19/11/2018 16:10
728 x 90

Azərbaycanda muğam mərkəzləri…

“Bir neçə ilin içində həm muğam sənəti ilə bağlı müsabiqələrin, festivalların keçirilməsi, həm də Azərbaycanın üç rayonunda muğam mərkəzlərinin inşası, paytaxtda Beynəlxalq Muğam Mərkəzinin istifadəyə verilməsi olduqca mühüm hadisələrdir”

img

Ənvər Çingizoğlu: “Azərbaycanda muğam sənətinin inkişaf etdirilməsi ilə bağlı həm dövlət başçısı tərəfindən, həm də Heydər Əliyev Fondunun təşəbbüsü ilə unikal işlər görülür”

 

Muğam yaddaşımızdır. Keçmişlə müasirlik, müasirliklə gələcək arasında qırılmaz bağ olan muğam sənətinin inkişafına dövlət səviyyəsində böyük dəstək verilir. Uzun illərdir muğam sənətinin təbliği, yaşadılması, gənc nəslin ənənəvi musiqiyə cəlb edilməsi və s. istiqamətdə həm dövlət, həm də Heydər Əliyev Fondu tərəfindən müxtəlif layihələr həyata keçirilir.

Muğama dəstək yalnız 2005-ci ildən Heydər Əliyev Fondunun və Azərbaycan Televiziyasının birgə keçirdiyi ənənəvi Televizya Muğam müsabiqəsi, eləcə də artıq davamlı xarakter alan “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı və digər aidiyyəti tədbirlərlə, konfranslarla məhdudlaşmır, bu sahədə daha genişmiqyaslı işlər görülür. Paytaxtda və bölgələrdə muğam mərkəzləri və muğam evlərinin inşası da bu layihələrin, dövlətin muğam sənətinin inkişafı ilə bağlı yeritdiyi siyasətin tərkib hissəsidir.

Gerçəklik budur ki, ölkəmizdə muğam sənətinin hərtərəfli inkişafı üçün münbit şərait formalaşdırılıb. Yeri gəlmişkən, artıq Milli Məclis tərəfindən muğam sənəti ilə bağlı qanun layihəsi də işlənib hazırlanıb. Bu da muğam sənətinin qorunmasında, təbliğində mühüm rol oynayan əsas faktorlardan birinə çevrilib.    

Bu gün Azərbaycan nəinki Şərqin, hətta bütün dünyanın muğam mərkəzinə çevrilib. Sirr deyil ki, muğamın inkişafına Heydər Əliyev Fondunun verdiyi töhfələr əvəzsizdir. Məhz Fondun təşəbbüsü ilə respublikamızın bir neçə rayonunda muğam mərkəzləri və muğam evləri inşa edilərək muğamsevərlərin ixtiyarına verilib.

Bu günlərdə Ağdamda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışı olub. Fondun həyata keçirdiyi çoxsaylı uğurlu işlərdən biri kimi xarakterizə edilən Ağdam Muğam Mərkəzinin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı dövlətin muğama verdiyi ən böyük dəyərin təzahürüdür.

2016-cı ilin oktyabrında inşasına başlanan Ağdam Muğam Mərkəzinin tikilməsinin əhəmiyyətini şərh edən mütəxəssislər hesab edirlər ki, tarixən Ağdam Qarabağın muğam sənətinin yaşadıldığı, təbliğ edildiyi məkanlardan biri olub və burada Muğam Mərkəzinin inşa edilməsi təqdirəlayiq haldır.

Azərbaycanın hər bir guşəsində mədəniyyət mərkəzləri inşa edən və xalqın maddi-mənəvi yaddaşının, tarixi irsinin təbliğində, qorunmasında böyük rol oynayan Heydər Əliyev Fondunun  muğam mərkəzlərini inşa etməkdə əsas amalı xalqın əbədi, tükənməz sərvəti olan muğamın yaşaması, dünyada layiqincə təbliği və gələcək nəsillərə ötürülməsidir.

