11/12/2018 11:46
728 x 90

Son 12 ildə 341 film çəkmişik – faktın kəmiyyət və keyfiyyət aspektləri...

Aydan Əliyeva: “Büdcədən ayrılan vəsait hesabına müxtəlif istiqamətlərdə, janrlarda 300-dən artıq filmin çəkilməsi az iş deyil”

img

“Bu gün kino sənayesi o şəkildə inkişaf etməlidir ki, Azərbaycanda istehsal edilən filmlərin dünya kino bazarında alıcıları olsun”

“Azərbaycan kinosu artıq ayağa durmaq üzrədir və bu da dövlət qayğısı ilə mümkün olub”

 

120 ildir Azərbaycanda kino mövcuddur. Doğrudur, filmlərimizin çox böyük qismi sovet illərində çəkilib. Bu dövrdə çəkilən filmlər arasında kifayət qədər maraqlı, dəyərli, bu gün də əhəmiyyətini itirməyən filmlər istehsal olunub.

Bu gün Azərbaycan müstəqil dövlətdir və özünün milli kino strategiyası formalaşıb və çəkilən filmlərin azərbaycançılıq ideologiyasına söykənməsi vacib bir məsələ kimi ortaya qoyulub.

Son zamanlar ölkənin kino sənayesinin dirçəlişi müşahidə olunur, dövlət sifarişi ilə filmlər çəkilir. Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə, son 12 ildə Azərbaycanda dövlət sifarişi ilə ümumilikdə 341 adda film istehsal edilib. 2006-2018-ci illər ərzində dövlət studiyalarında və müstəqil prodüsser mərkəzlərində filmlər çəkilib və onlar beynəlxalq kino festivallarında iştirak ediblər.

Qeyd olunan dövr ərzində kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsait hesabına 43 tammetrajlı bədii, 45 qısametrajlı bədii (bədii filmlərin 41%-i müstəqil studiyalar tərəfindən çəkilib), 214 sənədli, 21 cizgi filmi və “Mozalan” kinojurnalının 18 buraxılışı çəkilib.

Bu dövr ərzində istehsal olunun ekran əsərlərindən 63 bədii, sənədli və cizgi filmi dünyanın 5 qitəsini əhatə edən 57 ölkədə keçirilən Kann, Venesiya, Berlin, Karlovı Varı, Tokio, Moskva və s. 224 film festivalının müsabiqə proqramına seçilərək 346 dəfə həmin festivallarda iştirak edib. Həmin ekran əsərləri 8 “Qran-Pri”, 30 “Ən yaxşı bədii film”, 8 “Ən yaxşı sənədli film”, 9 “Ən yaxşı rejissor işi”, 15 “Ən yaxşı aktyor oyununa görə” olmaqla, ümumilikdə, 140 müxtəlif mükafat qazanıb.

Azərbaycanda dövlət sifarişi ilə çəkilən filmlərin keyfiyyətinin əsas olduğunu deyən ekspertlər hesab edirlər ki, əsas məsələ çəkilən filmləri tamaşaçıya çatdırmaqdır. Kinoşünas Aydan Əliyeva bizimlə söhbətində bildirdi ki, ümumilikdə, bu qədər filmin çəkilməsi 12 il ərzində az iş deyil. O hesab edir ki, dövlət büdcəsindən Azərbaycan kinosuna ayrılan vəsaitlə bu qədər filmi istehsal etmək mümkün olub. O vurğuladı ki, Azərbaycanda kinoya göstərilən dövlət diqqəti nəticəsində kino da dirçəlməyə başlayıb. “Bəzən kino məmurları və bəzi kinorejissorlar deyirlər ki, dövlət büdcəsindən kinoya ayrılan vəsait çox azdır. Bəs kinonun özü dövlət büdcəsinə nə qədər vəsait gətirir? Büdcədən ayrılan vəsait hesabına müxtəlif istiqamətlərdə, janrlarda 300-dən artıq filmin çəkilməsi az iş deyil. Hətta deyərdim ki, böyük rəqəmdir. Dövlət kinoya pul ayırır, bu pul hesabına filmlər çəkilir. Ancaq hələ heç bir filmimiz xaricdə və yerli kinoteatrlarda nümayiş etdirildiyinə görə ölkə büdcəsinə vəsait gətirməyib. Bu gün kino sənayesi o şəkildə inkişaf etməlidir ki, Azərbaycanda istehsal edilən filmlərin dünya kino bazarında alıcıları olsun. Bizim filmlərin çoxunun səviyyəsi imkan vermir ki, xarici bazarda özünə yer tuta bilsin. Azərbaycanda kino sahəsini tənzimləyən qanun mövcuddur, bundan başqa, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair” Dövlət Proqramı təsdiqlənib. 10 ildir bu proqram qəbul edilib və proqram əsasında filmlər çəkilir. Qəbul edilən sənədlər kino sənətinin inkişafında mühüm rol oyanyıb. Bütün bunların müsbət nəticəsi var. Lakin kinematoqraflar kinonu elə çəkməlidirlər ki, o filmlərə tamaşaçılar maraq göstərsinlər” - deyə bildirən ekspert qeyd etdi ki, son 12 ildə 341 filmin çəkilməsi müsbət haldır, lakin bu filmlərin, demək olar ki, yarıdan çoxundan tamaşaçının xəbəri yoxdur. Dövlət qayğısına kinematoqrafiyanın maraqlı bədii, sənədli filmlərlə cavab verməli olduğunu deyən ekspertin sözlərinə görə, hələ real tarixi hadisələrdən bəhs edən bir sənədli filmimiz yoxdur ki, dünyaya səs salsın.

“Bilirsiniz, Azərbaycan kinosu artıq ayağa durmaq üzrədir və bu da dövlət qayğısı ilə mümkün olub. Bu gün kinematoqrafiya sahəsində prodüsserlik institutu o qədər işlək olmaldır ki, bu filmləri bazara çıxarıb sata bilsin. Düşünürəm ki, gələcəkdə müştərək layihələr əsasında çəkilən filmlərlə biz bu məsələni həll edə bilərik” - deyə ekspert bildirdi.

İradə SARIYEVA 

Son xəbərlər