələrlə bağlı həll olunmamış çox iş qalıb ki, bu həm Dövlət Turizm Agentliyi, həm də Mədəni İrsin Qorunması, Bərpası üzrə Dövlət Xidməti tərəfindən həll edilməlidir”.

Eskpert qeyd etdi ki, 2001-ci ildən üzü bu yana tarix və mədəniyyət abidələrinin qeydiyyata alınması prosesi ləng gedir. “İndiyə qədər əlaqədar qurumlar tarix və mədəniyyət abidləri ilə bağlı tam siyahını hazırlamayıb. Söhbət maddi mədəniyyət abidələrindən gedir. Xeyli sayda yeni abidə aşkarlanıb, onların adları sadəcə olaraq yeni aşkarlanmış abidələr siyahısında gedir. Yaxud da köhnə siyahıda olan elə abidələr var ki, bir abidə bir neçə inventar nömrəsi altında verilib. Yəni bir abidədir, ancaq 3 inventar nömrəsi var. Əslində, əvvəlki illərdə qeydiyyatda olan 3000-dən artıq abidə varsa, onların yarısı, yaxud üçdə biri çıxdaş olunacaq. Məsələn, orta əsr Ağsu şəhərinin, eləcə də Xınıslı abidəsinin 3 inventar nömrəsi var. Qəbiristanlıqlar var ki, onlar qeydiyyata bir neçə ad altında alınıblar. Düşünürəm ki, bunlar hamısı dəqiqləşdirilməlidir. Bilirsiniz, 2001-ci ildən bu yana işlər aparılır, ancaq görülən işlər bir dövlət sənədi kimi ortalıqda yoxdur. Bu yaxınlarda QHT Şurasının dəstəyi ilə bir layihə həyata keçirdik. Heç ağlımıza gəlməyən bir ərazidə, Ağsu rayonunun Pirhəsənli kəndində 6 hektarlıq yaşayış yerinin qalıqlarını aşkarladıq. Daha doğurusu, bu ərazini bizə yerli camaat göstərdi. Tarix-mədəniyyət abidələrinin siyahısı hansısa siqnallar əsasında tutulmamalıdır. Ölkə ərazisində yerləşən bütün abidələr araşdırılmalı, müəyyən edilməli və onların tam olaraq siyahısı hazırlanmalıdır”.

F.Xəlilli hesab edir ki, qoruqların ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması böyük əhəmiyyət daşıyacaq. O bildirdi ki, yeni qaydalara əsasən, ölkədəki qoruqların bir hissəsi Dövlət Turizm Agentliyinin, bir qismi isə Mədəni İrsin Qorunması, Bərpası üzrə Dövlət Xidmətinin balansına keçib. “Bu da qoruqlarla bağlı bu qurumlar arasında rəqabətlilik yaradır. Bu qoruqlara turizm baxımından Dövlət Turizm Agentliyinin ehtiyacı var ki, qoruqların ərazisində olan bütün obyektləri dəqiqləşdirsin. Qoruqların ərazisindəki abidələr, emalatxanalar, evlər və s. hamısı qeydiyyata alınmalıdır. Məsələn, götürək Şəkini. Bilirsiniz ki, Şəki UNESCO-ya da təqdim edilib. Şəkiyə baxsaq, burada bir qoruqdur, amma o qoruğun içində çoxlu sayda alt abidə var. Bunların hamısı da heç də təkcə maddi mədəniyyət abidəsi deyil. Burada bir emalatxana, kəlağayı sexi varsa, bu həm də qeyri-maddi mədəniyyət nümunəsidir. Bütün məsələləri araşdırıb ortaya yeni bir baxış, yanaşma qoymaq lazımdır” - deyə F.Xəlilli bildirdi.

F.Xəlilli, həmçinin, vurğuladı ki, abidələr haqqında lazımi informasiya sisteminin formalaşdırılması da olduqca vacib məsələdir. O hesab edir ki, yaxın gələcəkdə bu məsələ tam olaraq öz həllini tapacaq.

İradə SARIYEVA

Son xəbərlər