Ağdam Muğam Mərkəzindən əvvəl Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2008-ci ildə Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa edilib. Elə həmin il də Ağcabədidə möhtəşəm Muğam Evinin açılışı olub. Ağcabədidə Muğam Evinin açılmasının əhəmiyyətini qeyd edən mütəxəssislər bildirirlər ki, həm bu rayonda, həm də digər rayonlarımızda muğam evlərinin yaradılması bu sənətin bölgələrdə də daha yüksək səviyyədə inkişaf etməsinə, təbliğinə böyük şərait yaradır, eyni zamanda da yerlərdəki istedadların bu sənətə cəlb edilməsində mühüm rol oynayır. Heç şübhəsiz  ki, Qarabağ tarixən muğamın ən yüksək səviyyədə inkişaf etdiyi bölgə olub və Qarabağdan gələn səslər muğam ifaçılığı sənətini zənginləşdirib.

Heydər Əliyev Fondunun 2010-cu ildə Füzulidə inşa etdiyi Muğam Mərkəzi Fondun həyata keçirdiyi layihələr sistemində əsas yerlərdən birini turur.

Etnoqraf-alim Ənvər Çingizoğlu bizimlə söhbətində bildirdi ki, Fondun gördüyü qiymətli işlərdən biri 2003-cü ildə muğam sənətinin UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına salınmasına nail olmasıdır. O, həmçinin, dedi ki, Heydər Əliyev Fondu ilə Azərbaycan Televiziyasının birgə layihəsi əsasında “Muğam televiziya müsabiqələri”nin ənənəvi keçirilməsi, Bakıda və bölgələrdə muğam mərkəzlərinin tikilməsi çox müsbət haldır. Beynəlxalq Muğam Mərkəzinin şəhərimizin ən gözəgəlimli və arxitektura baxımından görkəmli binası olduğunu deyən Ə.Çingizoğlunun sözlərinə görə, mərkəzin fəaliyyətə başlaması muğamın təbliğinə böyük töhfələr verdi. Xalqımızın qan yaddaşı olan muğamın qorunması və dünya çapında daha çox təbliğ edilməsi üçün böyük şərait yaradıldığını vurğulayan Ə.Çingizoğlu hesab edir ki, tarixi irsimizə verilən bu dəyərin əvəzi yoxdur. Muğam evlərində gənc nəslə muğamın tədrisi ilə bağlı şərait yaradıldığının xüsusi əhəmiyyətini vurğulayan etnoqrafın sözlərinə görə, mərkəzlərdə sinif otaqlarının olması çox müsbətdir. Muğam mərkəzlərinin konsert müəssisəsi kimi fəaliyyət göstərdiyini deyən Ə.Çingizoğlunun bildirdiyinə görə, burada təqdim edilən muğam konsertləri yerli sakinlərin asudə vaxtlarını səmərəli keçirməsinə imkan verəcək. “Azərbaycanda muğam sənətinin inkişaf etdirilməsi ilə bağlı həm dövlət başçısı tərəfindən, həm də Heydər Əliyev Fondunun təşəbbüsü ilə unikal işlər görülür. Bu günə qədər bu sahədə o qədər silsilə tədbirlər həyata keçirilib ki, saymaqla bitməz. Azərbaycanda muğam sənəti ilə bağlı həyata keçirilən layihələr Mehriban xanımın dəstəyi və yaxından iştirakı ilə gerçəkləşir. Muğam xalqımızın dünəni olduğu kimi, həm də bu günü və sabahıdır. Bakıda, Ağcabədidə, Füzulidə, Ağdamda muğam mərkəzlərinin inşa edilməsi xalqımızın bu qədim sənətinə verilən dəstəyin təzahürüdür. Bir neçə ilin içində həm muğam sənəti ilə bağlı müsabiqələrin, festivalların keçirilməsi, həm də Azərbaycanın üç rayonunda muğam mərkəzlərinin inşası, paytaxtda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi, istifadəyə verilməsi olduqca mühüm hadisələrdir”- deyə bildirən müsahibimizin sözlərinə görə, bölgələrdə də Mehriban Əliyevanın bu təşəbbüsləri təqdir edilir.

İradə SARIYEVA

Son xəbərlər