15/12/2018 16:07
728 x 90

Bölgələrimizdə milli geyim festivallarının keçirilməsi aktuallaşıb

“Ölkənin müxtəlif bölgələrində milli geyim festivalları keçirilərsə, bu, milli geyim irsimizin təbliğatına çox müsbət təsir edə bilər”

img

İlhamə Qəsəbova: “Azərbaycanın hər bölgəsinin özünə aid geyimləri olub və hazırda bu geyimlər daha çox nümayiş olunmalıdır”

 

Bu gün milli geyimlərimizin cəmiyyətdə təbliğinə böyük ehtiyac var. Xalqımızın tarixi və milli mədəniyyəti, xalq yaradıcılığı milli geyimlərdə öz əksini daha məzmunli şəkildə tapır. Maraqlı məqamlar ondan ibarətdir ki, Azərbaycanda yaşayan bütün xalqların, etnik qrupların öz milli geyimləri var və bu geyimlərdə həmin xalqların özünəməxus elementləri formalaşıb. Bütövlükdə, keçmişdə Azərbaycanın hər bir bölgəsinin öz geyimləri olub. Sözsüz ki, bunlar bizim milli geyim sisteminə daxil olub və Azərbaycan milli geyim ənənəsini formalaşdırıb.

Bilirik ki, hazırda məişətdə milli geyimlərdən istifadə olunmur. Yalnız bayram tədbirlərində, festivallarda, sərgilərdə milli geyimdən istifadə edilir. Bu da milli geyimlərin cəmiyyətə daşınmasında elə də böyük rol oynamır.

Milli geyimlərimizin gənc nəslə tanıdılması istiqamətində bir sıra tədbirlər həyata keçirilməlidir. Onlardan biri də milli geyimlərin təbliği üçün paytaxtda və bölgələrdə milli geyim festivallarının keçirilməsidir.

Filologiya üzrə fəlsəfə doktoru, folklorşünas İlhamə Qəsəbova bizimlə söhbətində bildirdi ki, milli geyimlərimiz bütün elementləri ilə təbliğ edilməlidir. O hesab edir ki, bütün bölgələrdə milli geyim festivallarının keçirilməsi əhəmiyyətli olardı. “Milli geyimlərimizin cəmiyyətə daşınması çox vacibdir. Bunun üçün isə müxtəlif təhsil ocaqlarında, ictimai yerlərdə milli geyimlərimiz təbliğ edilməlidir. Bu təbliğatın isə əsas formalarından biri milli geyim festivallarının keçirilməsidir. Artıq bu sahədə müəyyən addımlar atılıb. Bir müddət əvvəl Naxçıvanda Milli geyimlər festivalı keçirildi. Maraqlı cəhət odur ki, burada xanlıqlar dövrünün saray geyimlərindən ibarət dəfilə nümayiş olunub. Gənclər atrıq görürlər ki, bizim necə zəngin geyim irsimiz var. Heç şübhəsiz ki, bu amil ölkəyə gələn turistlərə də müsbət emosiyalar aşılayır. Onlar bizim milli geyimlərimizlə də tanış olurlar. Əvvəllər geyim üzrə rəssamlarımız, milli geyim tikən modelyer-dizaynerlərimiz barmaqla sayılacaq qədər idisə, bu gün onların sayı çoxdur. Onu da deyim ki, Azərbaycanın müxtəlif bölgələrinin milli geyimləri mütəxəssislərimiz tərəfindən araşdırılır, öyrənilir və onların əsasında yeni geyimlər tikilir. Azərbaycanın hər bölgəsinin özünə aid geyimləri olub və hazırda bu geyimlər daha çox nümayiş olunmalıdır. Bir bölgənin geyim elementləri o biri bölgənin geyim elementlərini təkrarlamır. Düzdür, təbii bənzərliklər də çoxdur, olmalıdır da. Məsələn, Bakı geyimləri ilə Qarabağ geyimləri bir-birindən fərqlənir. Quba geyimləri ilə Borçalı-Qazax geyimləri oxşar deyil. Lənkəranın, Təbrizin, Dərbəndin, Naxçıvanın və s. öz geyimləri olub. Bu gün o geyimlər yenidən qaytarılır. Ölkənin müxtəlif bölgələrində milli geyim festivalları keçirilərsə, bu, milli geyim irsimizin təbliğatına çox müsbət təsir edə bilər. Bizim elə bölgələrimiz var ki, orada Azərbaycan türkləri ilə yanaşı, başqa xalqların nümayəndələri də yaşayırlar. Bu festivallarda onların da geyimləri təqdim edilməlidir”. İ.Qəsəbova onu da vurğuladı ki, Azərbaycan multikultural bir ölkədir və burada hər bir xalq öz geyimini yaşadır. Bundan başqa, alim bildirdi ki, bu festivallarda kişi və uşaq geyimlərimiz də nümayiş olunmalıdır.

İradə SARIYEVA

Son xəbərlər