11/12/2018 11:45
728 x 90

Azərbaycanda kino rəssamlığı problemi...

“Kino yaradıcılığında quruluşçu rəssamın verdiyi tərtibat çox mühümdür”

img

Müşfiq Hətəmov: “Kino rəssamlığı inkişaf edir və bu sahənin gələcəyi ilə bağlı nikbinik”

 

Kino ancaq kinodramaturqun, kinorejissorun və kinooperatorun yaratdığı sənət nümunəsi deyil, burada vacib rollardan birini kino rəssamları oynayır. Filmlərə baxarkən dekorasiyalar, aktyorların geyimləri və digər nüanslar bizi ciddi maraqlandırır. Rəssamın kinoda iştirakı filmlərin daha canlı və emosional alınmasına mühüm təsir göstərir. Həm tarixi, həm də digər janrlarda ekranlaşdırılan filmlərdə rəssam işinin uğurlu həlli filmləri daha da baxımlı edir. Bu əsasən də tarixi filmlərdə özünü daha qabarıq formada göstərir.

Azərbaycanda vaxtilə çox güclü, peşəkar kino rəssamları fəaliyyət göstərib. Onlar bu sahədə ixtisaslaşdıqları üçün, filmlərə çox maraqlı tərtibatlar veriblər. Heç şübhəsiz ki, istənilən rəssam kinoda işləyə bilməz, bunun üçün həmin rəssamdan həm xüsusi istedad tələb olunur, həm də o, tarixi dövrlər haqqında zəngin məlumata malik olmalıdır. Sözsüz ki, Sovet dövründə çəkilən filmlərdə rəssam daha böyük zəhmətlə çalışırdı. Kompyuter qrafikasının yoxluğu və texniki inkişafın zəifliyi onların alternativ üsullardan istifadə etməsinə əngəl olurdu. Bu gün isə tamam başqa bir dövrdə yaşayırıq. İnformasiya texnologiyalarının zənginliyi rəssamların əlindən əməlli-başlı tutur. Hazırda kompyuter qrafikasının geniş yayıldığı dövrdə yaşayırıq və bizə elə gəlir ki, filmlərdə artıq rəssam işinə ehtiyac yoxdur. Əlbəttə, yanılırıq. Rəssam tərtibatı olmayan filmlər maraqsız görünər. 

Müasir kino rəssamlığı hansı səviyyədədir?

Nəzərə alaq ki, bu gün ölkəmizin baş kino istehsalçısı və kino sənayesinin inkiafını həyata keçirən “Azərbaycanfim” Kinostudiyasıdır, onda kino rəssamlarının yetişməsində bu qurumun önəmli rolu olmalıdır.

“Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov “Bakı-Xəbər”ə bildirdi ki, dünən olduğu kimi, bu gün də kinematoqrafiyada rəssam tərtibatına ciddi ehtiyac var və rəhbərlik etdiyi qurumda peşəkar kino rəssamları ilə yanaşı, gənc rəssamlar da işləyirlər. Gənc rəssamların kinoya cəlb olunmasında maraqlı olduqlarını deyən M.Hətəmovun sözlərinə görə, gənclər özləri də kinoya böyük sevgi bəsləyirlər. “Bu gün kinostudiyada peşəkar heyətlə yanaşı, onların assisenti kimi gənclər də işləyirlər. Gənc rəssamar, qrimçilər, işıqçılar, bir sözlə, kinoda iştirakı olan bütün sahələr üzrə gənclərimiz var. Hazırda kinostudiyada 3 gənc rəssam işləyir. Biz bu il 100-ə yaxın gənci sınağa cəlb etmişik və onların arasından seçdiklərimiz burada müxtəlif sahələrdə işləyirlər. Kino yaradıcılığında quruluşçu rəssamın verdiyi tərtibat çox mühümdür. Bu gün Azərbaycan kinematoqrafiyasında rəssam işi yüksək səviyyədədir. Kino rəssamlığı inkişaf edir və bu sahənin gələcəyi ilə bağlı nikbinik” - deyə M.Hətəmov bildirdi.

Qeyd edək ki, “Azərbaycanfilm” Kinostudiyasında dünya kino sənayesinin tanınmış simaları olan rəssamlar gənclər üçün master-klasslar keçir, onlara “Müasir kinematoqrafda rəssam işi” mövzusunda mühazirələr oxuyurlar.

Məlumdur ki, istər səhnədə, istərsə də ekran əsərində yaradılan obrazın dolğun alınmasında, aktyor oyununun tamaşaçı tərəfindən qəbul edilməsində geyim üzrə rəssamın, dekorçunun işi mühüm əhəmiyyət kəsb edir.

İradə SARIYEVA 

Son xəbərlər