19/11/2018 18:27
728 x 90

Mədəniyyət sponsorları barədə ayrıca qanun və mədəniyyətimizin yeni inkişaf şansları...

Əbülfəs Qarayev mədəniyyət sahəsində sponsorluq hərəkatının genişləndirilməsi üçün qanunvericilik bazasının yaradılmasını təklif edir

img

Oqtay Əliyev: “Mədəniyyət sahəsinə maliyyə yardımları edən sponsor təşkilatlarla bağlı qanunvericilik bazasının formalaşdırılmasına həqiqətən ehtiyac var”
“Rəsmi qaydada olmasa da, rəssamların işinə dəstək olan sponsorlar var və onların fəaliyyətinə xüsusi rəğbətlə yanaşılmalıdır”

 

Məlum olduğu kimi, Azərbaycanda həyata keçirilən irimiqyaslı mədəniyyət və incəsənət layihələri əsasən dövlətin ayırdığı vəsaitlər hesabına həyata keçirilir. Bundan başqa, bəzi özəl biznes qurumları, şirkətlər də mədəniyyət tədbirlərinin keçirilməsində sponsor qismində iştirak edirlər. Lakin mədəniyyət sahəsinə maliyyə ayıran şirkətlərin, sponsor təşkilatlarının bu istiqamətdəki fəaliyyəti heç bir qanunvericilik mexanizmi ilə tənzimlənmir. Artıq mədəniyyət sahəsinə maliyyə yardımları edən təşkilatlarla bağlı qanunvericilik bazasının formalaşdırılması məsələsi gündəmə gətirilib.

Mədəniyyət naziri Əbülfəs Qarayev hesab edir ki, bu gün mədəniyyət sahəsinə ayırmalar, ianələrin verilməsi, sponsorluq qanunvericilik çərçivəsində həll olunmalıdır. “Hazırda mədəniyyətin maliyyələşdirilməsi mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Mədəniyyət sahəsində böyük optimallaşdırma işləri aparılır. Bunun nəticəsi olaraq, lazımsız iş yerlərinin bağlanması, vəsaitin daha səmərəli xərclənməsi və strukturun formalaşdırılmasında çox qətiyyətli addımlar atılıb”.

Bu təkliflə Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə iclasında mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edib. O qeyd edib ki, mədəniyyət sahəsində sponsorluq hərəkatının genişləndirilməsi üçün qanunvericilik bazası yaradılmalııdır.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Oqtay Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, mədəniyyət sahəsində sponsor təşkilatların bu istiqamətdə maliyyələşdirmə həyata keçirməsinin qanunvericilik çərçivəsində təsbit olunması müsbət olardı. O.Əliyev hesab edir ki, ümumilikdə, bu, mədəniyyət sahəsinin inkişafına, bu sahədə layihələrin həyata keçirilməsinə dəstək verən qurumların fəaliyyətinə də müsbət təsir göstərə bilər. “Bu gün, az da olsa, rəssamlar sponsorlardan dəstək alırlar. Yəni bu vəsait hesabına rəssamların əsərləri alınaraq müxtəlif təşkilatlara hədiyyə edilir, ayrı-ayrı ofislərdə saxlanır, eyni zamanda da onların sərgiləri təşkil olunur. Rəsmi qaydada olmasa da, rəssamların işinə dəstək olan sponsorlar var və onların fəaliyyətinə xüsusi rəğbətlə yanaşılmalıdır. Mədəniyyət sahəsinə maliyyə yardımları edən sponsor təşkilatlarla bağlı qanunvericilik bazasının formalaşdırılmasına həqiqətən ehtiyac var və bunun nəticəsi müsbət olardı. Lakin gərək sponsorlarla maarifləndirici işlər aparılsın, onlara bu işlərin mahiyyəti izah edilsin. Bir sənət adamı kimi bu sahədə qanunvericilik bazasının formalaşdırılmasına, yaradılmasına münasibətim çox müsbətdir. Çünki sənətə sponsorluq edən, maliyyə yardımları ayıran sponsor təşkilatlarının sənət adamlarına faydası böyükdür. Sənət adamları daim maliyyə ehtiyacı içində yaşayan təbəqədir və onların fəaliyyətinə sponsorlar dəstək olurlar. Sənətkarın bir qayğısı olmalıdır. O ancaq yaradıcılıqla məşğul olmalıdır. Götürək elə rəssamların çoxunu. Bilmirlər rəng, kətan dərdi çəksinlər, yoxsa dolanışıq haqqında fikirləşsinlər. Elə rəssamlar var ki, ümumiyyətlə, əsərlərini sata bilmir, illərlə o əsərlər üzü divara söykənib qalır” - deyə bildirən O.Əliyevin fikrincə, sponsorluq edən qurumlarla bağlı qanunvericilik bazası elə formalaşdırılmalıdır ki, sponsorlara vergi güzəştləri edilsin, onların bu fəaliyyətinə müsbət yanaşılsın. O qeyd etdi ki, xarici dövlətlərdə sənətə, mədəniyyətə dəstək olan qeyri-dövlət təşkilatlarına, şirkətlərə vergi güzəştləri edilir. “Mənim Avropa, eləcə də digər dövlətlərdən, Türkiyədən olan rəssamlarla sıx əlaqələrim var. Bu gün xarici dövlətlərdə də sponsorlar var və orada bu istiqamət tam oturuşmuş, formalaşdırılmış vəziyyətdədir. Bizdə də belə olarsa, çox müsbət olar. Bu amil yaxşı mənada, rəssamlar da daxil olmaqla, bütün mədəniyyət adamlarının vəziyyətinə təsir edə bilər, ortaya daha maraqlı sənət əsərlərinin çıxmasına səbəb olar. Azərbaycanda sponsorluq hərəkatı daha da genişləndirilməlidir ki, bu, sənət adamlarının fəaliyyətinə böyük stimul verə bilsin ” - deyə O.Əliyev bildirdi.

İradə SARIYEVA

Son xəbərlər